Əlaqə Arxiv
news Image
2013.07.18
08:48
| A A A
Bakı ətrafında torpağın qiyməti rekord həddə bahalaşacaq
Buna səbəb sənaye və ali təhsil müəssisələrinin paytaxtətrafı ərazilərə köçürülməsidir

Mövsümlə əlaqədar olaraq torpaq bazarında hələ də bahalaşma qeydə alınmaqdadır. Lakin bu bahalaşma özünü daha çox paytaxtın mərkəzi hissələrində qabarıq formada büruzə verir. İndi ən bahalı torpaq sahələri paytaxtın mərkəzi hissələrində, "28 may", "Nizami", "Elmlər Akademiyası", "Sahil", "İçərişəhər" metro stansiyalarının ətrafındadır.

Bu ərazilərdə 1 sot torpağın qiyməti 200 min mamantı belə keçir. Qiymətlərin ən yüksək artım tempi də elə şəhərin mərkəzində qeydə alınır. Lakin paytaxt ətrafında da qiymətlərin yüksəlməkdə olduğu müşahidə edilir. Buna səbəb isə fərdi evlərin inşası ilə bağlı torpağa olan tələbatın artmasıdır. Yaxın tezlikdə isə Bakı ətrafı ərazilərdə, xüsusən də paytaxtın Qaradağ rayonunda torpağın daha böyük sürətlə bahalaşması gözlənir. Buna əsas səbəb isə bir sıra sənaye müəssisələrinin paytaxtın mərkəzindən kənara köçürülməsi istiqamətində görülən işlərdir. Bu fonda xatırladaq ki, sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq "Paris Kommunası" adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma zavodunun bir hissəsi sökülüb, Zığ şosesi yaxınlığında "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi adlanan yeni müəssisə inşa olunub. İnşaat işləri 2011-2012-ci illərdə həyata keçirilib. Digər sənaye müəssisələrinin də köçürüləcəyinə dair məlumatlar səslənir. Sənaye müəssisələrinin əsas etibarı ilə Qaradağ ərazisinə köçürülməsi planlaşdırılır. Çünki, bunun üçün həmin rayonda əlverişli şərait mövcuddur. Lakin sənaye müəssisələrinin bura köçürülməsi istənilən halda torpağın qiymətini artıracaq. Xatırladaq ki, "Binə" və "Sədərək" ticarət müəssisələrinin buraya köçürülməsi torpağın qiymətinə təsir göstərmişdi.

Bundan başqa bəzi təhsil müəssisələrinin də şəhərin kənarına köçürülməsi məsələsi hələ də gündəmdədir. Əksər ali məktəblərin Xocasən və Qobuya köçürülməsi gözlənir. Yeri gəlmişkən, xatırladaq ki, ötən il sentyabrında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi Xocasən qəsəbəsinə köçrülüb. Xatırladaq ki, paytaxtda yerləşən ali məktəblərin əksəriyyəti arxitektur binalarda yerləşir. Ali məktəblərin həmin binadan köçürülməsi bu fonda məqsədəuyğun sayılır. O da faktdır ki, ölkəmizdə qapısı birbaşa küçəyə açılan xeyli sayda ali məktəb var. Həmçinin, şəhərin mərkəzində olan səs-küyün də, istər-istəməz, müəyyən anlarda tədrisə təsir göstərdiyi, məsələn, tələbələrin diqqətini yayındırdığı real həqiqətdir. Bütün bunlar fonunda isə ali məktəblərin Bakının mərkəzindən şəhərətrafı ərazilərə köçürülməsi məsələsi aktuallaşır.

Məlumatlara görə, hazırda Azərbaycanda 35-i dövlət, 15-i qeyri-dövlət olmaqla 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin təhsil müəssisələrinin əksəriyyəti paytaxt Bakıda yerləşir. Onu da bildirək ki, ali təhsil ocaqlarının mərkəzdən kənarda yerləşməsi dünyada çoxdan qəbul olunmuş qaydadır. Onların köçürələcəyi ərazilərdə də torpağın bahalaşması qaçılmaz sayılır.

Ümumityyətlə, mütəxəssislər hesab edir ki, gələcəyə hesablanmış investisiya kimi torpaq almaq üçün ən münasib ərazilər Bakıətrafı bölgədir. "Əmlak Bazarı İştirakçıları" İB-nin icraçı direktoru Ramil Osmanovun fikrincə, Bakı-Sumqayıt, Bakı-Şamaxı yollarının kənarında, paytaxtın Qaradağ rayonunda torpaq alıb-saxlamağa dəyər. Xatırladaq ki, 2030-cu ilə qədər Bakı olduqca böyüyəcək və bu paytaxtətrafı ərazilərdə torpağın qiymətinə mütləq təsir göstərəcək.

Proqnozlara görə, torpaq bazarında bahalaşma 3 il müddətinə qədər davam edə bilər. Bundan başqa il ərzində torpağın bahalaşması 6-8 faiz həddində olacağı gözlənilir. Tikintinin tempində aktivlik müşahidə ediliməsi də bahalaşmaya təsir edir. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə, dövlət tərəfindən sosial və mədəni obyektlərin tikintisinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı və Bakı şəhərində həyata keçirilən tədbirlər planı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha da genişlənməkdə davam edib. Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması hesabına mərkəzdən kənar ərazilərdə tələb artıb və bu da qiymətlərin artımına təsir edib. Son dövrlər paytaxtda mənzil söküntüsünün aparılması, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbi artırdığından qiymətlərin artımı müşahidə olunmağa başlayıb.

Sizin Reklam Yeriniz