news Image
2013.07.03
07:26
| A A A
Azərbaycan Ermənistanla distansiyalı müharibə aparacaq
Ölkəmizin aldığı yeni silahları dəyərləndirən ekspertlər bu fikirdədirlər

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Ermənistanın özünə də böyük zərər vurması danılmaz həqiqətdir. Bu ölkənin məhz işğalçılıq siyasətinə görə, bütün regional layihələrdən təcrid olunması, iqtisadi izolyasiyasının dərinləşməsi artıq Ermənistanın özündə də fəlakət kimi qəbul olunur.

Elə bunun nəticəsidir ki, Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzoyan "Frans 24" peyk kanalına verdiyi müsahibədə "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi" ilə bağlı "qeyri-müəyyən ümidlər" ifadəsini işlədib. O həmçinin Dağlıq Qarabağı ermənilərin təbirincə "azad edilmiş torpaqlar" yox, "bufer zona" adlandırıb. Həmçinin, Dağlıq Qarabağın yenidən Azərbaycanın tərkibinə qayıtmasının mümkünlüyünü bildirib. Düzdür, bu fikirlərinə görə o, indi müxtəlif təzyiqlərə məruz qalır. Lakin Ermənistanın özündə getdikcə daha çox adam dərk edir ki, Qarabağ münaqişəsinin həllinin uzanması onların özünə böyük zərər vurur.

Digər tərəfdən onu da yaxşı bilirlər ki, əgər Azərbaycan ərazilərini hərb yolu ilə azad etsə, onda Ermənistan daha böyük fəlakətlə üzləşməli olacaq. Rusiyalı hərbi ekspert, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko da müharibədə Azərbaycanın birmənalı şəkildə qalib olacağını vurğulayır. Onun sözlərinə görə, elə ötən ay Bakıda keçirilən parad Azərbaycan Ordusunun artan imkanlarının təsdiqi oldu: "Etiraf etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Silahlı Qüvvələrinin güclənməsi, döyüş imkanlarının artırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan yeni, müasir silahlar alır".

Azərbaycanın böyük kalibrli raketlər, özüyeriyən artilleriya, taktiki raketlər almasına diqqət çəkən bəzi ekspertlər isə bildirir ki, Bakı Ermənistanda distansiyalı müharibə aparmaq niyyətindədir. Məqsəd isə hərbi əməliyyatların gedişində daha az itkiyə nail olmaqdır. İqor Korotçenko da Azərbaycanın Ermənistanla distansiyalı müharibə aparmasını mümkün sayır. Azərbaycanın Rusiyadan yeni partiya silah almasına dair məlumatlar yayıldıqdan sonra bu məsələ daha da aktuallaşıb. Xatırladaq ki, bu günlərdə şimal qonşumuzun media orqanlarında yayılan məlumata əsasən, Rusiyadan Azərbaycana 1 milyard dollar civarında silahın daşınmasına başlanıb. Söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), "Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu (18), "Smerç" yaylım atəşli reaktiv sistem divizionu (18), "Vena" özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A "Solnsepek" ("Buratino" sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir. Tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınlar, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınları alınıb. Bununla yanaşı, tanklar və artilleriya sistemi üçün müqavilədən əlavə opsionlar, xüsusilə 94 T-90S üçün opsion var.

"Svobodnaya pressa"da yenidən bu mövzuya toxunan Andrey İvanov bir daha qeyd edir ki, Rusiya Azərbaycana iri partiya silah göndərib və Ermənistanda bu fakt narahatlıq doğurub. Müəllif xatırladır ki, bütün bunlar o fonda baş verir ki, Dağlıq Qarabağla bağlı münaqişə davam etməkdədir: "Bakı ilə İrəvan arasında gərgin qarşıdurma artıq iyirmi ilə yaxındır səngimək bilmir... Azərbaycan rəhbərliyinin bəyanatları Bakının əbəs yerə ümid etmək niyyətində olmadığından və ərazi bütövlüyünü bərpa etmək əzmində olduğundan xəbər verir. Azərbaycana tədarük edilən silah bu ölkəni fəal hərəkətlərə sövq edə bilər… Eyni zamanda, Ermənistanın coğrafi vəziyyəti çox ağırdır. Onun Türkiyə və Azərbaycanla sərhədləri çoxdan bağlıdır. Gürcüstan ərazisi üzərindən tranzitlə bağlı da böyük problemlər mövcuddur. Belə olan halda, Azərbaycan Ermənistanı daha mürəkkəb vəziyyətə qoyur".

Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal da qeyd edir ki, Dağlıq Qarabağda müharibə hər an başlaya bilər: "Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir". Mmükün müharibə isə Azərbaycan ərazilərinin işağldan azad olunması ilə yanaşı, Ermənistanın daha böyük itkilərlə üzləşməsi demək olacaq.