Əlaqə Arxiv
news Image
2013.08.03
08:00
| A A A
Kirayə bazarından büdcəyə çatmayan pullar
Problemin çözümü üçün kirayə müqavilələrinin bağlanması ciddi zərurətə çevrilir

Azərbaycanda inşa edilən yaşayış mənzil sahələrinin həcminin tələbdən kifayət qədər az olması heç kimə sirr deyil. Öüz də maraqlıdır ki, mənzil sahəsinin azlığına baxmayaraq, evlərə ehtiyac getdikcə artır. Sadəcə mənzillərin baha olması səbəbindən əhalinin heç də hamısı evə olan ehtiyacını ödəyə bilmir.

Bahalaşma isə ilkin, istərsə də təkrar mənzil bazarında özünü göstərir. Son 14 ildə hər iki bazarda mənzilin kvadratmetri orta hesabla 6-7 dəfəyədək artıb.

Maddi imkanları mənzil almağa çatmayanlar isə ev problemini ipoteka kreditləri hesabına həll etməyə çalışırlar. Lakin indiyə qədər təxminən 10 min ailə ipoteka krediti alıb. Yəni ipoteka da mənzil probleminin tam həllinə imkan vermir. Bu səbəbdən hazırda münzil probleminin müvəqqəti həlli kimi kirayəyə üz tutanların sayı yenə kifayət qədərdir. Bu hal xüsusən paytaxt Bakıda özünü qabarıq büruzə verir. Təqribi hesablamalara görə, Bakıdakı evlərin 30-40%-i kirayəyə verilir.İndi paytaxtda 10 minlərlə ailə kirayə mənzillərdə və evlərdə yaşayır. Bunlar, Bakıya ölkənin başqa regionlarından və xaricdən işləməyə gələnlər, neft sektorunda, humanitar təşkilatlarda çalışan xaricilər, yeni evlənənlər, təhsil alanlar və ya hələlik şəxsi ev ala bilməyənlərdir. Lakin onu da qeyd etmək lazım gəlir ki, bəzi hallarda kirayə variantı o qədər sərfəli olur ki, hətta pulu olanlar da ev almağa tələsmirlər. Belələri əllərindəki pulu kommersiya obyektinə verir, ondan gələn gəlirlə kirayə yaşamağa üstünlük verir, artıq qalan məbləği isə digər ehtiyaclara yönəlir. Məsələ bundadır ki, eyni qiymətə mənzilin kirayəsi ilə müqayisədə obyektin gəlirliyi adətən təqribən iki dəfə artıq olur. Lakin kirayədə qalanların böyük əksəriyyətinin belə obyektlərə malik olmadığı da birmənalı həqiqətdir. Digər tərəfdən yenə də bu böyük əksəriyyətin əvvəlki kimi kirayə müqaviləsi bağlamaması üzündən həm onlar özləri bəzən ciddi problemlərlə üzləşir, həm də dövlət büdcəsinə vergilər yolu ilə daxil ola biləcək milyonlarla manat hədər gedir. Kirayə müqaviləsi olanda kirayənişinə qarşı evini kirayəyə verən şəxs xəbərdarlıqsız hansısa addım ata bilməz.

Mülki Məcəlləyə görə, əgər kirayə müqaviləsində müddət qoyulmayıbsa, tərəflərdən biri əvvəldən xəbərdarlıq etməklə istənilən vaxt müqavilənin ləğvini tələb edə bilər. Amma əgər ev sahibi müqavilənin vaxtından əvvəl ləğv olunmasını və evin boşaldılmasını tələb edirsə, o bunun üçün ciddi səbəbləri göstərməlidir. Məsələn, kirayənşinin müqavilənin hər hansı şərtini pozması və s. Əgər evin sahibi heç bir əsas olmadan şəxsi mənafeyi naminə müqaviləyə vaxtından əvvəl xitam vermək istəyirsə, kirayəşinə kompensasiya ödəməlidir. Kompensasiyanın məbləği tərəflərin razılığı ilə müəyyən olunur. Razılıq olmayanda mübahisəni məhkəmə həll edir.

Müqavilənin yaratdığı rahatlıqlara baxmayaraq ev sahibi və müştərilərin əksəriyyəti, şifahi razılaşmaya üstünlük verir. Bu, ilk növbədə tərəflərin bir-birinə inam və etibarından irəli gəlsə də, bəzi hallarda gəlirləri gizlədib vergidən yayınmaq məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən, kirayədən gəlir götürənlər əldə etdiyi vəsaitin 14%-i qədər vergi ödəməlidir. Bunu etməmək üçün tərəflər əksər hallarda şifahi razılaşmaya üstünlük verirlər.

Əmlak üzrə ekspertlərin apardıqlar ıtəxmini hesablamalara görə, hazırda kirayə bazarında maliyə əməliyyatlarının həcmi 45 milyon manata yaxındır. Bunun da yarıya qədəri kirayə müqaviləsi olmadan vergiyə cəlb olunmur. Başqa sözlə kirayə müqavilələrinin yoxluğu səbəbəindən 20 milyon manata qədər vəsait vergiyə cəlb edilmir. Bu həcmdə vəsaitin 14 faizi 2,8 milyon manat pul deməkdir. Həmin həcmdə vəsait hər il dövlət büdcəsinə çatmır. Bu səbəbdən ekspertlər hesab edir ki, kirayə zamanı müvafiq müqavilələrin bağlanması məcburi xarakter daşımalıdır. Bunun üçün dövlət tərəfindən də zəruri addımları atılmasına, bu sahədə daha geniş tədqiqat aparılmasına ehtiyac var. Əslində, belə müqavilələr evlərini kirayə verənlər üçün də sərfəlidir. Belə ki, Mülki Məcəllənin 329-cu maddəsinə əsasən qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə əməl olunmadan bağlanmış müqavilə etibarsız sayılır. Nəticədə problem yarananda, məsələn, kirayənişin pulu vaxtında ödəmədikdə ev sahibinin ona qarşı qanunla tutarlı arqumentləri olmur. Halbuki, kirayə müqaviləsi olarsa, vəziyyət tam fərqli xarakter alar.

Sizin Reklam Yeriniz