news Image
2012.05.05
00:05
| A A A
Avtobus sürücüləri yenə minlərlə insanın həyatını təhlükəyə atır
Şəmsəddin Əliyev: "Sürücülük vəsiqəsi olmayanlara sükanı etibar edənlərin vəzifədən kənarlaşdırılması məsələsini qaldırmaq lazımdır"

Son zamanların ən çox diqqət cəlb edən hadisələrindən biri də paytaxtda bir neçə avtobus qəzasının yaşanmasıdır. Elə son üç gündə Yasamal və Sabunçu rayonunda belə qəzaların şahidi olduq. Ümumiyyətlə, son altı gündə Bakıda sərnişin avtobuslarının sürücüləri 3 ağır yol qəzası törədib.

Nəticədə də 30-a yaxın şəxs ağır xəsarət alıb. Bu xüsusda 93 saylı marşrut daha çox "canfəşanlıq" nümayiş etdirir. Belə ki, bir ay ərzində bu marşrutu idarə edən sürücülər tərəfindən üç qəza hadisəsi törədilib. Keçən ayın 18-də 93 saylı marşrut Nərimanov rayonu ərazisində qəza törətmişdi. Həmin gün Ayna Sultanova heykəlinin yaxınlığında 93 və 182 saylı avtobuslar toqquşmuşdu. Sərnişin nəqliyyatı prosesində yaranmış bu vəziyyət ondan xəbər verir ki, paytaxtda müasir standartlara cavab verən nəqliyyat sistemi işə düşsə də, xətt sahiblərilə, sürücülər hələ də müasirləşməyiblər. Onu da qeyd edək ki, yol qəzası törədən marşrut sürücülərinin böyük əksəriyyətinin sürücülük vəsiqəsi olmadan avtobusu idarə etdikləri bəlli olub. Müvafiq qurumlar da ara-sıra avtobus sürücülərinin törətdikləri yol qəzalarının qarşısının alınması və onlar arasında nizam-intizamın artırılması məqsədilə kütləvi reydlər keçirir. İki gün öncə yol polisi əməkdaşlarının şəhərin müxtəlif hissələrində 3 saat ərzində keçirdikləri reydlər zamanı verilən rəsmi məlumata görə 36 sürücülük vəsiqəsi olmadan avtobusu idarəetmə faktı aşkar edilmişdi. Eyni zamanda, idarə edilən nəqliyyat vasitəsinə məxsus qeydiyyat şəhadətnaməsinin olmaması ilə bağlı 43 fatk aşkarlanıb. Müvafiq kateqoriya olmadan avtobusun idarə edilməsinə görə 9 sürücü, avtobus dayanacaqlarından kənarda sərnişinin düşüb-minməsinin təşkilinə görə isə 16 sürücü məsuliyyətə cəlb olunub. Sözügedən vəziyyət ondan xəbər verir ki, şəhərdə hələ də çoxsaylı marşrut sürücüsü var ki, əslində onlara avtobus sürməyi etibar etmək olmaz. Lakin özəl şirkət sahibləri və sahibkarlar nədənsə buna əməl etmək niyyətində deyillər. Bu isə acınacaqlı haldır. Deməli, sürücülük hüququ və digər lazımi şərtlər olmadan onlara avtobusu etibar edənlər də burada günahkardırlar. Amma buna baxmayaraq, cəzaya yalnız vəsiqəsiz sürücülər məruz qalır. Onlara bu imkanı verənlər isə nədənsə məsuliyyətdən kənarda qalırlar. Görəsən niyə? Onlara qarşı nə kimi cəza tədbirləri atılmalıdır ki, vəsiqəsi olmayanlara sərnişin avtobuslarını etibar etməkdən əl çəksinlər?

