news Image
2013.08.07
07:12
| A A A
Səhhətimiz üçün təhlükəyə çevrilən avtobuslar
Namiq Həsənov: “Qaydalara görə, ictimai nəqliyyat vasitəsi həftədə iki və ya üç dəfə dezinfeksiya edilməlidir” Ərşad Hüseynov: “Qarşısını almaq üçün, mühəndis-texniki və hüquqi baxımdan tədbirlər görmək olar”

Adil Qeybulla: "Əhalinin kütləvi toplandığı yerlərdə ventilyasiyanın təmin olunması, havanın təmizlənməsi həyata keçirilməlidir"


"Avtobuslarda havatəmizləyicilərin olmaması yoluxucu və infeksion xəstəliklərin yayılmasına səbəb olur". Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, avtobuslarda havalandırma sistemi düzgün təşkil olunmur:

"Yay mövsümünə uyğun olaraq havatəmizləyicilər quraşdırılmır. Bu isə insan sağlamlığı üçün təhlükə mənbəyidir. Pəncərələrin açıq saxlanmaması və sanitariya qaydalarana düzgün əməl olunmaması halları ciddi nəzarətə götürülməlidir".

Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qeyd etdi ki, havaların istiləşməsini, virusların artmasını nəzərə alaraq sahibkarlara çoxdan xəbərdarlıq edilib: "Avtobuslar hər gün yuyulub təmizlənir, dezinfeksiya tədbirləri aparılır. Ümumiyyətlə, qaydalara görə, ictimai nəqliyyat vasitəsi həftədə iki və ya üç dəfə dezinfeksiya edilməlidir. Bizim tərəfdən də ən azı həftədə bir dəfə, xüsusi spirtli mayelər ilə dezinfeksiya edilir. Amma özəl sektordakı avtobuslar şirkət tərəfindən hər gün təmizlənir, dezinfeksiya edilir".

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirir ki, ictimai nəqliyyatda həqiqətən də yoluxucu və infeksion xəstəliklərin yayılma ehtimalı böyükdür: "Onun qarşısını almaq üçün mühəndis-texniki və hüquqi baxımdan tədbirlər görmək olar.

Burada mühəndis-texniki baxımdan iki şərt var. Birincisi, ictimai nəqliyyat hər gün növbədən sonra yuyulub-təmizlənməlidir. Hətta orada müəyyən dezinfeksiyaedici işlər də görmək olar. İkincisi, avtobusları istehsal edən şirkətlər normal havalandırma sistemi quraşdırmalıdır. Havalandırma sistemi də iki cür olur. Birincisi, adi havalandırma sistemidir. Yəni, bayırdan təmiz havanı daxilə vurur. İkincisi də kondisioner və istlik sistemidir. İstənilən nəqliyyat vasitəsində bu sistemi qurmaq olar. Sadəcə, burada problem həmin sistemlərin süzgəclərinin vaxtında dəyişdirilməməsidir. Süzgəclər tez-tez təmizlənməyəndə havanı yaxşı buraxmır. O sistemlər yüksək səviyyədə işlək vəziyyətdə olmalıdır. Amma bu gün sürücülər ondan əlavə enerji getdiyi üçün az istifadə edirlər. Hətta bəzi şirkətlərdə bunlar əlavə sifarişlədir. Yəni, elə şirkətlər var ki, avtobuslara kondisioner yerləşdirir. Əgər Nəqliyyat Nazirliyi dövlət sifarişi ilə və yaxud da ayrı - ayrı şirkətlər xaricdən avtobus alırlarsa, imkan daxilində bunlar nəzərə alınsa, yaxşı olar. Çünki, xaricdə kondisionerli avtobuslar var.

Amma əsas diqqət sanitar - gigyenik qaydalara ayrılmalıdır".

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, insanların çox olan yerlərdə havatəmizləyici qurğuların olması vacib məsələlərdəndir: "Söhbət tək ictimai nəqliyyat vasitəsindən yox, həm də ticarət mərkəzləri və yeraltı keçidlərdən gedir. Bu gün bizim yerlatı keçidlərdə ventilyasiya sistemləri demək olar ki yoxdur. Bu keçidlərdən vətəndaşlar ticarət obyekti kimi istifadə edirlər. Orada da sanitar - gigiyenik qaydalar qətiyyən gözlənilmir. Alıcıların orada bir neçə saat vaxt itirməsi yetər ki, ayrı - ayrı xəstəliklərin yoluxması olsun. Burada söhbət ilk öncə vərəmdən gedir. Çünki, Azərbaycan vərəmi müalicəyə tabe olmayan növünə görə əhali sayına nisbətən Ümumdünya Səhiyyə Təşkilatının hesabatında ilk sıralarda durur. Bu, çox ciddi bir göstəricidir. Ona görə də ciddi tədbirlər görülməlidir. Əhalinin kütləvi toplandığı yerlərdə ventilyasiyanın təmin olunması, havanın təmizlənməsi həyata keçirilməlidir. Əks halda orada infeksiyanın toplanması və təmas müddəti insanlarda buna yoluxma ehtimalını artırır. İctimai xəstə insanların olması mümkündür. Burada da ventilasiyanın olmaması ciddi problem yarada bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs