Əlaqə Arxiv
news Image
2013.07.10
16:11
| A A A
Zəfəran istehsalının müasir səviyyəsi Azərbaycanı milyonlardan məhrum edir
Mutuzəli Hacıyev: «Indi artıq zəfəran şəxsi təsərrüfatlarda əkilir»

Vahid Məhərrəmov: "Zəfəranımızı biz xarici ölkələrə ixrac edib, yaxşı qiymətə sata bilərik"


Dünya bazarında daim xüsusi diqqət mərkəzindəolan ədviyyatları sırasınad zəfəran da xüsusi yer alır. Tonun qiyməti 3 milyon dolları keçən bu bitki bir vaxtlar Azərbaycanda da kifayət qədər çox istehsal olunurdu. Ölkəmizin, xüsusilə də Abşeron yarımadasının iqlim şəraiti zəfəranın becərilməsi üçün olduqca əlverişlidir. Təəssüf ki, vaxtilə Abşeron yarımadasında inkişaf etdirilən zəfərənçılıq son illər unudulmaq üzrədir. Buna səbəb nədir?


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Mutuzəli Hacıyev Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir : "Zəfəran təsərrüfatı Azərbaycanda da inkişaf edir. Zəfəran hər yerdə bitən bir bitki deyil, ancaq Abşeronda bitir. Sovetlər dövründə zəfəran bir Orta Asiyada bitirdi, bir də ki, Azərbaycanda... İndi isə artıq zəfəran şəxsi təsərrüfatlarda əkilir. Bu sahə özəlləşib. Bu sahədə tədqiqatlar yenə də aparılır. Ancaq şəxsi təsərrüfat olduğu üçün Kənd Təsərrüfatı Nazirliyinin buna heç bir aidiyyatı yoxdur. Əlbəttə ki, zəfəran bu gün gəlir gətirən sahədir. İstənilən səviyyədə də gəlir götürülür".


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə qeyd edir: "Azərbaycan istehsal etdiyi zəfəran çox yüksək keyfiyyətə malikdir. Onun layiqli bazarı olmalıdır. Keyfiyyət yüksək olduğu üçün dəyəri də elə olmalıdır. Bu gün təəssüflər olsun ki, alıcıların əksəriyyəti İran istehsalı olan zəfəran alır. Çünki onun qiyməti ucuzdur. Həm də biz istehsal etdiyimiz məhsulu layiqincə bazara çıxarıb, yaxşı qablaşdırıb, müştəriyə təqdim edə bilmirik. Zəfəranımızı biz xarici ölkələrə ixrac edib, yaxşı qiymətə satıb ölkəyə xarici valyuta gətirə bilərik. Təəssüf ki, bunu bacarmırıq. Ona görə də bu sahə tənəzzülə uğrayıb gedir.


Zəfəran istehsalı ilə məşğul olan kəndlilərə yardım etmək lazımdır. Onların işini asanlaşdırmaq haqqında düşünmək, texnikaya olan ehtiyaclarını ödəmək lazımdır. Bu kimi problemlər diqqət mərkəzində olmadığı üçün bu sahədə çalışanların sayı azalıb". 


Ekspert hökumət məmurlarının "zəfəran istehsalı ilə özəl sektorda çalışanlar məşğul olur" məsələsinə də münasibət bildirdi: " Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərə belə yanaşmamalıdır. Azərbaycanda uzun müddət sovxozlar, kolxozlar olub ki, kəndlilərin əksəriyyəti orada çalışıblar. Onların fərdi qaydada və geniş formada bu işlərlə məşğul olması indi yaranıb. O vaxtlar mütəxəssilər var idi, müəyyən, lazimi məsləhətlər verirdi. Ona görə də kolxoz və sovxozlarda zəfəran istehsal olunurdu. Bu gün fərqlidir. Bu gün normal aqrar siyasət aparılmalıdır və orda da zəfəran istehsalı ilə bağlı olan bir sıra problemlər öz həllini tapmalıdır. Fermerlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Zəfəran istehsalı əl əməyi tələb edən mürəkkəb bir işdir. Bu işlə məşğul olan kəndlilərə ola bilsin ki, subsidiya bir qədər artıq verilməlidir. Məhsuldarlığın artımı üçün Abşeron ərazisində münbit torpaqlar seçilməli və üzvi gübrələrdən geniş istifadə olunmalıdır. Zəfəranın düzgün becərilməsi, qablaşdırılması, saxlanması, reklamı, satışı ilə bağlı bütün işləri kəndlinin boynuna atmaq düzgün deyil. İlkin mərhələdə onlara yardımçı olmaq lazımdır".

Sizin Reklam Yeriniz