Əlaqə Arxiv
news Image
2013.07.18
08:44
| A A A
Bakı və Ankaradan güc nümayişi
Zahid Oruc: “Azərbaycan-Türkiyə addımı Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatı adı altında təlimləri önləmək üçündür” Yaşar Cəfərli: “Iki qardaş ölkə gözlənilməz hadisələrə hazır olmalıdır”

Məlumdur ki, 16 iyul tarixindən etibarən Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakı və Naxçıvanda birgə təlimlərə başlayıb. Xatırladaq ki, əvvəl keçirilən təlimlərdən fərqli olaraq bu dəfəki məşqlər daha genişmiqyaslı və uzunmüddətlidir. Hərbi təlimin iyul ayının 28 - də başa çatacağı bildirilir. Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcəyi nəzərdə tutulub.

Təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Türk dövlətlərinin bu təlimləri eyni zamanda Ermənistanın hər iki dövlətə qarşı ərazi iddiası ilə çıxış etməsi, məlum işğal faktoru və regionda Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatı çərçivəsi altında digər dövlətlərin hərbi təlimlər keçirməsi fonunda məqsədəuyğun hesab edilməkdədir.

Milli Məclisin Təhülkəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun fikrincə, Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərin keçirilməsi bu ölkələrə qarşı olan risklərə cavab reaksiyasıdır: "Çünki birmənalı olaraq söyləmək mümkündür ki, bizim xarici siyasət maraqlarımız kifayət qədər oxşar və yaxındır. Baxmyaraq ki, coğrafiyalar fərqlidir. Hədəflər də öz miqyasına görə bir-birindən seçilə bilər. Ancaq şübhəsiz ki, Azərbaycanın maraqlarına zərbə eyni dərəcədə Türkiyənin təhlükəsizlik niyyətlərini təhdid edir. Ya da əksinə, qardaş ölkənin mənafelərinə vurula biləcək zərbələr eyni dərəcədə bizi zəif salar. Yaxud da ki, hər hansı bir formada bölgədə arzuolunmaz situasiyaların formalaşmasına təsir göstərir. Bu cəhətdən iki ölkənin hərbi qüvvələrinin müəyyən bir hədəf altında təlimlər keçirməsini çox təqdirəlayiq hadisə hesab etmək olar. Bəlkə də bu, özümüzün hərbi mənafelərimiz üçün mühüm hadisədir. Çünki illər ərzində biz bunu arzulamışıq. Bu, gələcəkdə Türkiyə ilə Azərbaycan arasında hərbi müttəffiqliyin daha yeni səviyyələrə qaldırılmasına yol açacaq. Eyni zamanda çox mümkündür ki, birgə hərbi təlimlər hər hansı bir xüsusi taborlar və s. əsnasında türk hərbi elitasının Azərbaycanda silahlı qüvvələrin formalaşmasına daim yaxından cəlbinə təsir göstərmiş olsun. O cəhətdən Türkiyə - Azərbaycan hərbi birliyi bölgədə sülhü, təhlükəsizliyi, ərazi bütövlüklərinin təminatını vəd edir. Heç bir halda başqa ərazilərə hücum, hansısa torpaqların ələ keçirilməsi, yaxud da konkret dövlətin maraqlarına zərbə vurması niyyətini güdmür. Ona görə də bunun daha sistemli və intensiv xarakter daşıyacağına əminəm. Düşünürəm ki, Türkiyə siyasi elitası keçmişdəki mövqeyini bir kənara qoyacaqdır. Çünki, illər ərzində Rusiya və İran amilinə görə çox tərəddüdlü mövqe var idi. İndiki gerçəklikdə isə artıq Türkiyə Qafqazda fəal bir siyasi oyunçuya çevrilib. İqtisadi proseslərdə mühüm yer almaqdadır. Azərbaycanın addımları da buna imkan verir. İndi isə gərəkir ki, bunu təhlükəsizlik və hərbi addımlarla tamamlasınlar. Bu tədbirlər də onun mühüm bir elementidir. Həm də regionda müxtəlif ölkələrin Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatı adı altında təlimləri keçirilir. Onlar birbaşa Qafqaz üzərindəki siyasi planlara, maraqlara işarədir. Azərbaycan ilə Türkiyənin addımları həmin tədbirləri önləmək üçündür".

Hərbçi ekspert Yaşar Cəfərli bildirir ki, bu təlimlərin bir çox səbəbləri var: "Amma əsas səbəb regionda münaqişələrin mövcudluğu ilə əlaqədardır. Azərbaycan özünə tərəfdaş, mütəffiq axtarışındadır. Azərbaycan ilə Türkiyə arasında hərbi mütəffiqlik haqqında rəsmi sənəd olmasa da, təbii sürətdə hərbi müttəffiq sayılan dövlətlərik. İki dövlət arasında yüksək səviyyədə imzalannmış müqavilələr var. Həmin müqavilədə hərbi sahədə geniş əməkdaşlıqdam söhbət gedir. Dəfələrlə vurğulnıb ki, Azərbaycan ilə Türkiyə hərbi sahədə əlaqələrini daha da genişləndirəcək. Eyni zamanda müəyyən müddətlər üçün tədbirlər planı və həmin tədbirlər planında birgə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimin məqsədi iki dövlətin silahlı qüvvələrin fəaliyyətlərini müəyyən cəhətdən əlaqələndirməkdir. Türkiyə ilə Azərbaycan çalışır ki, bölgədə öz maraqlarını qorusunlar. Təkcə münaqişə yox, eyni zamanda Ermənistanın Tükiyə və Azərbaycana qarşı ərazi iddialarında olması məcbur edir ki, Türkiyə və Azərbaycan belə əməkdaşlıqlar etsin. Bununla da özlərinə qarşı ola biləcək təzyiqlərin qarşısını alsınlar. Eyni zamanda regionda stabilliyə, sülhə nail ola bilsinlər. Belə bir deyim var ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Bilirik ki, Ermənistan çox aktivdir. Bundan əlavə Rusiyanın aktivliyi də göz qabağındadır. İranın isə nüvə proqramı ətrafında gedən proseslər başqa səmtə yönələ bilər. Odur ki, iki qardaş ölkə gözlənilməz hadisələrə hazır olmalıdır. Ona görə də bu təlimlərin keçirilməsinin məqsədi və böyük əhəmiyyəti var".

Sizin Reklam Yeriniz