news Image
2012.04.03
18:26
| A A A
Qəzetlər hələ də reklam sarıdan korluq çəkirlər
Ekspertlər mətbuat vergisinin tətbiqi şəraitində çap mediası üçün reklam bazarının canlana biləcəyini proqnozlaşdırırlar İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. MDB ölkələri sırasında bu sarıdan daha çox inkişaf isə qonşu Rusiyada qeydə alınır. Burada təkcə televiziyalar yox, qəzetlərdə verilən reklamların həcmi il ərzində 10 milyonlarla dollar həcmində ölçülür. Təbii ki, bütün bunlar qəzetlərin inkişafında kifayət qədər müsbət rol oynayır.

Azərbaycanda sözügedən sahədə vəziyyətə gəlincə, təəssüf ki, bu sahədə hələ lazımi inkişaf nəzərə çarpmır. Daha doğrusu, qəzetlərin əksəriyyəti hələ də reklam sarıdan ciddi korluq çəkirlər. Əsas səbəb isə potensial reklamçıların qəzetlərlə işləməkdən yayınmasıdır. Araşdırmalar göstərir ki, burada əsas günahkar tərəf kimi özəl sektor özü çıxış edir. Belə ki, özəl sektor KİV-lə, xüsusən də qəzetlərlə işləməkdə o qədər də maraqlı deyil.

Yaranmış vəziyyətdə dövlət mətbuatın maliyyə problemlərinin həllinə yardım məqsədilə məqsədyönlü siyasət həyata keçirir və KİV-ə Dəstək Fondunun yaradılması bunun real təzahürüdür. Bununla belə hesab edilir ki, mətbuatın maliyyə imkanlarını genişləndirməsi yalnız dövlət ayırmaları ilə reallaşmamalıdır. Özəl sektor da mediada öz reklamlarını bərabər şəkildə yerləşdirməklə bu prosesdə yardımçı ola bilər.

Daha bir vacib nüans reklamverici şirkət və müəssisələrin elektron və çap media vasitələri arasında fərq qoymasıdır. Danılmaz həqiqətdir ki, medianın müstəqilliyinin təminatında mühüm rol oynayan reklam bazarı hələ də yazılı mətbuatın üzünə qapalı xarakter daşıyır. Hesablamalara görə, hazırda medianın illik reklam büdcəsi təxminən 40 milyon manat təşkil edir. Lakin bu qədər vəsaitdən yazılı medianın reklam gəlirləri heç 2 milyon manata çatmır.

Aydındır ki, bu gün elektron medianın mətbuata nisbətən 19-20 dəfə çox reklam verməsi bu sahədə anormal bir durumun göstəricisi kimi qəbul oluna bilər. Halbuki Qərb dövlətlərində vəziyyət tamamilə fərqlidir. Təkcə bir fakta diqqət yetirək. Qlobal maliyyə böhranının özünün zirvə nöqtəsinə çatdığı 2009-cu ilin birinci rübündə ABŞ-ın çap və onlayn qəzetlərinin reklam gəliri 6,6 milyard dollar olub. Ekspertlər hesab edir ki, Azərbaycanda da qəzetlərin əsas gəlirləri məhz reklamlardan gəlməlidir. Açıq iqtisadiyyata malik ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışdan əldə etdiyi gəlirlərdir. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85%-i reklamlardan, 15%-i isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycan mətbuatının isə bu gün ciddi reklam problemi var.

Hesablamalara görə, ölkəmizdə adambaşına təqribən 3,5 reklam dolları düşür. Baltikyanı ölkələrdə bu rəqəm adambaşına 42 dollar, ABŞ-da isə 950 dollar təşkil edir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, hesablamalar son illər Azərbaycanın reklam bazarının böyüməkdə olduğunu göstərir. Lakin reklamvericilər, nədənsə, qəzetlərlə işləməkdən çəkinir.

Onu da qeyd edək ki, bu sahədə qanunvericilikdə də müəyyən çatışmazlıqlar var. Belə ki, mövcud qanunvericiliyə görə, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilmir. Belə olan halda şirkətlər mətbuata reklam verməkdə maraqlı olmur. Təbii ki, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilsə, şirkətlər özləri mətbuata reklam verməkdə maraqlı olacaqlar. Hər halda, qeyd olunan məsələlərin konkret həllini tapması vacib şərtlərdən biri kimi çıxış edir. Xatırladaq ki, bundan öncə İqtisadi və Sosial İnkişaf Mərkəzi bu sahədə maraqlı təkliflərlə çıxış edib. Söhbət Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi mətbuat vergisinin tətbiqindən gedir. Mətbuat vergisinin tətbiqi şirkətlərə ödədikləri verginin bir hissəsini istədiyi mətbu orqana yönəltməyə imkan verir. Belə bir tədbir ilk dəfə Polşada tətbiq edilib. Polşa qanunvericiliyinə görə, hər bir şirkət dövlət büdcəsinə ödəyəcəyi mənfəət vergisinin 2 faizini sərbəst şəkildə hər hansı mətbu orqana ödəyə bilər. Bu zaman şirkət mətbu orqanı seçməkdə müstəqildir. Həmin vergini birbaşa mətbu orqanın bank hesabına köçürə bilər. Şübhəsiz ki, belə sistemin Azərbaycanda da tətbiqi daha məqsədəuyğun olardı. Azərbaycanda mənfəət vergisinin 20 faiz olduğunu xatırladan ekspertlər mətbuat vergisinin tətbiqinin yazılı medianın inkişafını sürətləndirən amillərdən sayırlar.

Hesab olunur ki, yaranmış vəziyyətdə özəl sektorun yazılı mediada reklam verməsini stimullaşdırmaq üçün zəruri addımlar atılmalı, lazım gələrsə, bu sahədə müvafiq konsepsiya hazırlanıb həyata keçirilməlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs