news Image
2013.07.04
07:25
| A A A
Azərbaycan Ordusu ermənilərə üç istiqamətdə zərbə endirəcək
Ermənilərin Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirmək üçün isə nə resurs, nə də potensialları var

Cəbhə bölgəsində atəşkəsin pozulmasının artıq adi hala çevrilməsi və bunun indi cəmiyyətdə sıradan bir informasiya kimi qəbul olunması danılmaz həqiqətdir. Ermənilərin pozduğu atəşkəsə hər dəfə Azərbaycan Ordusu layiqli cavab verir.

Yeri gəlmişkən qeyd edək ki, erməni silahlı bölmələri iyulun 2-də və 3-də Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Şirvanlı, Şıxlar, Cəvahirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ekspertlər isə bildirir ki, atəşkəs hallarının hər an genişiyqaslı müharibəyə çevrilmək ehtimalı kifayət qədər yüksəkdir. Mümkün müharibəəd isə Ermənistanın məğlubiyyəti qaçılmaz sayılır. Çünki bütün resurslar baxımından Azərbaycan birmənalı şəkildə Ermənistan üzərində böyük üstünlüyə malikdir. Məsələn, Azərbaycanın əhalisi 9 milyondan artıqdır və bu Ermənistanın real əhalisindən 6 dəfəyədək çoxdur. Çünki Ermənistanda indi heç 1,5 milyon insan yaşamır. Ordunun say tərkibi, təminatı baxımından da fərq böyük üstünlüklə Azərbaycanın lehinədir. Digər tərəfdən Azərbaycanda elə müasir tip silahlar var ki, onlardan Ermənistanda yoxdur. Politoloq Zərdüşt Əlizadə isə "Vesti" portalına açıqlamasında bildirir ki, müharibə başlasa, Azərbaycan ordusu üç istiqamətdə ermənilərə zərbə endirəcək. Birinci istiqamət İranla olan sərhəd zolağı boyunca olacaq. Laçın istiqamətində Füzuli, Cəbrayıl, Zəngilandan Qubadlıya, ikinci istiqamət Ağdamdan Xocalı, Əskəran, Xankəndiyə, üçüncü istiqamət isə şimaldan - Murovdağdan Kəlbəcərə olacaq: "Ermənistanın bu üç istiqamətdə vuruşmaq üçün resurslarının olmasına isə mənim böyük şübhəm var". Rusiya hərbçilərinin Ermənistana mümkün köməyinə gəlincə, politoloq qeyd edib ki, Moskva əgər Ermənistan ərazisinə hücum olunarsa, onları qorumaq öhdəliyi götürüb. Ancaq hərbi əməliyyatlar beynəlxalq aləm tərəfindən tanınan Azərbaycan ərazisində baş tutacağından Rusiya Ermənistana dəstək verə bilməyəcək. Onun sözlərinə görə, Gümrüdə yerləşən Rusiya bazasına gəlincə, o, sadəcə erməni ordusu ilə gündəlik əlaqə və erməni generalları vasitəsilə Ermənistanın siyasi elitasına nəzarət etmək üçün saxlanılır. Daha Azərbaycan və ya Türkiyəyə qarşı müharibə aparmaq üçün yox.

Yeri gəlmişkən xatırladaq ki, əslində, ermənilərin də Rusiyaya ümidləri böyük deyil. Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyan Rusiyanın Azərbaycana böyük həcmdə silah satışına fonunda məsələyə münasibət bildirərkən qeyd edib: "Rusiya ermənilərə qarşı yeni soyqırımı hazırlayır". Karapetyan bu silahların minlərlə erməninin məhvinə yönəldiyini ifadə edib: "Düşünmürəm ki, Rusiya silah sataraq Cənubi Qafqazda balansa riayət etməyə çalışır. Əksinə o vəziyyəti közərdir və öz bazasını gücləndirir, hansı ki, Ermənistana aid deyil. Xüsusilə Azərbaycanın "Smerç" reaktiv yaylım atəş komplekslərini əldə etməsi məni narahat edir. Heç düşünürsünüz, bu silahlar Xankəndinə yönəldilsə, nə olacaq? Minlərlə insan həlak olacaq".

A. Karapetyan bildirib ki, Rusiya Ermənistana T-72, Azərbaycana isə T-90 tanklarını satır: "Niyə balans üçün onlar bizə "Smerç" və qırıcı təyyarələr vermirlər?". Rusiyanın Ermənistanda yerləşdirdiyi "İskəndər" operativ-taktiki raketlərindən danışan Karapetyan bildirib ki, bu raketlər Rusiyanın Ermənistandakı bazasına verilib. Ermənistanda həmin raketlərin tətbiqi üzrə mütəxəssis yoxdur: "Bundan başqa, "İskəndər" qərargahlara və ayrı obyektlərə qarşı yönəldilmiş ola bilər. Amma "Smerç" - kütləvi qırğın yaradan silahdır. Bir "Smerç" maşını 67 hektar ərazidə hər şeyi məhv edə bilər. Bizim regionumuzda "Smerç" atom bombasına bərabərdir".

Məsələni diqqətdə saxlayan bir sıra beynəlxalq ekspertlər və rəsmi dairələr də Ermənistanın Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmasını vacib sayır. Almaniya Bundestaqının üzvü Hartviq Fişer qeyd edir ki, Ermənistan, sılahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkməlidir. O bildirib ki, "Dağlıq Qarabağ respublikası"nın elan olunması faktı heç zaman beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayıb: "Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni dəstəkləyir". Ermənistanın, Xocalı aeroportunu hava nəqliyyatı üçün açmasını qəti şəkildə pisləyən Almaniya Bundestaqının üzvü, bunu işğalçı ölkənin sülh prosesinə təhlükə yaradan növbəti səhv addımı kimi qiymətləndirib.