Əlaqə Arxiv
news Image
2013.07.06
08:59
| A A A
Xəzərdə yeni böyük qarşıdurma başlanır
Baş verənlərin sahilyanı ölkələrin həyatına təsiri qaçılmazdır

Xəzər dənizinin həm coğrafi mövqeyinə, həm də enerji ehtiyatlarına görə, bu gün dünyada əsas geosiyasi rəqabət məskənlərindən birinə çevrilməsi məlum həqiqətdir. Hadisələrin inkişaf axarı isə burada mövcud rəqabətin daha da artacağını və bunun sahilyanı ölkələrə təsirsiz ötüşməyəcəyini göstərir. Həmişəki kimi isə əsas rəqabət Qərblə Moskva və Tehranın dənizdə yaratmaq istədikləri ittifaq arasında gedəcək.

Rəqabətin dərinləşməsinə rəvac verən başlıca səbəb isə Böyük Britaniyanın Xəzərdə neft-qaz hasilatında Qazaıxstanla yaxınlaşmaq niyyətidir. Məsələ Britaniyanın baş naziri Devid Kemeronun Qazaxıstana son səfərindən sonra daha da aktuallaşıb. Düzdür, bu səfər çərçivəsində demokratiya məsələsinə görə, tərəflər arasında bir ziddiyyət yaşansa da, eyni sözləri enerji hasilatı barədə söyləmək olmaz. Rusiyanın aparıcı nəşrlərindən sayılan "Nezavisimaya qazeta" yazır ki, Böyük Britaniyanı ilk növbədə böyük neft ehtiyatlarına malik "Kaşaqan" yatağı maraqlandırır. Devid Kemeronun səfərindən sonra isə "Kaşaqan" yatağının hasilatına ENI, "Total", "ExxonMobil" şirkətləri ilə yanaşı, Britaniyanın da şirkətlərinin qoşulması gözlənir. Bütün bunlar qərbin əzərə marağının artmaqda olduğunu göstərir. Lakin məsələnin digər maraqlı tərəfi Xəzərin Orta Asiya ölkələriən məxsus neft və qaz yataqlarının Rusiyadan yan keçməklə Avropaya nəqlinin təmin olunmasıdır.

Bunun üçün Qazaxıstandan və Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana qədər neft-qaz kəmərlərinin çəkilişi hələ də gündəmdən çıxarılmayıb. Əksinə, Qərbin Xəzərə marağının artması fonunda bu kəmərlərin çəkilişi daha da aktuallaşır. Hadisələrin bu səpkidə inkişafı isə Rusiya və İranın xoşuna gəlmir. Onlar qərb şirkətlərini Xəzərdə işləməkdən yayındırmaq üçün güc nümayişinə getdikcə daha çox üstünlük verirlər. "Nezavisimaya qazeta"ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Vladimir Popov bildirib ki, Rusiya və İran hərbi əməkdaşlığı ilk növbədə Xəzər regionunda üçüncü qüvvələrin, konkret olaraq NATO-nun iştirakına qarşı yönəlib. Ekspert ilk növbədə hərbi alyansın Azərbaycan və Qazaxıstan ilə əməkdaşlığına diqqət çəkir və bildirir ki, Qərb hər iki ölkənin hərbi donanmasının gücləndirilməsi ilə məşğuldur. Rusiya və İranın da "qızğın silahlanmanın" əsas iştirakçısı olduğunu deyən Popov ölkəsinin 2012-ci ildə Azərbaycan sərhədi yaxınlığında mobil sahil raket kompleksinin yerləşdirdiyini xatırladır. Hansı ki, bu raketlər 120 kilometrə qədər uzaqlıqdakı dəniz hədəflərini vurmaq qabiliyyətinə malikdir: "Xəzəryanı dövlətlərin arasında ona görə belə bir bölgü mövcuddur ki, onlardan bəziləri Qərbə yönəlib və Xəzərdə Rusiya və İranın mövqelərinin güclənməsini istəmirlər". O hesab edir ki, Moskva və Tehran Xəzərdəki partnyorlarının bəzi qərarlarında özləri üçün təhlükə görür. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari Rusiya ilə birgə hərbi təlimlərin keçirilməsi üçün Moskva ilə ilkin danışıqlar aparıldığını açıqlayıb. Tərəfləri narahat edən məqamlardan biri isə ABŞ da Xəzər dənizində hərbi dəniz bazası yarada biləcəyi barədə məlumatların hələ aktuallığını qorumasıdır. Söhbət Qazaxıstanın Aktau limanında Əfqanıstandan daşınacaq NATO yüklərini boşaltma məntəqəsindən gedir. Xatırladaq ki, Qazaxıstan Əfqanıstandan yüklərin tranziti üçün Xəzərdəki "Aktau" limanını NATO-ya verməyə hazırdır. Bu barədə Qazaxıstanın Almatı şəhərində İstanbul prosesi çərçivəsində keçirilən konfransda ölkə prezidenti Nursultan Nazarbayev bildirib. Ekspertlər hesab edir ki, Nazarbayevin təklifi qəbul edilərsə, Aktau limanı avtomatik olaraq Pentaqonun və onun müttəfiqlərinin bazası olacaq. Mərkəzi Asiya və Qafqazın öyrənilməsi üzrə Mərkəzin eksperti Stanislav Pritçin hesab edir ki, Xəzər dənizində ABŞ hərbi dəniz bazasının yaradılması regionun, xüsusilə İran və Rusiyanın sürətli silahlanmasına gətirib çıxaracaq. Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev isə bildirib ki, bununla da faktiki olaraq Xəzər dənizindəki onsuz da kövrək təhlükəsizlik arxitekturası dağılacaq.

Bütün bunlara cavab olaraq Rusiya və İranXəzrdə hərbi cəhətdən fəallaşır və qüvvələrini artırırlar. Bununla onlar həm də Qərb şirkətləri üçün Xəzərin təhlükəli bölgə olduğuun göstərmək istəyirlər. Qərbin isə buna cavab olaraq Azərbaycan, Qazaxıstan kimi ölkələrlə enerji və hərbi əməkdaşlığını gücləndirməsi Xəzəri böyük qarşıdurma meydanına çevirir.

Sizin Reklam Yeriniz