Əlaqə Arxiv
news Image
2013.08.06
08:26
| A A A
Xocalı aeroportu ilə bağlı təxribat yenidən işə salınır
Bu, Qarabağ münaqişəsinin yenidən alovlanmasına rəvac vermək iqtidarındadır

Azərbaycanın işğal olunmuş ərazilərində yenidən qurulan hava limanını ermənilər hələ ötən ildən işə salmağa çalışsalar da, Bakının sərt xəbərdarlığı onları hələ ki, bu fikirlərindən daşındırır. Azərbaycan tərəfi açıq bəyan edir ki, hava məkanına icazəsiz təyyarələrin daxil olmasmına imkan verməyəcək.

Ermənilər də Azərbaycanın bunun üçün bütün imkanlarının olmasını nəzərə alaraq hələlik risqə getmək istəmirlər. Lakin görünən odur ki, niyyətlərindən də geri çəkilməyi düşünmürlər.

Qondarma Dağlıq Qarabağın "baş naziri" Ara Arutunyan məsələni bir daha gündəmə gətirib: "Hələ ötən il aeroportun açılışını etmək istəyirdik. Lakin bəzi texniki səbəblər buna mane oldu. Birtərəfli uçuşlar etməyə imkanımız da var, hava limanında hazırlıq işləri son mərhələdədir". Separatçı rejim guya onu nümayiş etdirmək istəyir ki, Azərbaycanın xəbərdarlıqlarına, nə də beynəlxalq konvensiyalara məhəl qoymaq istəmir. Qeyd edək ki, rəsmi Bakı ermənilərin Xocalıda aeroportu istifadəyə verməsini qanunsuz hesab edir və dəfələrlə bildirib ki, bu baş verərsə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə zərbə vuracaq.

Əslində, analoji mövqeni beynəlxalq ictimaiyyət təmsilçiləri də bölüşür. Məsələn, Almaniya Xristian Demokrat İttifaqının parlamentdəki deputatı, Bundestaqın səhiyyə komitəsinin üzvü Yens Şpan bildirir ki, Ermənistanın Xocalı hava limanının yenidən açması danışıqların davam etdirilməsini mürəkkəbləşdirir: "BMT qərarlarına əsasən, hava limanı Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində yerləşir". Digər alman deputat Kay Vegener də bildirir ki, Ermənistanın əvvəl-axır işğala son qoymaq üçün BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməsidir: "Lakin Dağlıq Qarabağda Xocalı hava limanının açılması kimi birtərəfli tədbirlər münaqişəni kəskinləşdirməkdə davam edərsə, buna nail olmaq çətin olacaq". Almaniyanın Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial Partiyasından olan deputat, Almaniya-İsrail parlamentlərarası dostluq qrupunun üzvü, xanım Daniela Ludviq isə bildirib ki, işğal beynəlxalq qanunları pozur və münaqişənin sülh yolu ilə həllinin qarşısını alır: "Bura Ermənistanın Xocalı aeroportunu yenidən açmaq ətrafında keçirilən müzakirələr də daxildir. Xocalı aeroportu Azərbaycanın ərazisində yerləşir və belə tədbirlər sülh prosesini açıq-aydın geri sürükləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsi və məcburi köçkünlərin taleyi bir-birindən ayrılmazdır. Azərbaycanın ərazi bütövlüyü yenidən tam bərpa edilmədən, məcburi köçkünlər öz torpaqlarına qayıda bilməyəcək. Bu, istənilən münaqişənin sülh yolu ilə həlli üçün məqsəd olmalıdır".

Dünya ictimaiyyətində artıq belə bir rəy də formalaşıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistan inadkarlıqla ərazilərin hərbi təcavüzünü dayandırmaqdan, minlərlə məcburi köçkünün öz evinə qayıtmasına şərait yaratmaqdan imtina edir. Eyni zamanda ATƏT-nin himayəsi altında sülh danışıqları davam etsə də, Ermənistan hakimiyyəti regionun paytaxtı olan Xankəndi yaxınlığında yerləşən Xocalıda aeroport açmağı təklif edirEkspertlərin əksəriyyəti hesab edir ki, Xocalı aeroportunun fəaliyyətə başlaması beynəlxalq hüququn bütün müddəalarını, o cümlədən Çikaqo Konvensiyasının 1, 2, 5, 6, 10-16, 24 və 68-ci maddələrin kobud şəkildə pozmuş olacaq. Qanuna görə, Xocalı aeroportu fəaliyyət göstərə bilməz, çünki Azərbaycanın hava məkanında uçuşlar hökumətin razılığı olmadan həyata keçirilə bilməz, hava məkanının istənilən pozuntusu arzuolunmaz nəticələrə gətirib çıxara bilər. BMT-nin xüsusiləşdirilmiş qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanı bu məsələdə Azərbaycanı qəti şəkildə dəstəkləyir. Bütün hüquqi nəticələri bir kənara qoysaq, bu addım sülh danışıqları və etimad mühitinin formalaşdırılmasına dair cəhdləri poza bilər. Ona görə də təəccüblü deyil ki, aeroportun açılmasına beynəlxalq reaksiya bu addımı birmənalı şəkildə pisləməkdən ibarət olub. Bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri narahatlıqlarını ifadə ediblər. Onlar bildirib ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə imkan verməyəcək.

Digər tərəfdən ermənilərin Xocalı hava limanını işə salmaq cəhdi regionda müharibəni yenidən alovlandıra bilər. Bu fonda hazırda yaşanan gərginlik irimiqyaslı münaqişəyə çevrilsə, nəticələr təkcə Qafqazda deyil, bütün Avropada hiss olunacaq. Dünyaya o da yaxşı məlumdur ki, Xocalı aeroportunun açılması məsələsinin Azərbaycan tərəfdən ağrılı qarşılanmasının başqa səbəbi də var. Aeroport 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin vəhşiliklə 613 dinc sakini qətlə yetirdiyi Xocalıda yerləşir.

Sizin Reklam Yeriniz