Əlaqə Arxiv
news Image
2013.07.04
08:12
| A A A
Müxalifət fəalları yenə ermənilərlə isti münasibətdədirlər
QAT: «Bu cür antimilli gənclərin yetişdirilməsinin məsuliyyəti partiya rəhbərlərinin üzərinə düşür» Əli Pənahov: “Azərbaycan müxalifəti Ermənistanla əlaqələrin tam bərpasına hazırdır”

Niyaməddin Orduxanlı: "Bu gün Azərbaycan gəncliyi o mərhələdə deyil ki, erməni ilə oturub, badə qaldırıb, erməni gənci ilə ziyafət təşkil etsin"

Məlumdur ki, iyunun 29-30-da Niderland "Çoxpartiyalı Demokratiya İnstitutu"nun təşkilatçılığı ilə Gürcüstan parlamentində "Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumu" keçirilib. Forumda Azərbaycanı bir neçə siyasi partiya təmsil edib ki, orada da müxalifətdən olan üzvlərimiz ermənilərlə isti münasibətlərilə yadda qalıblar.

Belə ki, forumda iştirak edən Ədalət Partiyasının üzvü Bəxtiyar Həmidov bildirib ki, forumda iştirak edən AXCP, Müsavat və Ümid partiyalarının nümayəndələri ermənilərlə dostluq münasibətləri fonunda danışır, onlara isti münasibət göstərirdilər. "Ədalət"çi gəncin sözlərinə görə, 3 sessiyadan ibarət forumun üçüncü sessiyada Azərbaycandan bəzi müxalifət partiyalarının gəncləri Ermənistanla barışıq əldə olunmasını, onlarla dostluq münasibətlərinin qurulmasını müdafiə edən çıxışlar etdilər. Xüsusilə Müsavat, AXCP, Ümid partiyalarının nümayəndələri bu kontekstdən çıxış edirdilər: "Forumun sonunda qeyri-rəsmi ziyafət təşkil edilib. Bir sıra azərbaycanlı gənclər ermənilərlə qədəh-qədəhə vurur, rəqs edir, bir sözlə, əylənirmişlər. Adını da qoymuşdular ki, düşməni məhv etmək üçün onunla dost olmaq lazımdır".

Forumda iştirka edən YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Əli Pənahov da "Mövqe"yə açıqlamasında hadisələri təsdiqlədi: "Tədbirdən sonra təşkliatçılar tərəfindən 3 ölkənin gənc siyasətçilərinin bir stolda əyləşmələri təklif olundu. Hər stolda Azərbayan, Ermənistan və Gürcüstanın gənc siyasətçiləri oturmalı idilər. Orda müxalifətçi gənclər ermənilərlə bir stolda əyləşdilər və bir-birilə qədəh qaldırır, içki içdilər. Görünən o idi ki, münasibətlər isti müstəviyə keçmişdi. Hətta bir yerdə rəqs də etdilər. Müxalif gənclərin hamısı onlarla əyləşmişdi. Biz isə Hollandiya nümayəndəsi ilə əyləşmişdik".

Əli Pənahov əlavə etdi ki, müxalif gənclərdən edilən hərəkət xoş bir hadisə deyil: "Çünki, Ermənistan Azərbaycan üçün təcavüzkar bir ölkədir. Onlarla bu cür isti münasibətlər Azərbaycan gəncinə yaraşmayan bir formatdır. Təbii ki, onlar arqument gətirirdilər ki, biz aqressiya formasında yanaşmaq istəmirik: "Hər cür danışıqlara hazırıq kimi formatını yaratmaq istəyirik". Amma bu, Azərbaycan tərəfindən qəbuledilməz bir haldır.

Hətta Müsavat Partiyasının təmsilçisi belə bir çıxış etdi ki, Azərbaycanda ermənilərlə əlaqəsi olan yeganə bizim partiyadır. O söylədi ki, biz ermənilərlə hər bir işə hazırıq. Hətta Ümid Partiyasından olan gənc dedi ki, biz Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasını da istəyirik. Bu da onu düşünməyə əsas verir ki, Azərbaycan müxalifəti Ermənistanla əlaqələrin tam bərpasına hazırdır. Amma hər bir əmədaşlıq haqqında düşünmək, ilk öncə ərazi bütövlüyünün bərpasından və qaçqınların torpaqlarına geri qaytarılmasından sonra müzakirə mövzusu ola bilər".

