news Image
2012.05.08
10:45
| A A A
Bu gün Şuşanın işğal günüdür - FOTOLAR

Mövqe.az xəbər verir ki, bu gün Şuşanın işğal günüdür. Azərbaycanda, keçmiş DQMV ərazisində yerləşən şəhər 1992-ci ilin 8 mayında işğal olunub. Qədim dövrlərdə bəzən Pənahabad da adlandırılan şəhərin ərazisinin çox hissəsi dağlıqdır.


Ermənistan ordusu tərəfindən şəhərin işğalı əməliyyatı

Nankor qonşularımız tərəfindən qəsb edilən şəhərin kütləvi şəkildə artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. Tarixi faktlar göstərir ki, 11 min erməni əskərinə cox az sayda Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralındı 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

"Turan" Agentilyinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tadevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib. Agentilik bildirir ki, ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıb və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və ordu şəhəri tərk edib. Şuşanın işğalı zamanı bir neçə yüz dinc sakin yaralanıb və həlak olub. Yüzlərlə insan əsir və itkin düşüb.


Şuşanın işğalında Rusiyanın rolu

Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran başçısının vasitəçiliyilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Agentilk ekspertlərə istnadən yazır ki, Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub. Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər.

1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A.Mütəllibov devrildi.


İşğalın nəticələri

289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Təxmini hesablamalara görə beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.


Tural QABİLOĞLU