news Image
2013.08.15
07:51
| A A A
Bijuteriya və suvenirlərin də saxtası çoxalır
Belə məhsulların bir çoxu isə ölkə xaricində hazırlanır

Bu gün getdikcə qabarmaqda olan problemlərdən biri də saxta məhsullarla bağlıdır. Vaxtaşırı dövriyyədən saxta, keyfiyyətsiz məhsulların çıxarılmasına dair məlumatlara rast gəlmək mümkündür. Belə məhsullar sırasında ərzaq malları üstünlük təşkil edir, lakin qeyri-ərzaq məhsullarını da xüsusi çəkisi getdikcə artır.

Bunun üçün İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet səhifəsində bu qəbildən olan xəbərdarlıqlara nəzər salmaq yetərlidir.

Xidmətin buradadaha bir xəbərdarlığı bijuteriya, yəni ucuz zərgər bəzəklərini alan istehlakçılara ünvanlanıb. Məsləhət görülür ki, ucuz bəzəkləri - qolbağı, boyunbağı, üzük və sair alarkən, onun vurğulanan üstün özəlliklərindən daha çox, nədən hazırlandığına, sağlamlığa təsir dərəcəsinə diqqət yetirmək lazımdır. Bir sözlə, alıcıları, el məsəlində deyildiyi kimi, "ucuz ətin şorbası olmaz" deyimini unutmamağa çağırırlar. Keyfiyyət ucuzluqdan da, parlaqlıq və gözəxoşluqdan da üstün özəllik sayılır.

Bijuteriya zəmanət müddətilə satılan mallar siyahısına daxil deyildir. Bu səbəbdən istehlakçılar bu məhsulları alarkən diqqətli olmalıdır. Ticarət şəbəkəsində bijuteriya məhsulları adətən müxtəlif formalı şüşə stellajların altında saxlanılmalı və istehlakçıların seçim etməsi üçün zəruri şərait yaradılmalıdır. Bijuteriya alınan zaman kiçik qutu və yaxud şəffaf bağlamaya qablaşdırılmalıdır. Müvafiq dövlət orqanları tərəfindən onların keyfiyyət və təhlükəsizliyinə nəzarət olunmasına baxmayaraq bir qisminin mövcud tələblərə cavab verməməsi və təhlükə mənbəyi olması istisna olunmur. Bu səbəbdən bijuteriya alarkən xüsusilə diqqətli olmaq vacibdir.

Bir çox istehlakçılar bijuteriya alarkən onun daha ucuz olmasına, cəlbediciliyinə, parıltılı olmasına üstünlük verirlər. Lakin bijuteriya alarkən onun qeyd olunan əlamətlərindən daha çox keyfiyyəti və sağlamlığınıza təsirini düşünmək lazımdır. Nəzərə alın ki, əsasən ucuz bijuteriya istehsalında istifadə edilən xammalın tərkibində qeyd olunan zərərli maddələr ola bilər və bu sağlamlığınız üçün təhlükəlidir. Belə bijuteriyalarda normadan çox fenol, toksit və radioaktiv maddələrin olması sağlamlığınıza ciddi zərbə vura bilər. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə diqqət etmək lazımdır.

Eyni zamanda nəzərə alın ki, bijuteriya fiziki baxımdan da sağlam olmalıdır. Ucu iti formalı, çatlamış, qırılmış bijuteriyaların alınması məsləhət deyil. Xüsusilə bijuteriya alarkən onların materialına fikir verin. Ticarət şəbəkəsindən bu malları əldə edərkən mütləq diqqətlə nəzərdən keçirilməli, üzərində heç bir qüsur, qopuq, cızıq olmamalıdır.

Lakin saxta məhsulların sırası qeyd olunanlarla məhdudlaşmır. Satışda olan suvenirlər arasında belə saxtaları da var. Düzdür, satıcılar bunu ayırd etməkdə çətinlik çəkdiklərini deyirlər.

Amma bazarda saxta suvenirlərin üstünlük təşkil etdiyini İqtisadi İnkişaf Nazirliyi də təsdiqləyir. Nazirliyin şöbə müdiri Şahin Nağıyevin sözlərinə görə, mənşəyi məlum olmayan süvenirlər aşkar edilib ki, bu cür mallar satışdan çıxarılıb: "Həmin şəxslərlə bağlı qanuna müvafiq tədbirlər görülüb". Nazirlik rəsmisi deyir ki, suviner alarkən aldanmamaq üçün mütləq sənəd tələb olunmalıdır. Şahin Nağıyev qeyd edir ki, qanunvericiliklə saxta suvenirlərin satışı qadağandır və bunun üçün cərimə nəzərdə tutulub: "Əgər saxta süvenir olduğunu narahat edirsə istənilən malın mənşəyini tələb edən sənəd tələb edilməlidir. Biz mütəmadi olaraq reydlərimizi davam etdirəcəyik". Alıcılar isə deyir ki, suvenirin keyfiyyətli olub-olmamasını görüntüyə əsasən müəyyənləşdirirlər ki, bu metod da çox vaxt yanlış olur.

Maraqlıdır ki, satıcılar da saxta suvenirlə saxta olmayanını ayırd etməkdə çətinlik çəkirlər. Mütəxəssislər də bildirir ki, bu gün ölkə bazarında kifayət qədər saxta süvinerlər satılır. Hətta bəzən elə olur ki, xarici turistlərə saxta suvinerlər milli ad altında təqdim olunur. Dekorativ tədbiqi sənəti üzrə mütəxəsis İmran Kərimov ATV-əyə açıqlamasında deyir ki, müxtəlif rayonlarda, bölgələrdə, Şəki xan sarayında olanda da görüb ki, xaricdən gələn qonaqlara təqdim olunan suvenir xarakterli əl işləri Azərbaycanda hazırlanmayıb.

Onu da bildirək ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda istehlakçının hüquqları ilə bağlı səkkiz bənd yer alıb.

Qanuna görə, malı və onun istehsalçısını sərbəst seçmək hüququ olan istehlakçının aldığı məhsulun keyfiyyəti, təhlükəsizliyi və çeşidi haqqında dolğun məlumat almaq hüququ var. Bundan başqa sağlamlığa təhlükə yaradan malların vurduğu ziyanın ödənilməsini tələb edə, öz hüquqlarını qorumaq üçün dövlət orqanlarına, məhkəməyə üz tuta və ictimai təşkilatlarda birləşmək hüququndan yararlana bilərsiniz.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs