news Image
2013.08.06
07:34
| A A A
Bankların komisyon fırıldağı
Onlar kredit faizlərini aşağı saldıqları halda komisyon xərclərini artırırlar

Ölkədə hələ də narazılıq predmeti olaraq qalan məsələlərdən biri bankların yüksək kredit faizləri ilə bağlıdır. Bunun səbəbləri barədə indiyə qədər kifayət qədər deyilib, lakin hələ də problemin həlli istiqamətində heç bir addım atılmayıb. Araşdırmalar isə bank kreditlərinin faizlərinin yüksək olmasında komisyon haqlarının da ciddi rol oynadığını göstərir.

Hazırda ölkəmizin bəzi banklarında təklif etdikləri məhsullardan asılı olaraq komisyon haqları hətta 7- 8 % -i belə üstələyir. Bu da digər Avropa ölkələrinin komisyon haqları ilə müqayisədə çox yüksəkdir. Halbuki texnologiya və inkişaf baxımında hələ banklarımız digər ölkələrdən heç də ön sıralarda durmur. Bir çox bank reklamlarında faizlərdə bir müddətlik endirimlər və ya dəyişikliklər olduğunu söyləyirlər. Təbii ki, əhali də reklamda qeyd olunan faizlərlə daha sərfəli kreditlər əldə edə bilmələri üçün həmin banklara müraciət edir.

Lakin kreditlərin illik faizləri nə qədər aşağı düşsə də, yenə bank həmin faizləri müştəridən alır. Belə ki, faizlər aşağı endiyi zaman da komissiya haqları yuxarı qalxır. Bu xüsusda "banker" portalının məlumatına görə, əgər müştəri bankdan ehtiyacı olan bir məbləğ, məsələn 5 000 manat götürmək istəsə, ondan hətta 8.6% komissiya haqqı tutula bilər. Bu da onun almaq istədiyiniz 5 000 manatın 430 manatını banka ödəməli olması deməkdir. Bəzən buna görə də müştəri bankdan 5 000 manat almaq istədiyi halda 4 570 manat əldə etməsini anlamaqda çətinlik çəkir ki, ödədiyi məbləğ komissiya haqqıdır, yoxsa banka təqdim etdiyi bir növ şirinlik.

Bəzi banklar faizlərin nə qədər aşağı olmasını qeyd etsələr də, komisyon haqqının bu qədər olması əslində, kreditin müştəriyə daha baha başa gəlməsinə gətirir. Məhz buna görə Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarından bütün kreditlər üzrə faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması və kredit müqavilələri, bütün reklam vəsaitlərində, aparılan reklam kampaniyalarında, internet resurslarında açıqlanmasını tələb edib. FİFD ilə hesablanan zaman kreditin əsas məbləği üzrə ödənişlər, kredit üzrə faizlər, kreditə görə komissiya haqqı, kredit hesabının açılması və aparılması, o cümlədən kreditin nağdlaşdırılması xərcləri, təminatın saxlanılması , hər bir fərdi kredit üzrə bankın tətbiq etdiyi digər inzibati xərclər kimi bütün xərc və ödənişlər nəzərə alınmalıdır.

Onu da xatirladaq ki, komisyon haqqı bankların ayırdığı kreditlərin rəsmiləşdirilməsi üçün çəkilən xərcləri özündə birləşdirir. Söhbət bank müştəriləri haqqında məlumatların saxlandığı Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə sorğu göndərilməsi, verilmiş kreditlərin sığortalanması, bankda hesab açılması və digər işlər üçün vətəndaşdan alınan puldan gedir.Araşdırmalar göstərir ki, bank xidmətlərindən istifadə edənlər komisyon haqqının ya azaldılmasını, ya kredit faizinin üzərinə əlavə olunmasını, ya da ümumiyyətlə ləğvini istəyir. Rəyi soruşulanların sözlərinə görə, onsuz da kredit faizləri yüksəkdir, üstəlik pula ehtiyacı olan adamın aldığı kreditin bir hissəsini bankda qoyub getməsi doğru deyil.

İqtisadçı-ekspertlər hesab edir ki, komisyon haqlarının yüksək olması bankların qeyri-faiz gəlirlərinə üstünlük verməsi ilə bağlıdır. Başqa sözlə, banklar verilmiş hər 5 kreditdən birinin problem yaradacağını, yəni vaxtında və yaxud ümumiyyətlə qaytarılmayacağını göz önünə alaraq bunu həm yüksək faiz dərəcələri, həm də komisyon haqları ilə kompensasiya edir. Bununla belə, mütəxəssislər bu qənaətdədir ki, komisyon haqqını faiz dərəcələrinə daxil etmək və yaxud onu vətəndaşdan almamaq da olar. Sadəcə, məsələn, Rusiya təcrübəsindən istifadə etmək lazımdır.

Belə ki, bir qədər əvvəl Rusiyada bir sıra banklar komisyon haqlarının ləğvi ilə bağlı qərar qəbul edib. İndi bu ölkədə elə bir vəziyyət yaranıb ki, Dövlət Duması banklarda komisyon haqqı tutulmasının qadağan edilməsini əks etdirən qanun qəbul etməyə hazırlaşır. Qeyd olunur ki, komisyon haqqının tam ləğvi mümkün deyil. Yalnız daimi müştərilər üçün həmin məbləğ minimal həddə müəyyən olunur. Bununla yanaşı, bank rəsmiləri hesab edir ki, gələcəkdə bank sektoru tamamilə elektronlaşsa, əlavə xərclərə ehtiyac qalmaz. İndilikdə o da vurğulanır ki, Azərbaycanda kreditlərə görə komisyon haqqı beynəlxalq təcrübəyə əsaslanır. Ölkədə qüvvədə olan "Banklar haqqında qanun" isə bu məsələdə Mərkəzi Bankın kommersiya banklarının işinə qarışmasına imkan vermir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs