Əlaqə Arxiv
news Image
2012.05.08
20:35
| A A A
Mətbuat Şurası «Dönüşdən qurtuluşa» kitabının təqdimatını keçirdi

Movqe.az xəbər verir ki, bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevin "Dönüşdən qurtuluşa" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimi açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, "Dönüşdən qurtuluşa" kitabının məğzini F.Ağmirzəyevin SSRİ-nin hələ dağılmadığı 1991-cı ildə ümummilli lider Heydər Əliyevdən Naxçıvanda götürdüyü və Saatlı rayonunun "Dönüş" qəzetində dərc etdirdiyi müsahibə təşkil edir. Həmin müsahibədə H.Əliyevin həyat və siyasi fəaliyyətinin ən çətin, oxucular üçün indiyədək məlum olmayan məqamları açıqlanıb. Naməlum vəziyyətdə olan məmləkətin gələcək taleyi ilə bağlı dahi siyasətçinin fikirləri öyrənilib. "Dönüş" qəzetində şöbə müdiri işləyən jurnalistin Dağlıq Qarabağ və ikiyə bölünmüş Azərbaycanın sabahı ilə əlaqədar sualları cavablandırılıb.

Müəllif F.Ağamirzəyev çıxış edərək müsahibənin hazırlandığı dövrün xarakterik xüsusiyyətləri barədə məlumat verib. H.Əliyevlə Naxçıvandakı görüşünü xatırlayan jurnalist-hüquqşünas müsahibinin Azərbaycan tarixində misilsiz rol oynayan şəxsiyyət olduğundan fəxr duyduğunu vurğulayıb. "Biz Heydər Əliyevin müasirləri onunla birgə yaşadığımız günləri, hadisələri həyatımızın ayrılmaz hissəsi kimi yaddaşımıza həkk etmişik. Bu tarix hər birimizin taleyini əhatə etdiyindən hər kəsin söyləməyə sözü var", - deyən F.Ağamirzəyev müsahibənin bir yaddaş toplusu kimi kitab şəklində ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərli çıxışında bildirib ki, həmin vaxt ümummilli lider Heydər Əliyevlə görüşmək və ondan müsahibə götürərək qəzetdə vermək böyük cəsarət tələb edirdi. Bu mənada F.Ağamirzəyevin necə böyük iş gördüyünü təsəvvürə gətirmək elə də çətin deyil.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müəllifin Heydər Əliyev barədə həqiqətləri ortaya qoymaq, o günlərin ən vacib, bu gün də aktuallığını saxlayan suallarına tarixi cavablar axtarmaq istəyini böyük hadisə, vətənə, torpağa xidmət nümunəsi kimi dəyərləndirib.

"Dönüşdən qurtuluşa" kitabına görkəmli naşir, fədakar ziyalı Əjdər Xanbabayevin siyasi qətli ilə bağlı Heydər Əliyevin istintaqa verdiyi geniş izahat, Sov İKP üzvlüyündən çıxmaq barədə bəyanatı da daxil edilib. Bu məqamlara diqqət yetirən Ə.Xanbabayevin qızı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin müəllimi Afət Xanbabayeva ağır şəraitdə F.Ağamirzəyevin aldığı və yayımladığı müsahibəni böyük fədakarlıq nümunəsi kimi qiymətləndirib. O, Heydər Əliyev şəxsiyyəti ilə yaxından əlaqəsi olan bu cür insanların ortaya qoyduqları əsərlərin böyük tarixi əhəmiyyət daşıdığını deyib.

Uzun müddət Heydər Əliyevi xarici səfərlərdə müşaiyət etmiş jurnalist Səyyad Ağbabalı bildirib ki, nadir zəkası, polad iradəsi və əzmi ilə bəşəriyyəti heyrətləndirən bənzərsiz siyasətçinin xalqı qarşısındakı xidmətlərindən çoxsaylı kitablar yazılıb, yazılır və yazılacaq. Bu kitab isə böyük insanın müasiri və müsahibi olan jurnalistin yaradıcılıq məhsulu kimi böyük dəyərə malikdir.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında bildirib ki, F.Ağamirzəyev "Dönüş" qəzetinin 3 nömrəsində ardıcıl olaraq Heydər Əliyevlə müsahibəni verməklə gərgin bir vaxtda mühüm missiya yerinə yetirmiş, informasiya blokadasının yarılmasında müstəsna rol oynamışdı.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Cavanşir Cahangirov tələbəlik yoldaşı olan F.Ağamirzəyevin 21 il əvvəkli əməyinin tarixi mahiyyət daşıdığını vurğulayaraq bu barədə ayrıca kitabın hazırlanmasının daha əvvəldən lazım olduğunu vurğulayıb. O, nəşrin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürünü yetirib.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin təmsilçisi Mətləb Səfərli ümumilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyət dövrü ilə bağlı faktların əksini tapdığı kitabların Daimi Nümayəndəliyin daim diqqət mərkəzində olduğunu söyləyib. Bu baxımdan təqdimatı keçirilən nəşrin əhəmiyyətinə toxunan M.Səfərli dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi H.Əliyevin həyat və yaradıcılığının müxtəlif aspektlərini əks etdirən hər bir nümunənin böyük dəyərə malikliyini bildirib.

"Xalq qəzeti"nin əməkdaşı Namiq Əliyev təqdimatı keçirilən kitabın mətninin ingilis və rus dillərində də hazırlandığına diqqət çəkib. O, bir müddət öncə Gürcüstana səfəri çərçivəsində nəşrin rus dilində olan bir nümunəsini ölkənin eks-prezidenti Eduard Şevarnadzeyə təqdim etdiyini deyib. Əlavə edib ki, sonradan köməkçisi zəng edərək "Dönüşdən qurtuluşa"nın sabiq dövlət başçısında böyük təəssürat yaratdığı barədə məlumat verib, təşəkkürünü çatdırıb. Bu, bir daha onu təsdiqləyir ki, kitab faktların zənginliyi, tarixi dövrün xüsusiyyətlərinə aydınlıq gətirilməsi nöqteyi-nəzərdən mühüm səciyyə daşıyır.

"Dönüşdən qurtuluşa" kitabının redaktoru, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu dərin təəssürat zənginliyi ilə seçilən, ciddi maraq doğuran nəşrin ümummilli lider Heydər Əliyevin həyatının iki taleyüklü dövrü arasındakı zaman kəsiyindən soraq vermək baxımından vacibliyini önə çəkib. O, kitabı məhz Heydər Əliyev şəxsiyyəti böyüklüyünün məhsulu kimi dəyərləndirib.

Qeyd edək ki, "Dönüşdən qurtuluşa" kitabı bu il "Adiloğlu" Nəşriyyatından çapdan çıxıb.


Tural QABİLOĞLU


Sizin Reklam Yeriniz