Müxalif gənclərin bu hərəkətləri digər partiya və təşkilatlar tərəfindən də qınağa səbəb oldu.

Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirir ki, buna biabırçılıqdan başqa nəsə ad vermək olmaz: "Əgər bu hadisə baş verib və onlar bunu açıq şəkildə etiraf edib mətbuata çıxarırlarsa, sadəcə, utancgətirici hadisədir. Bu, nə Azərbaycanın milli maraqlarına cavab verir, nə də Azərbaycan gəncliyinin adına yazıla bilər. Bu gün Azərbaycna gəncliyi o mərhələdə deyil ki, erməni ilə oturub badə qaldırıb, erməni gənci ilə ziyafət təşkil etsin. Bu gün Azərbaycanın ərazisi işğal alındadır. 30 mindən artıq şəhidi var. Bu, o deməkdir ki, erməni Azərbaycanın 30 min gəncini qətlə yetirib. Yəni, bu, bütövlükdə həmin şəhidlərin ruhuna hörmətsizlikdir. Belə addımı atılmamalı idi. Bu gün biz erməni ilə süfrədə yox, səngərdə üz-üzə gəlməliyik. Harada olursa olsun, biz mövqeyimizi kəskin bildirməlik ki, biz sizlə səngərdə görüşəcəyik. Badə yox, əlimizdə silahla üz - üzə gələcəyik".

Müavin onu da əlavə etdi ki, orada iştirak edən partiya gənclərinin mövqeyi Azərbaycan gəncliyinin mövqeyi deyil: "AXCP sədri Əli Kərimlinin bir zamanlar Avropa Komissiyasında verdiyi bəyanatı xatırlatmaq istərdim. O bildirmişdi ki, Qafqazda sülhün təminatı demokratik qüvvələrin hakimiyyətə gəlməsindən keçir. Bu adam açıq şəkildə mesaj verirdi ki, məni hakimyyətə gətirin, mən Dağlıq Qarabağı problemini sülh yolu ilə həll edim. Yəni, indiki hakimiyyət hakimiyyətdə qalsa, müharibə yolunu seçə bilər, mesajını vermişdi. Sədr olan kəs - Əli Kərimli belə bir bəyanat verirsə, təbii ki, onun gənci gedib erməni ilə bir ziyafətdə çörək də yeyə bilər. Bu, hakimyyətə gəlmək istəyən radikal müxalifətin bir yanaşmasıdır. Ancaq Azərbaycan gəncliyi erməniyə nifrət hissi ilə yaşayır. Torpağımızı geri qaytarmayana qədər ziyafət, qonşuluq siyasəti ola bilməz".

Məsələyə Qarabağa Azadlıq Təşkilatı da (QAT) sərt münasibətini bildirərək, bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu gənclərin tədbirdə Azərbaycanın milli maraqlarına zidd hərəkətlər etməsi ilə bağlı məlumatlar ciddi narahatlıqlar doğurur: "Adları çəkilən partiyaların rəhbərləri bu məsələni dərhal araşdırmalı və cəmiyyətə açıqlama verməlidirlər. Əgər deyilən faktlar təsdiqini taparsa, həmin gənclər ciddi şəkildə cəzalandırılmalıdır. Biz narahatlıqla bildiririk ki, bəzi partiyaların apardığı yanlış siyasət bu cür antimilli gənclərin yetişməsinə şərait yaradır. Avropanın, Qərbin hansısa məsələdə dəstəyini qazanmaq, maliyyə əldə etmək naminə milli maraqlara biganəlik, ermənilərlə dostluq cəhdləri yolverilməzdir. Bu cür hərəkətləri milli maraqlara, torpaqlarımızın işğaldan azad olunması işinə xəyanət və təslimçilik mövqeyi kimi dəyərləndiririk. Bu cür antimilli gənclərin yetişdirilməsinin məsuliyyəti partiya rəhbərlərinin üzərinə düşür. Bu partiyalar ya antimilli platformada olduqlarını etiraf etməli, ya da mövqelərində düzəliş etməlidirlər".

Sizin Reklam Yeriniz