news Image
2012.04.03
19:30
| A A A
Saxta dərman problemi yenidən qabarır
Adil Qeybulla: Cümşüd Nuriyev:

Məlum olduğu kimi, bu gün Azərbaycana xaricdən kifayət qədər dərman preparatları gətirilir. Dərman preparatları həm dövlət, həm də özəl xətlə idxal olunur. Ölkəmizə dərmanlar əsasən Almaniya, Kanada, Hindistan, Rusiya və Türkiyədən gətirilir. Amma dərmanların heç də hamısı keyfiyyət standartlarına cavab vermir. Bir sıra hallarda aptekləri saxta preparatlar bürüyür.

Saxta dərmanlar isə təbii ki, insanı sağaltmaq əvəzinə, onun səhhətini daha da pisləşdirir. Son illər müvafiq qurumlar tərəfindən saxta dərmanların dövriyyədən çıxarılması istiqamətində xeyli işlər görülüb, lakin problem hələ də tam həllini tapmayıb. Bu səbəbdən hələ də saxta dərmanlar ciddi təhlükə mənbəyi olaraq qalır. Görəsən, nədən saxta dərman məsələsi hələ də öz həllini tapmayıb?

Mövcud parametrlərə uyğun olmayan saxta dərmanların qeydiyyata alınmadığını söyləyən tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, onlara müsbət rəy verildiyi təqdirdə bu artıq qeydiyyat prosesində problemlərin olduğundan xəbər verir: "Müvafiq qurumlar tərəfindən periodik olaraq dərman preparatları ilə bağlı yoxlamalar, reydlər keçirilir. Bəzən görürsən ki, vaxtı keçmiş və qeydiyyatdan keçməyən dərmanlar satışdan çıxarılıb müsadirə olunur. Amma ümumiyyətlə, dərmanların saxta olub-olmadığını yoxlamaq üçün xüsusi laboratoriyalar vardır. Azərbaycanda dərmanlar satışa buraxılmadan öncə birinci növbədə onların keyfiyyət parametrləri yoxlanılmalıdır. Beləcə keyfiyyət parametrlərinə cavab verməyən dərmanlar qeydiyyata götürülə bilməz. Ona görə də qeydiyyata götürülən dərman preparatının sonradan saxta elan olunması artıq qeydiyyat prosesinin özü haqqında şübhə yaratmış olur. Dərman təhlükəsizliyi məsələsi hər yerdə ciddi və aktual məsələ olaraq qalır. Saxta dərmanlar genefondumuz üçün ciddi məsələdir. Bu səbəbdən də dərmanlar qeydiyyata alınarkən həmin məsələyə formal tərəfdən yox, daha ciddi yanaşılmalıdır ki, vətəndaşlarımızın qəbul etdiyi dərmanlar lazımi keyfiyyət parametrlərinə cavab versin. Ən azından dərmanın üzərində göstərilən maddələrin lazımi dozada olub-olmadığına xüsusi diqqət yetirilməlidir. Bunlar çox vacib məsələlərdir. Yalnız laboratoriyada yoxlanıldıqdan sonra gətirilən dərmanlar istifadə üçün qeydiyyata götürülür və bundan sonra da dövriyyəyə daxil olur. Saxta dərman anlayışı yalnız qeydiyyata qədər olan vaxtı özündə ehtiva edir. Çünki üzərində göstərilən parametrlərə uyğun gəlməyən dərmanlar artıq saxta kimi dəyərləndirilərək qeydiyyata alınmırlar. Amma saxta dərmanlar qeydiyyata alınanlar arasından çıxarsa, deməli, qeydiyyat prosesinin özündə problemlər var".

İqtisadçı ekspert Cümşüd Nuriyev isə qeyd edir: "Saxta dərmanları gömrük komitəsi müəyyənləşdirə bilir. Orada "vahid pəncərə" sistemi tətbiq olunduğundan saxta dərmanları gömrükdən keçirmək çətindir. Çünki aksiz markası olmayan dərmanları gömrük qəbul etmir. Bütün saxta dərmanların hamısı Azərbaycanın özündə istehsal olunanlardır. Müxtəlif xarici ölkələrin markalarından istifadə etməklə əcnəbi dərman adı ilə xalqa satırlar. Məlumatıma görə, Azərbaycandakı bəzi işbazlar Çinlə əlaqə quraraq aşağı keyfiyyətli dərman istehsal etmək üçün onlardan texnoloji avadanlıq alıblar. Ölkə qanunvericiliyinə görə Azərbaycana gətirilən yeni texnoloji avadanlıqlar vergidən azaddır. Bu metod ölkəyə yeni texnikanın gətirilməsi üçündür. Lakin işbazlar bu amildən sui-istifadə edərək xaricdən gətirilən avadanlıqların bir hissəsini saxta dərman istehsalına yönəldirlər. Ən çox da bahalı dərmanları saxtalaşdırırlar. Azərbaycanda saxta dərmanlar arasında əsasən ürək-damar, xərçəng və sistem dərmanları üstünlük təşkil edir. Məsələnin çözülməsi üçün tibb sahəsinin ana qanunu, tibbi məcəllə olmalıdır".



Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs