news Image
2013.07.11
07:19
| A A A
Azərbaycan iki ölkədən 5 milyard dollarlıq silah alıb
Bu silahların Qarabağ cəbhəsində istifadəsi isə Ermənistanın məğlubiyyətini tezləşdirəcək

Son hərbi paraddan sonra Azərbaycanın Ordusunu ən müasir əsgəri texnika ilə təchiz etdiyinə, bunu yerli istehsal və xaricdən alınan texnika hesabına reallaşdırdığını bütün dünya növbəti dəfə gördü. İşğalçı Ermənistan isə açıq narahatlığını ifadə edərək Azərbaycan Ordusunun müasir silahlar əldə etməsindən qorxuya düşdüyünü gizlətmir.

Məhz belə bir vaxtda "strategypage.com" saytı məlumat yayıb ki, Azərbaycan son bir neçə ildə İsraildən və Rusiyadan 5 milyard dollar dəyərində yeni silah növləri alıb. Yazıda göstərilir ki, əgər üç il öncə Azərbaycanın hərbi büdcəsi 3,1 milyard dollar təşkil edirdisə, hazırda bu məbləğ 3,7 milyard dollara çatıb. Bu büdcənin demək olar ki, yarısı Silahlı Qüvvələrin müasirləşdirilməsinə sərf olunur. Azərbaycan səmərəli Silahlı Qüvvələr yaratmaq və öz iqtisadiyyatını dirçəltmək üçün ciddi səylər göstərir.

Məqalədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması haqqında məlumat da verilib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi eməni separatçıları tərəfindən yaradılıb və 1988-ci ilin fevralında Azərbaycan SSRİ Dağlıq Qarabağ Muxtar Respublikasının (DQMR) Ermənistan SSRİ-ə qoşulması haqqında separatçıların əsassız tələbləri ilə başlanıb. Bu hadisələr 250 min azərbaycanlının zorla Ermənistandan çıxarılması ilə müşayiət olunub. Ermənistanın Azərbaycana qarşı daha sonra da davam edən təcavüzü nəticəsində keçmiş sovet məkanın ən qanlı ento-siyasi münaqişəyə səbəb olan müharibə başlanıb. SSRİ dağıldıqdan sonra 1992-1994-cü illərdəki müharibə ərəfəsində 40 min insan həlak olub və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün adını alıb. Azərbaycanın 20% torpağı Qarabağ və onun tərkibinə daxil olan 7 rayon zəbt edilib.

BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan və Azərbaycan ərazisinin azad olunmasını tələb edən 4 qətnaməyə hələ də Ermənistan tərəfindən məhəl qoyulmayıb. 1994-cü il may ayında tərəflər atəşkəs rejiminə keçiblər. Hazırda ATƏT-in Minsk qrupu çərçivəsində tərəflərin danışıqları davam etdirilir".

Xatırladaq ki, bu günlərdə şimal qonşumuzun media orqanlarında da yayılan məlumata əsasən, Rusiyadan Azərbaycana 1 milyard dollar civarında silahın daşınmasına başlanıb. Onu da xatırladaq ki, belə bir iddia ilə Rusiyanın "Vedomosti" və "Nezavisimaya qazeta" qəzetləri çıxış edib.

"Vedomosti"yə faktı təsdiqləyən Rusiya müdafiə sənayesindəki iki mənbə bildiriblər ki, 2011-2012- ci illərdə Azərbaycanla bağlanmış müqavilə paketi üzrə quru qoşunları texnikasının göndərilməsi prosesi həyata keçrilir. Mənbənin məlumatına görə, söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), "Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu (18), "Smerç" yaylım atəşli reaktiv sistem divizionu (18), "Vena" özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A "Solnsepek" ("Buratino" sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir. Tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınlar, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınları alınıb. Bununla yanaşı, tanklar və artilleriya sistemi üçün müqavilədən əlavə opsionlar, xüsusilə 94 T-90S üçün opsion var.

"Svobodnaya pressa"da yenidən bu mövzuya toxunan Andrey İvanov isə bir daha qeyd edib ki, Rusiya Azərbaycana iri partiya silah göndərib və Ermənistanda bu fakt narahatlıq doğurub. Müəllif xatırladır ki, bütün bunlar o fonda baş verir ki, Dağlıq Qarabağla bağlı münaqişə davam etməkdədir: "Bakı ilə İrəvan arasında gərgin qarşıdurma artıq iyirmi ilə yaxındır səngimək bilmir... Azərbaycan rəhbərliyinin bəyanatları Bakının əbəs yerə ümid etmək niyyətində olmadığından və ərazi bütövlüyünü bərpa etmək əzmində olduğundan xəbər verir. Azərbaycana tədarük edilən silah bu ölkəni fəal hərəkətlərə sövq edə bilər… Eyni zamanda, Ermənistanın coğrafi vəziyyəti çox ağırdır. Onun Türkiyə və Azərbaycanla sərhədləri çoxdan bağlıdır. Gürcüstan ərazisi üzərindən tranzitlə bağlı da böyük problemlər mövcuddur. Belə olan halda, Azərbaycan Ermənistanı daha mürəkkəb vəziyyətə qoyur".

"Svobodnaya pressa" onu da yazır ki, Ermənistan indi açıq-aşkar əriyir. Əvvəllər orada 3,5 milyon adam yaşayırdı, indi - cəmisi milyon yarım. Camaat oradan qaçır.