Əlaqə Arxiv
news Image
2013.07.26
08:07
| A A A
Qlobal istiləşmə su ehtiyatlarımızı təhdid altında qoyur
Telman Zeynalov: “Boşluq ərazilərdə yaşıllıq yaratmalıyıq” Fəqan Əliyev: “Xəzər dənizinin suyundan içməli su kimi istifadə etmək bugünki elmin imkanları daxilindədir”

Hesablamalara görə, dünyada yaşanan iqlim dəyişikliyi nəticəsində 2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum ola bilər. Ümumiyyətlə, 30 il sonra 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. Bu fikirlər "Dünya Su Həftəsi Forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzulu hesabatında bildirilib.

Məlumat üçün bildirək ki, hazırda dünya əhalisinin 20%-ni təşkil edən 30 ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. Ancaq 2025-ci ildə isə bu sayın 50-ə çatacağı və dünya əhalisinin 25%-inin su çətinliyi ilə üz-üzə gələcəyi qeyd olunur. Bildirək ki, dünyada hal-hazırda olan suyun 97.5 %-i duzlu sulardan meydana gəlir. Şirin suyun nisbəti isə 2.5%-dir.

Hadisə qlobal xarakterli olduğundan bunun ölkəmiz üçün də təhlükəsi var. Xüsusi ilə də Cənubi Qafqazda ölkəmizin az şirin su ehtiyatına malik olması fonunda qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var. Mütəxəssislərin qənaətinə görə, havanın temperaturunun artması Azərbaycandakı çay sularının həcminin təqribən 20 faiz azalması ilə nəticələnə bilər.

Ekoloq Telman Zeynalovun sözlərinə görə, bu xəbərlər son 20 il ərzində - SSRİ dağıdıldan sonra yayılıb: "Deyirlər ki, karbon qazı havada nə qədər çox olarsa, temperatur bir o qədər isti olacaq. Buna görə də ABŞ, Qərb dünyaya elan edirdi ki, zavodlarında yeni texnologiyadan istifadə etsin. Halbuki, ətraf mühiti ən çox çirkləndirən ən çox elə ABŞ-ın özüdür.

Bundan başqa, son dövlərdə qlobal istiləşməni süni şəkildə yaradırlar. Təyyarələr uçduqca atmosferə ağ iz qoyur. Guya onlar qlobal istiləşmənin qabağını, Günəşdən gələn ultrabənövşəyi şüaların Yerə çatmasının qarşısını alır. Amma bu fikirlər tamamilə cəfəngiyatdır. Onlar qlobal istiləşməni əllərində bayraq tutaraq ətraf mühitə kimyəvi zəhərli maddələr atırlar. Bununla da süni sürətdə quraqlıq yaradır, yağıntıların miqdarını azaldır, buxarlanmanı çoxaldırlar. Ona görə də dünyada su qıtlığı yaranır". Ekoloqun sözlərinə görə, qlobal istiləşmənin bizə də təsiri olacaq: "Əgər bizdə yağıntı olmasa, ancaq buxarlanma prosesi gedirsə, şirin su qıtlığı yaranacaq. Bizdə yağıntıların miqdarı azca da olsa, ancaq payız, may və iyun aylarında artıb. Lakin biz sözügedən problemdən yayına bilərik. Bunun üçün boşluq ərazilərdə yaşıllıq yaratmalıyıq. Çünki, onlar külək, yağış buludu yaradır. Bununla da özümüzü su ilə təmin edə bilərik".

"Ekoenergetika" Akademiyasının prezidenti Fəqan Əliyev bildirir ki, onsuz bu gün dünyanın bəzi ölkələrində su qıtlığı var: "Çünki, sulara, torpağa, atmosferə atılan tullantılar çoxalıb. Həmçinin qlobal istiləşmə də su ehtiyatlarına təsir göstərir. Digər tərəfədən biz özümüz süni şəkildə sularımızı yararsız hala gətiririk. Tullantıları çox atırıq. Amma müəyyən pesrpektivli məsələlər də var ki, içməli su problemi bizdən yan keçsin. Məsələn, Xəzər dənizinin suyu o dərəcə də duzlu deyil. Gələcəkdə yaxşı texnologiyalardan istifadə edib o sudan yararlanmaq olar. Çünki, Xəzər dənizinin suyundan içməli su kimi istifadə etmək bugünki elmin imkanları daxilindədir. Bundan başqa çaylar da var. Onlardan düzgün istifadə etsək, çirkləndirməsək, Azərbaycan içməli su problemi ilə qarşılaşmaz".

Sizin Reklam Yeriniz