Əlaqə Arxiv
news Image
2012.05.02
21:39
| A A A
"Bakının təhlükəli radiasiya mənbəyi"
Nizami Məmmədov: «Nəvaidə bu, radiasiyalı torpağın və kömürün basdırılması üçün xüsusi yerlər qazılıb» Adil Qəribov: «Buradakı radioaktiv maddələr yod zavodunun işlənilməsi zamanı toplanmış radiaktiv kömürdür»

Elxan Axundov: "Həmin zavodun bərpası nəzərdə tutularsa, yenidən Ramanada saxlanması düzgün olmazdı"

Məlumdur ki, Bakının Ramana qəsəbəsindəki keçmiş yod zavodunun qalıqlarının qalması ilə əlaqədar bu ərazidə radiasiya fonu normadan dəfələrlə yüksəkdir, çoxdur. Elə paytaxt Bakıda ən radiasiyalı zona məhz Ramana ərazisindədir.

Bu mənada sirr deyil ki, bir zamanlar strateji sahə sayılan, "Bakı Yod" zavodu indi dinc əhali üçün problem mənbəyinə çevrilib. Bir neçə ildir ki, zavod adına uyğun olaraq fəaliyyət göstərməsə də, paytaxtın Ramana qəsəbəsində radiasiya fonu yüksək olan lokal sahə kimi qalmaqdadır. Yüksək radiasiya fonu iş fəaliyyətini dayandıran zavodun ərazisində radiaktiv kömürün qalmasındandır. Lakin artıq sözügedən ərazidə yüksək radiasiya fonunun qarşısının alınması istiqamətində işlərə başlanılıb.

"Bakı Yod" ASC - nin idarə heyətinin sədri Nizami Məmmədov bizimlə söhbət əsnasında bildirdi ki, sözügedən müəssisə 1934 - cü ildən fəaliyyətə başlayıb: "Yod müharibə vaxtı əsas strateji məhsul olduğu üçün, əsasən, yod cəbhəyə Bakıdan göndərilirdi. Zavod fəaliyyətinə başladığı gündən ən yüksək istehsalı 150 ton, axırıncı yüksək istehsalı isə 1985 - ci ildə 250 ton olub. Sonra isə bu göstərici aşağı düşüb".

İdarə sədri onu da qeyd etdi ki, belə bir zavod, amma bundan bir neçə dəfə böyük olan zavod Suraxanı ərazisində də var: "Suraxanı ilə Ramanadakı zavodların bir yerdə sahələri 12 hektar olsa da, müvafiq olaraq 8,5 və 3,5 hektar nisbətindədirlər. Ramana sahəsində radiasiya fonu nisbətən çox olduğuna görə 1993 - cü ildə zavodun fəaliyyəti dayandırıldı. Ramanadakı yod zavodu bağlandıqdan üç il sonra, yəni, 1996 - cı ildə isə Suraxanı ərazisindəki zavodun da fəaliyyəti dayandırıldı".

O, burada - kömür olan sahədə hazırda 800 milli rentgenlik radiasiya fonunun olduğunu bildirdi: "Lakin kömür olan sahədən 10 metr uzaqlıqda radiasiyanın səviyyəsi 6 - 8 dəfə aşağı düşür. Bütün bunlara baxmayaraq, əsas inzibati binamızda isə radiasiya dərəcəsi yol verilən dozada yəni, 25 milli rentgen təşkil edirdi".

Zavodun radiasiyalı maddələrdən təmizlənməsi mövzusunda idarə heyətinin sədri bildirdi ki, hələ 1995 - ci ildə Atom Energetikası üzrə Beynəlxalq Agentlik (MAQATE) zavodun təmizlənməsi haqqında sərmaya məsələsi qaldırılıb: "Odur ki, o vaxtlar bu zavodların fəaliyyəti möhtərəm prezident Heydər Əliyevin qərarına əsasən investisiya yolu ilə həll edilməli idi. İnvestorlar bura sərmaya qoymalı idilər və burada ancaq yod istehsal olunmalı idi. Çünki, bu sahələrdə xammal kimi mədən suları artıq mövcud idi. İşlərin bu qədər uzanmasına da əsas səbəb elə investorların olmaması oldu. Amma, paralel olaraq hər iki ərazidə - həm Suraxanı, həm də Ramana ərazisində təmizlik işlərinə artıq başlanılıb. Bu ilin aprel ayının əvvəlindən başlanan təmizlik işləri iki il müddətində davam edəcək. Hazırda hər iki zavodun ərazisində Fövqəladə Hallar Nazirliyinin "İzotop" Xüsusi Kombinatının və Radiasiya Problemləri İnstitutunun nümayəndələri fəaliyyət göstərir".

