Əlaqə Arxiv
news Image
2013.08.16
08:54
| A A A
Maşın yağı ilə bişən çörəklər
Kiçik sexlərdə çörəkbişirmə ilə bağlı böyük problemlər hələ də davam edir

Standartlara uyğun çörək bişirilməsi və istehlakçılara çatdırılması daim aktual mövzular sırasında yer alıb. Hazırda məsələnin təəssüfdoğuran tərəflərindən biri odur ki, əas etibarı ilə kiçik sexlər hesabına çörəkbişirmədə ciddi qüsurlar qalmaqda davam edir. Müvafiq dövlət qurumlarının apardığı araşdırmalar isə belə sexlərin insan səhhəti üçün həm də ciddi təhdid yaradır.

Hər halda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsi tərəfindən rayonun Dəliməmmədli şəhərində aparılan reyd zamanı üzə çıxardığı faktlar qeyd edilənlərin real təsdiqi oldu.

Qeyd edək ki, sözügedən qurum tərəfindən Goranboyda çörək məhsullarının istehsalı və satışı ilə məşğul olan sexdə reyd keçirilib. Reyd zamanı şəhər sakini Cümşüd Cabbarova məxsus çörək bişirmə sexində xeyli sayda nöqsanlar müəyyən edilib. Qurumun məsləhətçisi Fərid Namazovun verdiyi məlumata görə, reydin keçirilməsində əsas məqsəd fərdi vətəndaşlara məxsus çörəkbişirmə sexləri və xüsusi üsulla hazırlanan çörəkbişirmə yerlərindəki vəziyyəti müşahidə etmək və mövcud problemləri aradan qaldırmaqdır. O, yoxlamalar zamanı istehsal obyektində antisanitar vəziyyət və standartların tələblərinin kobud şəkildə pozulması hallarına rast gəlindiyini bildirib. Yoxlamalar zamanı sexdən çörəyin bişirilməsində avtomobil mühərriki üçün nəzərdə tutulan yağlardan istifadə olunduğu üzə çıxıb. F.Namazovun dediyinə görə, mühərrik yağlarından istifadə etmə insan sağlamlığına mənfi təsir göstərir. Bundan başqa, sexdə istismar müddəti başa çatmış avadanlıqlarla çörək bişirilmə hallarına da rast gəlinib. Komitə əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, məhsulların gigiyenik və uyğunluq sertifikatları da yoxdur. İstehsal obyektlərində aparılan bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılıb.

Bundan əvvəl də belə məlumatlar yayılmışdı ki, servis mərkəzlərində maşınlardan götürülən işlənmiş yağları bəzi çörək sexləri alır. O d aqeyd olunurdu ki, maşın yağını sobanin içinə girən lentin üzərinə vururlar, halbuki, ona əslində bitki yağı vurulmalıdır. Bir çox sexlərdə isə 3-4 dəfə istifadə edilmiş bitki yağı vururlar. Lakin bəzi işbazlar həmin lentin üzərinə istifadə edilmiş maşın yağı sürtürlər. Xatırladaq ki, çörək bu lentin üzərində bişir.

Ümumiyyətlə, bu günə qədər həyata keçrilən yoxlamalar əsas etibarı ilə kiçik sexlərdə çörəkbişirmə ilə bağlı böyük problemlərin olduğunu üzə çıxarıb. Belə sexlərdə çörəyin bişrilməsindən tutmuş, daşınma prosesinə qədər əksər gigiyenik normalara əməl olunmur. Əslində çörək şüşə dolablarda saxlanmalıdır, satıcı isə çörəyi əlcəklə götürməlidir. Həmçinin, belə çörək sexlərində sürətləndirici mayalardan istifadə edilir. Bu isə sağlamlığa çox ziyanlıdır. Bu sexlərdə heç soyuducu şkaflar da yoxdur, halbuki, hazır çörəklər 5 saat o şkaflarda saxlanmalıdır. Çünki isti çörəyi qablaşdırmaq olmaz. Lakin kiçik sexlərdə buna, demək olar ki, əhəmiyyət verilmir.

Digər tərəfdən, bu sahədə əsas problemlərdən biri məhz hazır çörəyin satış yerlərinə daşınmasıdır. Məsələ burasındadır ki, bütün satış məntəqələrinə çörək heç də xüsusi maşınlarda daşınmır və burada şəxsi avtomobillərdən də istifadə edilir. Belə hal isə adətən gigiyenik qaydaların pozulması ilə müşayiət edilir. Vəziyyətdən çıxış yolu kimi hökumət iri çörək müəssislərinin sayının çoxaldılmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, ölkədə etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə müasir texnologiyaların tətbiqinə əsaslanan yeni çörək istehsalı müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24 çörək istehsalı (illik istehsal gücü 235 min ton çörək) zavodunun tikintisinə 36.8 milyon manat həcmində güzəştli kreditlər verilib. Bu zavodlardan 13-ü artıq istifadəyə verilib, digər 11-nin tikintisi isə davam etdirilir.

Sizin Reklam Yeriniz