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirdi ki, sürücü vəsiqəsi olmadan avtobusların idarə olunmasına yol verməmək üçün ilk öncə, sürücülərin hüquqi cəhətdən maarifləndirilməsi vacibdir: "Bəzi avtobus sürücülərinin qanunlara hörmətsizlik, dövlət yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq, sərnişinləri aşağılamaq, marşrutdan kənar çıxmaq və sürət həddini aşma kimi hərəkətləri cəmiyyətdə onlara münasibətdə neqativ əhval-ruhiyyə yaradıb. Belə sürücülərin bir çoxlarının da sürücülük vəsiqəsi yoxdur. Lakin maraqlıdır ki, həmin sürücülər cəzalansalar da, səhərisi yenə də sükan arxasındadırlar. Nəticədə də belə vəziyyət yol hərəkət qaydalarının pozulması, sərnişinlərin xəsarət alması və ölməsi hallarının çoxalmasına gətirib çıxarır. Sərnişinlərə qarşı kobud davranmaq, yüksək tonla danışmaq da avtobus sürücüləri arasında nədənsə dəb halını alıb. Sürücülük vəsiqəsi olmadan sərnişin nəqliyyatının idarə olunmasına yol verməmək üçün birinci növbədə, sürücülük mədəniyyəti artırılmalıdır. Sürücünün mədəniyyəti, əxlaqı yüksək olmalı, o bilməlidir ki, avtobusda daşıdığı sərnişinlərin həyatı və hissiyyatı ilə oynamaq yolverilməzdir. Ona görə də sürücülərin hüquqi cəhətdən maarifləndirilməsinə geniş ehtiyac var. Hətta hüquqi maarifləndirmə prosesində marşrut avtobuslarının sahibləri də iştirak etməlidir ki, onlar xəttə sürücü qismində kimləri buraxmalı olduqlarını anlasınlar. Amma məsələ ondadır ki, maarifləndirmə işləri Azərbaycan şəraitində o qədər də effekt vermir.

Ona görə də bizdə cəzanın sərt olması vacib şərtdir. Vəsiqəsi olmayan sürücülərə və onları xəttə buraxılmasına rəvac verən marşrut sahiblərinə qarşı iri həcmli, hətta ayıq maaş səviyyəsində belə cərimələr tətbiq olunmalıdır ki, onlar məsuliyyətli olmalı olduqlarını dərk etsinlər". Həmsöhbətimiz qeyd etdi ki, sürücü vəsiqəsi olmayanlara sərnişinlərin taleyini etibar edənlərin vəzifədən uzaqlaşdırılması kimi ən qəti addımlara da gedilə bilər: "Marşrut sahiblərinin bəzilərinin yüksək çinli insanlar olması səbəbindən sürücülük vəsiqəsi olmayanlara avtobusu etibar etmələrinə rəğmən onlara qarşı cəzalar tətbiq edilmir. Əslində vəzifələrindən sui-istifadə halı kimi onlara qarşı hər hansı bir cəza və inzibati məsuliyyətə cəlb etmək mümkündür. Belə sahibkarlara töhmət verilə, sanksiya tətbiq oluna bilər. Hətta düşünürəm ki, kifayət qədər ağır hallarla nəticələnən hallarda sürücülük vəsiqəsi olmayanlara sükanı etibar edənlərin vəzifədən kənarlaşdırılması məsələsini qaldırmaq lazımdır". Ş. Əliyevin fikrincə, vəsiqəsiz sürücülərə avtobusu etibar etməyə qarşı ictimai qınaq da təşkil olunmalıdır ki, buna yol verənlər prosesdən vaz keçsinlər: "Sərnişinlər sürücünün sürətlə sürməsi, yoldan kənara çıxması, harda gəldi saxlamasına qarşı etirazını bildirməlidir. Amma bizdə bəzən görürük ki, polis qaydanı pozan avtobusu saxlayanda ictimai qınaq yersiz yerə məhz polisə qarşı yönəlir. Sərnişinlər sürücünün neqativ əməlinə etirazını bildirsə, şübhə yoxdur ki, sürücü hərəkətlərinə korrektə etməli olacaq".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs