news Image
2013.07.27
07:41
| A A A
Azərbaycanın yunan adalarına sərmayə yatırması yenidən gündəmə gəlir
Ekspert: "Prinsipcə, Yunanıstandakı adaların ölkəmiz tərəfindən alınmasını maraqlı ideya kimi qiymətləndirirəm"

Son illər ağır maliyyə böhranı yaşayan Yunanıstan iqtisadiyyatını xilas etmək üçün özünə məxsus müxtəlif obyektləri satmaq məcburiyyətində qalıb. Belə ki, qədim Elladanın bir sıra özəl və dövlət şirkətləri satışa buraxılaraq xarici sərmayədarlar tərəfindən alınıb. Yunanıstandakı obyektlərin satın alınmasında Azərbaycanda iştirak edir.

Artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu ölkənin qaz paylanması ilə məşğul olan şirkət-DESFA satın alınıb. Şirkətin səhmlərinin üçdə ikisi ARDNŞ-a məxsusdur. Afina hökuməti Egey dənizindəki özünə məxsus çoxsaylı kiçik adaları da satışa buraxıb. Hansı ki, bu adalar turistlərin cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bəzi ölkələr adaların alınması prosesində aktiv iştirak edir. Məsələn, Qətər əmirliyi artıq Yunanıstana məxsus 6 adanı satın alıb. Bildirildiyinə görə, satış qiymətləri də sərfəlidir. Bu əsasda görəsən, Azərbaycan tərəfi də Yunanıstana məxsus adaların alınmasına sərmayə yatıra bilərmi?

Müstəqil iqtisadçı ekspert Akif Nəsirov Azərbaycan tərəfindən Yunanıstanın satdığı adaların alınmasını məqbul saydı, amma bu addıma hər şeyin ölçülüb-biçildikdən sonra gedilməsini də tövsiyyə etdi: "Dünyanın daşınmaz əmlak bazarında hər hansı bir əmtəni almaq istərkən bu zaman seçim edərkən sadə müşahidələr kifayət etmir. Bunun üçün ətraflı iqtisadi tədqiqatlar, araşdırmaların aparılması tələb olunur. Yunanıstanda hazırda cərəyan edən iqtisadi-maliyyə böhranı müvəqqətidir. Yunanıstan turizm ölkəsi kimi dünya əhalisini özünə geniş şəkildə cəlb edən ölkələrdən biridir. Amma indi Yunanıstan böhran şəraitində yaşadığından Egey dənizindəki bəzi adalarını satmaq niyyətinə düşüb. Böhran vəziyyəti həm də həmin adaların qiymətinin aşağı düşməsinə rəvac verib. Eyni zamanda, satışa çıxarılan bu adaların heç də hamısı turizm baxımından əlverişli deyil. Hesab edirəm ki, Azərbaycan hökuməti və ya biznesmenlər həmin adaları almağa maraq göstərməsi ümumi şəkildə məqbul sayıla bilər. Lakin bu məsələdə öncədən ətraflı araşdırmalar aparılmalıdır ki, gələcəkdə həmin adalardan mənfəət götürmək mümkün olsun. Bunun üçün alınması nəzərdə tutulan adanın təyinatı, indiyə kimi nə məqsədlərlə istifadə olunduğu, turistik obyekt olaraq istifadə etməyin mümkünlüyü araşdırılmalıdır. Bunun üçün də hesab edirəm ki, tədqiqatçı özəl şirkət olmalıdır. Beynəlxalq aləmdə belə araşdırmalar aparan şirkətlər vardır. Həmin şirkətlər bu tip obyektlərə qoyulan sərmayəni də sığortalayır, buna cavabdehdirlər. Bu şirkətlər əldə olunacaq gəlir və xərclərlə bağlı adanı satın alan dövlətə məlumat verir. Belə alqı-satqılarda isə dövlət heç zaman uduzmur".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də yunan adalarının alınmasına prinsipcə normal baxır: "Azərbaycanın neft vəsaitləri var. 2011-ci ildə edilən dəyişikliyə görə qərara alındı ki, Neft Fondunun vəsaitləri diversifikasiya olunsun. Əvvəllər həmin vəsaitlər valyutada saxlanılırdı, bundan sonra isə qərara alında ki, həmin vəsaitə ayrı-ayrı ölkələrdə daşınmaz əmlak, qiymətli kağızlar və s. obyektlər də alınsın. Son bir neçə ildə Neft Fondu və ARDNŞ tərəfindən ayrı-ayrı ölkələrdə bir çox belə obyektlər alındı, bir sıra xarici layihələrə sərmayələr qoyuldu. Bu sərmayələr Rusiyadan tutmuş Britaniya və Fransaya kimi gedib çıxıb. Avropa ölkələri indi düşdüyü böhranla bağlı olaraq bir sıra obyektlərini satışa çıxarıb. O cümlədən Yunanıstan özünün bəzi kiçik adalarına münasibətdə anoloji addımlar atır. Bu ideya istər-istəməz cəlbedicidir, Azərbaycan tərəfi də onunla maraqlana bilər. Sadəcə, bu zaman prosesi düzgün qiymətləndirmək lazımdır ki, sonradan ziyana düşməyəsən. Həmin obyektlərin real dəyərinin nə qədər olduğu müəyyənləşməlidir. Yunanıstan böhranla bağlı olaraq özünün bəzi adalarını satışa çıxarırsa, bu o demək deyil ki, həmin obyektlər real qiymətindən dəfələrlə ucuz qiymətə başa gələcək. Hər bir halda satılan daşınmaz obyekt və torpaq sahəsinin qiymətinin yuxarı həddinin nə qədər olması qiymətləndirilməlidir. Çünki burada söhbət təkcə həmin obyektlərin alınmasından getmir, onun idarə olunması və gəlir əldə etmək məsələsi də var. Daşınmaz əmlak alınarkən vergi verilməli, müəyyən məsələlər həllini tapmalıdır. Bu baxımdan həmin adaların alınmasının ölkəmiz üçün müsbət və yaxud mənfi təsir göstərəcəyini birmənalı söyləmək qeyri-mümkündür. Hər halda addımı atmamışdan öncə mütəxəssislərlə məsləhətləşmək gərəkdir. Prinsipcə, Yunanısğandakı adaların ölkəmiz tərəfindən alınmasını maraqlı ideya kimi qiymətləndirirəm".