news Image
2013.07.24
07:10
| A A A
İqlim dəyişikliyi yerli bitkiləri tədricən məhv edir
Vahid Məhərrəmov: “Abiotik stresslərə davamlı olan sortlar yetişdirilməlidir” Telman Zeynalov: “Bunların hamısı yerli bitkiləri məhv edə bilər”

Hazırda dünyada gedən qlobal iqlim dəyişikliyi hər regiona müxtəlif cür təsir edir. Lakin bir məsələ dəqiqdir ki, qlobal iqlim dəyişikliyinin səbəb olduğu proqnozlaşdırılan yüksək temperaturlar və yağışın intensivliyinin dəyişməsi dünyanın əksər hissələrində ərzaq istehsalına mənfi təsir göstərəcək. Bunun isə qida rasionuna daxil olan mədəni bitkilərin azalması fonunda baş verəcəyi bildirilir. Qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq temperatur artımı artıq ölkəmizə də təsir göstərir. Belə ki, hazırda Azərbaycanda isti iqlimə xas bitkilərin təbii şəkildə artması müşahidə olunur. Bu isə yerli bitkilərin sıradan çıxması təhlükəsini yaradır. Eyni zamanda insanlar tərəfindən də isti iqlimə xas olan bitkilərin ölkəmizə gətirilməsi prosesi var. Belə olan təqdirdə isə mütəxəssislər yerli bitkilərin məhv olmaması üçün müəyyən tədbirlər planın görülməsini zəruri hesab edirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, bitkilərin bir qismi soyuğa, o biri hissəsi istiyə davamlıdırsa, bir qismi də normal temperaturda inkişaf edə bilir: "Düzdür, qlobal iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi təsir edir. Ancaq bu, bəzi bitkilər üçün münbit şərait yaradır. Yəni, həmin bitkilərin vegetasiya müddəti qısalır. İstiyə dözümlü olmayanlar isə sıradan çıxır. Odur ki, bu sahədə seleksionerlər xüsusi işlər görməlidir. İstiyə davamlı olan sortlar müəyyənləşdirilməlidir. Bizdə qlobal iqlim dəyişikliyi nəticəsində havanın temperaturu təxminən son 20 ildə 1 dərəcə artıb. Temperaturun il ərzində artması elə də təsir etmir. Ancaq qısamüddətli şiddətli istilərin baş verməsi nəticəsində problemlər ola bilər. Havanın temperaturunun 40 dərəcədən yuxarı olması, əkin sahələrində topağın üzərində temperaturun 80 dərəcə olması deməkdir. Onda torpağın üzərində olan bitkilərdə kaqulasiya prosesi gedir. Bu baxımdan istiliyə davamlı sortların yetişdirilməsi ilə məşuğl olmaq lazımdır. Biz qlobal iqlim dəyişikliyi nəticəsində yağışların intensiv yağması, küləklə müşahidə olunması, şiddətli istilərin baş verməsi hadisəsinə hazır olmalıyıq. Ona görə də həmin stres amillərə, xüsusən də abiotik streslərə davamlı olan sortlar yetişdirilməlidir".

Ekspert əlavə etdi ki, təbiət özü hər şeyi tənzimləyir: "Mədəni bitkilər idarə olunur. Mədəni bitkilərin sıradan çıxamaması üçün hər hansı bir dözümlü sortları yetişdirmək mümkündür. Təbiətdə olan yabanı bitkilərin isə sıradan çıxması hər gün baş verir. Havaların isti keçməsi fonunda dağlarda quraqlıq olduğu üçün ağaclar suya olan tələbatını ödəyə bilmir. Bütün hallarda antropogen amillər daha ciddi təsir edir. Əgər meşə ərazisi çox olarsa, havanın belə isti keçməsi elə də ciddi təsir etməz".

Ekoloq Telman Zeynalov bildirir ki, ölkəmizdə istiyə davamlı bitkilərin artması əsasən kənd təsərrüfatına zərbə vuracaq: "Həmin bitkilər quraqlığa və şaxtaya davam gətirirlər. Hələ onlardan başqa, insanlar tərəfindən də əcnəbi bitkilər gətirilir. Onların heç biri bizim təbiətə xas deyil. Misal olaraq, son illər artmış maqnoliya bitkisini göstərmək olar. Bunların hamısı yerli bitkiləri məhv edə bilər".