news Image
2013.08.14
07:58
| A A A
Milli Şura və İctimai Palata eyni vaxtda dağılır
Cümşüd Nuriyev: "Milli Şura ilə İctimai Palatanın eyni vaxtda dağılacağı şəksizdir" Gülağa Aslanlı: "Hər halda AXCP Müsavatın qərarının düz olduğunu bir daha öz addımı ilə sübut etdi"

Seçkilərin yaxınlaşdığı bir ərəfədə cəmiyyətə guya bir arada olduqlarını nümayiş etdirməyə çalışan Müsavat Partiyası ilə AXCP yenə də bir-birilərini "qırmağa" girişiblər. Kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şuranın namizədi olaraq Azərbaycana gəlmək məsələsi müəmmalı qalanda Müsavat Partiyası ehtiyat namizədin də olması təklifilə çıxış etdi. Bu səbəbdən də Müsavat İsa Qəmbərin prezidentliyə namizədliyinin dəstəklənməsilə bağlı partiyanın cari ilin yanvarın 4-də verdiyi qərarı hələ də qüvvədə saxlayıb.

Lakin Milli Şura yaranandan üzü bəri AXCP və qurumdakı digər qüvvələr Müsavatı ehtiyat namizəd kimi görmək istəmir. İndi isə AXCP-nin özü də ehtiyat namizəddən danışmağa başlayıb və deyəsən, bu fonda Əli Kərimlini görürlər. Bu əsasda isə Milli Şuradakı aparıcı həmin iki qüvvə arasında yenidən ziddiyyətlər qarışıb. Əvvəllər olduğu kimi yenə də hər iki tərəfdəki qüvvələr bir-birinə qarşı təhqirlərə yol verməyə başlayıblar. Həmin vəziyyət isə ondan xəbər verir ki, Milli Şura ilə İctimai Palata eyni vaxtda parçalanaraq dağılacaq.

Politoloq Cümşüd Nuriyev də əminliklə söylədi ki, Milli Şura ilə İctimai Palata eyni vaxtda dağılacaq: "Müsavat qismən oturuşmuş və şəbəkəsi olan bir partiyadır. Baxmayaraq ki, müxalifətdəki bəzi qüvvələr Müsavatı zaman-zaman sökdülər, amma hələ də orada sözünü deyə bilən bir neçə adam var. AXCP-də isə kimsə yoxdur, Əli Kərimli tək qalıb. Onun yürütdüyü siyasəti ondan ibarətdir ki, yanında ancaq zəiflər qalsın. Əli Kərimli heç zaman İsa Qəmbəri sevməyib. Milli Şura ideyasını AXCP ona görə dəstəkləyib ki, bu yolla İsa Qəmbəri zərərsizləşdirməklə məşğul olsunlar. Həmin qüvvələr bu gündə həmin məsələ ilə məşğuldurlar. Çünki Əli Kərimlidə qisas deyilən məfhum çox güclüdür. Onun İsa Qəmbərə yönəlik qisası hələ də öz həllini tapmayıb. Əvvəlcədən də bəlli idi ki, Milli Şura Rusiyanın hazırladığı ssenaridir. Amma bəlli idi ki, əvvəl-axır Rusiya da onları satacaq. Çünki Rüstəm İbrahimbəyov və Eldar Namazov ancaq öz gəlirləri naminə siyasətdən istifadə edirlər. Təəssüf ki, Milli Şuradakı digər qüvvələr bu reallığı görmədi. Amma İsa Qəmbər görürdü, ona görə də sona qədər öz namizədliyini müdafiə edir. Bu isə Əli Kərimlinin planına uyğun gəlmir. Çünki o İsa Qəmbərdən fərqli olaraq prezidentliyə namizəd olsa da belə, bu AXCP-nin tamamilə məhvilə nəticələnəcək. Əli Kərimli Milli Şurada çalışır ki, İsa Qəmbəri də öz ardınca sürükləsin. Milli Şurada mal və siyasət bölgüsü var ki, bu da onların münasibətinə təsirsiz ötüşmür. Onlar mehriban düşməndirlər, heç zaman bir-birini qəbul etməyəcəklər. Əli Kərimli heç zaman səmimi siyasətçi olmayıb, o, məkirli siyasətçidir. Ona görə də bu iki qüvvənin bir arada olması mümkünsüzdür. Bu fonda da Milli Şura ilə İctimai Palatanın eyni vaxtda dağılacağı şəksizdir".

Müsavat başqanının müavini Gülağa Aslanlı isə qəzetimizə açıqlamasında məsələyə diplomatik tərzdə cavab verdi: "Kimsə sonradan təhlil apararaq vəziyyəti düzgün qiymətləndirərək, bizim söylədiyimiz təkliflərin doğru olduğunu anlayaraq, təkliflərimizi dəstəkləyirsə, onlara münasibətimiz yaxşıdır. Buna ancaq sevinə bilərik. Hər halda AXCP Müsavatın qərarının düz olduğunu bir daha öz addımı ilə sübut etdi".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs