Əlaqə Arxiv
news Image
2013.07.16
08:58
| A A A
Alıcılara su altında qalmış avtomobillər sırınır
Sülhəddin Gözəlov: “Avropadan gətirilən maşınların 40%-i su altında qalmış avtomobillərdir” Nüsrət İbrahimov: «Hazırda Azərbaycan avtomobil bazarında 10 %- ə qədər su altında qalmış maşınlar var»

Avropa, ABŞ, Yaponiya kimi ölkələrin daşqınlardan, subasmalardan tez-tez əziyyət çəkən ölkələr sırasında yer alması heç kimə sirr deyil. Bu zaman həmin ölkələrdə müxtəlif növ əmlaka da külli-miqdarda zərər dəyməsi də məlum həqiqətdir. Hətta belə daşqınlar və subasmalar zamanı avtomobillərin belə sularla birgə sürükləndiyinə dair teletəsvirlərə də tez-tez rast gəlmək mümkündür.

Yeri gəlmişkən qeyd edək ki, sel sularına əsir düşən bu avtomobillər müxtəlif formada zədələr aldığından sonradan çox ucuz qiymətə satılır. Hətta ucuz qiymətə alınan belə maşınların Azərbaycanın avtomobil bazarında da sayının az olmadığına dair məlumatlar səslənir. Özü də satan tərəf avtomobilin su altında qalmasına dair müştəriyə demək olar ki, heç bir məlumat vermir.

Məsələ ilə bağlı "Mövqe" qəzetinə açıqlama verən Azərbaycan Texniki Universitetin "Avtomobil nəqliyyatı vasitələri" kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Sülhəddin Gözəlov qeyd edir: "Azərbaycanın maşın bazarında daşqın zamanı su altında qalan avtomobillərin sayı kifayət qədərdir. Avropadan gətirilən maşınların 40 %-i su altında qalmış avtomobillərdir. Son dövrdə Almaniyadan gətirilən avtomobilləri alan adamın istismara başladığı məqamdan 20 gün sonra qarşılaşdığı texniki problemlər, xüsusi ilə elektron-bort sistermində başverən problemlər həmin faktı bir daha təsdiqləyir. Çünki, su altında qalmış avtomobillərdə ilk növbədə neqativ təsir elektrik avadanlıqlarında özünü göstərir. Elektrik avadnlıqların böyük bir hissəsi kompüter sistemi ilə qurulub. İndiki avtomobillərin bort sistemində kifayət qədər mürəkkəb bort kompüter sistemi qurulub. Həmin bort kompüter ssitemi su altında qaldıqdan sonra izolasiya təbəqəsi ilə naqillərin arasında yığılıb qalmış maye, buxar öz mənfi təsirini göstərir. Mikroproseslərdə korroziya əlamətləri dərinləşir və həmin avadanlıqlarda iş prosesində imtina baş verir. Bu da aqreqatın sıradan çıxması ilə nəticələnir. Müasir avtomobillərdə az sayda element var ki, elektron prosessorlarla təchiz olunmayıb. Ona görə də avtomobil su altında qaldıqda birinci növbədə avtomat ötürmələr qutusu, mühərrikin özü, işıqlanma sistemində problemlər yaranır. Həmin problemlərin aradan qaldırılması isə böyük maliyyə vəsaiti tələb edir.

Çətin müdaxilə olunan yerlər, banın aşağı hissəsi, baqaj, mühərrik hissəsini təmizləmək çətin olur. Sonradan orada korroziya prosesi gedir. Alıcılar ilk növbədə maşını almamışdan əvvəl servis kitabçasını yoxlamalıdır. Servis kitabçasında qeydiyyatlar aparılmalıdır. Əgər qeydiyyat maşının öz firma servisində aparılırsa, yaxşıdır. Qeydiyyatda onun su altında qalmış avtomobil olub-olmaması da göstərilir. Amma bununla yanaşı, yaxşı olardı ki, alıcılar avtomobili aldıqdan sonra onu servis müəssisələrində kompüter diaqnostikasından keçirsinlər. Eyni zamanda kompüter servisində avtomobilin keçmiş tarixi barəsində ətraflı məlumat almaq olur".

"MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə məsələ ilə bağlı bildirir: "Hazırda Azərbaycan avtomobil bazarında 10%- ə qədər su altında qalmış maşınlar var. O da əsasən Avropanın böyük ölkələrindən və ABŞ-dan gətirilmiş maşınlardır. Həmin maşınları bolt-qayka birləşmələri yerlərinə baxmaqla ayırd etmək olur. Birləşmə yerlərində korroziya izləri müşahidə edilir. Qiymətləri hiss ediləcək qədər yox, nisbətən ucuz olur. Yəni, 30 - 40 minlik maşınlarda 1500 manata qədər fərq olur. Hələlik belə maşınları alanların sayında ikinci əldən alanlar çoxluq təşkil edir. Servislərdən birbaşa təsadüfən alanlar isə az müşahidə edilir".

Sizin Reklam Yeriniz