news Image
2012.05.15
13:40
| A A A
TQDK Təhsil Nazirliyinin məlumatlarından razı deyil
Məleykə Abbaszadə: “Məlumatda şagirdin fotoşəkili, şəxsiyyət vəsiqəsinin nömrəsi və məktəbdən arayış yoxdursa, TQDK onu imtahanlara buraxmaya bilər”

Təhsil Nazirliyinin məzunlar barədə verdiyi məlumat bazasında lazımi informasiyanın cəmi 93%-i əks olunub. Bu barədə jurnalistlərə mətbuat konfransı zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadə bildirib. "Təəssüf ki, bu baza köhnə kompüterlər idi. Biz onları qəbul etmədik. O ki qaldı məlumat bazasına, o bizə mayın 4-də daxil olub. Ancaq onunla bağlı problemlər yarandı. Bununla əlaqədar TQDK Rayon Təhsil Şöbələri ilə dəqiqləşmələr aparır. Məsələn, Bakı üzrə məlumat bazasında IX siniflər üzrə 98,8 faiz, XI siniflər üzrə isə 98,4 faiz məlumatlar öz əksini tapıb. Ümumilikdə, ölkədə orta təhsil məktəbləri üzrə məlumat bazasında 94,8% və tam orta təhsil üzrə 98,7% məktəbli barədə məlumat toplanıb", - M.Abaszadə deyib. TQDK rəhbəri onu da əlavə edib ki, əgər məlumatda şagirdin fotoşəkili, şəxsiyyət vəsiqəsinin nömrəsi və məktəbdən arayış yoxdursa, TQDK onu imtahanlara buraxmaya bilər. Qeyd edək ki, cari ilin buraxılış imtahanlarında təxminən 100 min 11-ci sinif və 120 min 9-cu sinif məzunu iştirak edəcək.

O qeyd edib ki, bu həftə ərzində Zaqatalada dağıntıya məruz qalan məktəblərin siyahısı təqdim olunacaq. O bildirib ki, həmin məktəblərlə bağlı məsələyə baxılacaq və orada oxuyan şagirdlər imtahanlardan azad olunacaqlar. "Həmin şagirdlərin qiymətləndirilməsi illik qiymət əsasında aparılacaq".

Məleykə Abbaszadə 2012-ci ildə 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. O bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə XI sinif, iyunun 3-də IX sinif şagirdləri imtahan verəcəklər. Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda saat 10:00-da XI siniflər, 15:00-da IX sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda saat 10:00-da XI siniflər, 15:00-da IX sinif şagirdləri imtahan verəcəklər. Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də 10:00-da XI siniflər, 15:00-da IX sinif şagirdləri imtahan verəcəklər. Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da saat 10:00-da XI siniflər, 15:00-da IX sinif şagirdləri üçün imtahan keçiriləcək. Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyulun 4-də saat 10:00-da XI siniflər, 15:00-da IX sinif şagirdləri imtahan verəcəklər. M.Abbaszadənin sözlərinə görə, Gəncə, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verəcəklər.

Qeyd edək ki, buraxılış imtahanları ana dili (Azərbaycan bölməsinin şagirdləri Azərbaycan, rus bölməsinin şagirdləri rus dili fənni) və riyaziyyat fənləri üzrə keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30 test tapşırığı veriləcək. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yazacaqlar. İmtahan 2 saat davam edəcək.

Məleykə Abbaszadə bildirib ki, bu günə kimi 87 min abituriyent Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ali məktəblərə daxil olmaq üçün sənəd verib. O qeyd edib ki, sənəd qəbulunun yekunlaşmasına 3 gün vaxt qalıb. Həmin vaxt ərzində bütün abituriyentlər sənəd verməlidirlər. Bundan sonra sənəd qəbul olmayacaq.

M.Abbaszadə orta məktəblərdə imtahan verəcək 9-11-ci sinif şagirdlərinə xəbərdarlıq da edib. O bildirib ki, əgər əvvəllər imtahanlarda nizam-intizama əməl olunmurdusa, bu ildən belə hallara yol verilməyəcək, bütün imtahanlarda başqa məktəblərin müəllimləri nəzarətçi salınacaq. "Uşaqların şparqalka və telefondan istifadəsinə yol verilməyəcək. Əgər belə hallar aşkarlanarsa, nəticələr ləğv olunacaq". M.Abbaszadənin sözlərinə görə, kənd yerlərində yaşayan şagirdlərin uzaq əraziyə getməsinə ehtiyac qalmayacaq. Belə ki, builki imtahanlar zamanı şagirdlər 50 km-dən uzaq məsafəyə getməyəcəklər.