N. Məmmədov ərazilərdə təmizlik işlərinin necə aparılması məsələsinə belə aydınlıq gətirdi ki, zavodun sahəsi boyunca bir metr torpaq qazılacaq və qazılmış torpağın yerinə isə yeni, təmiz torpaq əlavə ediləcəkdir: "Artıq Nəvaidə bu, radiasiyalı torpağın və kömürün basdırılması üçün xüsusi yerlər qazılıb. Buradan çıxarılan bütün radiasiyalı torpaq və kömür Nəvaidəki həmin yerlərdə basdırılacaq".

Amma sədr Ramananın, yaxud da Suraxanı sahəsinin təmizləndikdən sonra, yerində nə tikilələcəyi barəsində onda məlumatın olmadığını bildirdi. Açıq Səhmdar Cəmiyyətin sədri onu da əlavə etdi ki, bu zavod tikilən vaxtlar burada yaşayış evləri olmayıb: "Buradakı evlər 2000-ci ildən sonra tikilən evlərdir. Hazırda bu yerin radiasiyadan təmizlənməsi prosesinə başlandığından, həm də əhali üçün o qədər də böyük təhlükə olmadığından yaxın ərazilərdən əhalinin köçürülməsi barəsində hələ ki, heç bir tədbir görülməyib".

Köhnə zavodun təmizlik işləri yönündə Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov qəzetimizə açıqlamasında vurğuladı ki, buradakı radioaktiv maddələr yod zavodunun işlənilməsi zamanı toplanmış radiaktiv kömürdür: "Bizim institutun və daha sonra isə Fövqəladə Hallar Nazirliyinin "İzotop" mərkəzinin apardığı tədqiqatlar nəticəsində artıq kömürün bütün ehtiyatlarının miqdarı, dərinliyə və əraziyə paylanma sahələri təyin olunub. Güman edirəm ki, indi orada aparılan təmizlənmə və yenidənqurma işləri Fövqəladə Hallar Nazirliyinin bu sahədə səlahiyyətli mütəxəssisləri tərəfindən tam şəkildə həyata keçirilə bilər. Çünki, burada heç bir problem yoxdur. Torpaq və kömürdür. Artıq onların da dəqiq yerləri və miqdarları təyin olunub. Onlar yığılıb izolasiya olunmalıdır. Zənnimcə, "İzotop" Xüsusi Kombinatının yaxınlığında belə bir anbar tikilib. Buradan daşınan radiaktiv kömür həmin ərazidə basdırılıb, təhlükəsiz olaraq saxlanılacaq. Ərazi tədqiq olunacaq və bütün normal standartlara uyğun olaraq yəni, fona uyğun şəkildə müvafiq orqanlara təhvil veriləcək. Odur ki, gələcəkdə orada heç bir radiasiya təhlükəsi qalmayacaq".

ADNA-nın Kimya texnologiyası fakültəsinin dekanı, dosent Elxan Axundov isə bildirir ki, yodu, bromu çıxardanda az miqdarda radiaktiv fon yaranır: "Amma mən hesab etmirəm ki, bu fonun böyük dərəcədə təsir gücü olsun. Onu da bildirim ki, həmin zavodun bərpası nəzərdə tutularsa, yenidən Ramanada saxlanması düzgün olmazdı. Bakı şəhərindən kənarlaşdırılması daha düzgün olardı".

Qeyd edək ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, əhali üçün orta illik yol verilən radiasiya dozası 0,001 zivertə (Ekvivalent dozanın güc vahidi olub, 1 kq maddənin 1 saniyədə udduğu enerji) bərabərdir və ya insanın bütün həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,001 zivertdən artıq olmamalıdır. Lakin radiasiya qur- ğularında işləyənlər üçün yol verilən orta illik doza bir az fərqli qiymətlərlə ölçülür. Onlar üçün yol verilən orta illik doza 0,02 zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə bərabər götürülür. Həmçinin qanunda o da öz əksini tapıb ki, əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən doza 0,05 zivertə çata bilər.

Ölkəmizdə ayrı-ayrı yüksək radiasiya fonlu lokal ərazilərin olmasına baxmayaraq, ümumilikdə respublika ərazisində radiasiya səviyyəsi təbii fon daxilində dəyişir. Mövcud fəsillərə uyğun olaraq illik orta radiasiya fonu 7-10 mkr/saat arasında qiymətləndirilir.

Mübariz Bayramov

Sizin Reklam Yeriniz