Əlaqə Arxiv
news Image
2012.05.08
20:31
| A A A
BSU ŞAGİRD-TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRDİ

Movqe.az xəbər verir ki, mayın 8-də Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları işığında" mövzusunda ənənəvi Şagird-Tələbə Elmi Konfransı keçirildi.

Konfransa Bakı məktəbliləri və tələbələrlə yanaşı, Mingəçevir, Şəki, Beyləqan və Ağcabədi rayonlarında məskunlaşan Laçın, Zəngilan, Cəbrayıl, Ağdam rayon qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri cəlb edilmişdi. Qeyd edək ki, qaçqın məktəblərinin şagirdlərinə Bakı Slavyan Universitetinin xüsusi diqqəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsinə dair" mühüm sosial siyasətinə xidmət edir.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. K.Abdullayev Universitet alimlərinin konfransdan öncə qaçqın məktəblərində olduqlarını, şagirdlərin elmi işlərinə rəhbərlik etdiklərini vurğuladı. O, bildirdi ki, Bakının qabaqcıl lisey və məktəblərini təmsil edən istedadlı şagirdlərlə yanaşı, müxtəlif bölgələrdə yerləşən qaçqın məktəbləri şagirdlərinin konfransda iştirakı olduqca vacibdir: "Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugünki milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq" – deyə rektor söylədi.

Konfransın işi "Azərbaycan dili və ədəbiyyatı", "İctimai elmlər", "Təhsil və mədəniyyət", "İqtisadiyyat", "Xarici dillər. Tərcümə" bölmələri üzrə təşkil olunmuşdu. Bakı məktəbliləri, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı, xarici dillərdə də məruzələrlə çıxış etdilər.

Laçın, Zəngilan, Ağdam, Cəbrayıl rayonlarından gəlmiş şagirdlər BSU-nun professor-müəllim heyəti, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.

Konfransın sonunda BSU Məktəb-Lisey Kompleksi, BDU nəzdində "Gənc istedadlar" liseyi, Heydər Əliyev adına MTK, Bakı Avropa Liseyi, 190 saylı və s. məktəbin şagirdləri, universitetin tələbələri, eləcə də qaçqın məktəblərindən olan istedadlar fərqləndikləri üçün diplom və hədiyyələrlə mükafatlandırıldılar.


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz