news Image
2011.11.23
19:37
| A A A
İki ölkənin ticarət dövriyyəsi ildə 250 milyon dollara çatır

Qardaş Türkiyə ilə işğalçı Ermənistan arasında diplomatik münasibətlər olmasa da qeyri-rəsmi səviyyədə ticarət əlaqələrinin mövcudluğu heç kimə sirr deyil. Elə bunun nəticəsidir ki, Türkiyə iş adamlarının Ermənistanda biznes qurmasına dair kifayət qədər faktlar mövcuddur. İndi Ermənistanda Türkiyə istehsalı olan müxtəlif mallara rast gəlinməsi adi hal kimi qarşılanır.

Hadisələrin real inkişafı isə qarşıdakı dövr ərzində bu dövlətlər arasında qeyri-rəsmi ticarət əlaqələrinin həcminin daha da artacağını istisna etmir. Bunu İrəvanda Ermənistan və Türkiyə biznesmenlərinin noyabrın 22-də öz işinə başlayan ikigünlük konfransı da təsdiq edir. Qeyd edək ki, konfrans əsnasında iki ölkə biznes strukturları arasında əməkdaşlıq haqqında memorandum imzalanacağı planlaşdırılır.

Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqından alınan məlumata görə, sənədə əsasən, diplomatik münasibətləri olmayan iki ölkə biznes dairələri arasında əməkdaşlıq yaratmaq nəzərdə tutulur. Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının təşkil etdiyi konfransda Türkiyənin müxtəlif şəhərlərindən müxtəlif biznes, o cümlədən tikinti, yüngül sənaye və filiz-mədən, zərgərlik, mebel istehsalatı və ticarət sahələrini təmsil edən işgüzar adamları iştirak edir.

İttifaqın sədri Arsen Qazaryanın sözlərinə görə, bu konfransdan sonra Ermənistan və Türkiyə biznes dairələri arasında münasibətlərin daha da inkişaf edəcəyində əmindir. O, Qars, Ərzurum, Diyarbəkir, Van, İstanbul və Türkiyənin başqa bölgələrindən 42 biznesmen gəldiyini bildirir. Arsen Qazaryanın sözlərinə görə, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin olmaması türk biznesmenlərinə ermənistanlı həmkarları ilə əməkdaşlıq etməyə, istehsal etdikləri məhsulu Ermənistan bazarlarına çıxarmağa mane olmur. "Biznes adamlarının əlaqələri olub və qalacaq, ölkələr arasında soyuqluğun və Türkiyə hökumətinin birtərəfli embarqosunu aradan qaldırılmasına kömək edəcək".

Konfransda iştirak edən və Diyarbəkirdə inşaat biznesilə məşğul olan Fırat Aslanbəy Ermənistana iki dəfə gəldiyini bildirib. O, konfransın erməni və türk biznesmenlərinə daha yaxından tanış olmağa, əməkdaşlıq yollarını müzakirə etməyə və gələcək əlaqələr haqqında razılaşmalar əldə etməyə imkan verdiyini bildirir: "Biz iş adamıyıq, bizim amacımız ticarətdir. Bu gün Ermənistanda çoxlu Türkiyə malları satılır. Mən istərdim qapılar açıq olsun, mən də daha çox mal gətirim". Onun sözlərinə görə, iki ölkə arasında olan problemlər biznes əlaqələri çətinləşdirir: "Dünyada heç bir ölkə sərhəd istəmir. Bizim sərhədlər də açıq olmalıdır. Bu gün Türkiyə Respublikası bütün qonşuları ilə problemsiz münasibətlər siyasətini yeridir. Ermənistan da qonşu ölkədir. Belə ki, ticari əlaqələrimiz mümkündür. Niyə də mümkün olmasın".

Konfransın sonunda Ermənistan və Türkiyə biznes strukturları, o cümlədən biznesmen qadınlar arasında əməkdaşlıq haqqında memorandum imzalanacağı planlaşdırılır.

Türkiyə sənayesinin məhsulları və texnologiyalarının keyfiyyəti ilə yerində tanış olmaq məqsədilə, Türkiyədə istehsal olunan məhsul nümunələrinin sərgisi açılacağı planlaşdırılır. Konfrans Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID), "Avrasiya-əməkdaşlıq" və Beynəlxalq İnsan İnkişafının vasitəçiliyi ilə keçirilir.

Xatırladaq ki, cari ilin iyulunda Türkiyə və Ermənistan biznesmenləri İrəvanda görüşüblər və qarşılıqlı ticarəti və turizmi inkişaf etdirmək haqda saziş imzalayıblar. Arsen Gazaryan isə iddia edir ki, sərhədlərin bağlı olmasına rəğmən hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 250 milyon dollardır, halbuki iki qonşu ölkə arasında birbaşa quru yolu yoxdur.

Lakin yuxarıda qeyd olunanlara rəğmən Türkiyə rəsmiləri Ermənistanla ticarət əlaqələrinin olmasını təkzib edirlər. Məsələn, təxminən 2 ay əvvəl bu məsələyə toxunarkən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirmişdi ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr olmadığı kimi, ticarət əlaqələri də yoxdur.

Ancaq səfir onu da qeyd etmişdi ki, bununla belə, dünyanın harasına baxsanız bunu aydın görmək olar ki, müxtəlif dövlətlər arasında dolayısı ilə ticarət əlaqələri var: "Rəsmi olaraq, Türkiyə ilə Ermənistan arasında bu cür münasibətlər mövcud deyil. Başqa bir ölkədən bizim mallarımız Ermənistana keçmiş ola bilər. Amma qətiyyətlə deyirəm ki, Türkiyə ilə Ermənistan arasında rəsmi olaraq heç bir ticarət əlaqəsi yoxdur". Bu fonda aydın görünür ki, Türkiyənin hələ sərhədlər açıq olmadığı şəraitdə Ermənistanla ticarət dövriyyəsi belə artan xətt üzrə inkişaf edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs