news Image
2013.08.17
07:40
| A A A
Xəzərin status probleminə Türkiyə də müdaxilə edəcək
Qabil Hüseynli: "Ərdoğan Xəzərin dibindən qaz kəmərinin çəkilişi məsələsində öz gücünü sınasa, daha yaxşı olardı" Elşən Manafov: "Ərdoğanın məlum bəyanatı Türkiyənin və üzvü olduğu NATO-nun bu bölgədəki enerji təhlükəsizliyilə bağlı maraqlarından qaynaqlanır"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkmənistanda səfərdə olarkən Xəzər dənizində yaşanan problemlərlə bağlı maraqlı bir açıqlaması ilə yadda qalıb. Belə ki, o Türkiyənin Xəzərdə yaranmış problemin həllinə töhvə verə biləcəyini bildirib. Bilindiy kiim isə Xəzərdə əsas problem dənizin statusu ilə bağlıdır.

Qeyd edək ki, 20 ildən artıqdır ki, Xəzərin statusu məsələsi problem olaraq qalır. Xəzəryanı dövlətlər status məsələsində hələ də vahid məxrəcə gələ bilmirlər. Rusiya, Azərbaycan və Qazaxıstan status məsələsində razılığa gəldiyi halda, İran və Türkmənistan hələ də dirəniş göstərir. İran dənizin 5 sərhəd dövləti arasında bərabər şəkildə bölüşməsini tələb edir. Türkmənistan isə Azərbaycan ərazisinə düşən bəzi yataqları öz adına çıxmağa çalışır. Bu fonda da status məsələsi həll olunmamış qalır. Onu da vurğulayaq ki, məsələnin həll olunmamış qalması İran və Rusiya üçün sərfəlidir. Belə ki, status məsələsinin həlli Qərbin həmin bölgəyə daha geniş həcmdə axın etməsinə, bura qoyduğu investisiyaların həcmini daha da artırmağa sövq edə bilər. Bu vəziyyət isə Xəzərdə kənar dövlətlərin olmasını istəməyən Tehranla Moskvanı heç cürə qane etmir. Həmin səbəbdən də statum məsələsinin həlli dalana dirənib. Lakin Türkiyə tərəfi probemin həllinə töhvə verə biləcəyini bəyan edir. Görəsən, Ankaranın bu bəyanatı nə dərəcədə realdır və real olduğu təqdirdə qardaş ölkə hansı töhfələri verə bilər?

Politoloq Qabil Hüseynli düşünür ki, hazırda Xəzərin statusunu müəyyənləşdirmək ən çətin məsələlərdən biridir: "Adətən dövət başçıları bu və yaxud digər problemləri həll etməyə töhvə verə biləcəkləri barədə həmişə danışmağı sevirlər. Ərdoğan öz imkanlarını yüksək tutmaq və populizmə meylli olması ilə seçilən siyasi liderdir. Xəzər dənizinin statusunu müəyyənləşdirmək hazırda ən çətin məsələlərdən biridir. Hətta deyərdim ki, bu məsələnin həlli Qarabağdan da çətindir. Ərdoğan yəqin ki, Xəzərsahili dövlətlər içərisində üçünün türkdilli, birinin isə İranın müsəlman ölkəsi olması və onlara təsir imkanlarını nəzərdə tutaraq belə fikrə gəlib. Çoxluğun üzərində müəyyən təsirinin olmasını görərək belə deyir. Bu nöqteyi-nəzərdən Ərdoğan Xəzərin dibindən qaz kəmərinin çəkilişi məsələsində öz gücünü sınasa, daha yaxşı olardı. Çünki Türkmənistan öz qazını Transxəzər kəməri vasitəsilə nəql etmək istəyir, Rusiya isə buna mane olur. Transxəzər qaz kəməri layihəsinin çəkilməsi isə Türkiyənin öz strateji marağı üçün çox prinsipial əhəmiyyətə malikdir. Ərdoğan Xəzərlə bağlı problemin həllində ölkəsinin töhvə verə biləcəyini deyirsə, gərəkdir ki, sözünün arxasında dursun və onu gerçəkləşdirməyə başlasın. Xəzərin statusu ilə yanaşı Transxəzər qaz və neft kəməri layihəsi Rusiyanın əngəliən tuş gələn mühüm məsələlərdən biridir. Bu məsələrdə maneələri neytrallaşdıra bilsə Ərdoğan böyük işlər görmüş olar".

Politoloq Elşən Manafov isə bu qənaətdədir ki, Türkiyənin hazırkı şəraiti nəzərə alsaq, Xəzər dənizilə bağlı problemin həllinə töhfə verməsi çətindir: "Xəzər su hövzəsilə bağlı məsələdə Türkiyənin mövqe sərgiləməsi əslində Qərbin və birbaşa üzvü olduğu NATO-nun bu bölgəylə bağlı maraqlarından irəli gəlir. Turkiyə regional dövlət kimi bölgəmizdə həm də öz marağından çıxış edir. Azərbaycanla ikitərəfli əlaqələr kontekstində təbii ki, bu anlaşılandır. Eyni zamanda, Qərb Türkiyə vasitəsilə, NATO və ABŞ-ın bölgədəki maraqlarını təmsil etmək və qorumağa təsir göstərir. Aydın məsələdir ki, Xəzər su hövzəsindən Qərbin enerji təminatı ilə bağlı məlum neft-qaz terminalları artıq işlək vəziyyətdədir. Xəzər su hövzəsi uğrunda mübarizə Putinin Bakıya səfərindən sonra təbii ki, daha da güclənəcək. Çünki səfər zamanı Putinin gəlişilə yanaşı eyni zamanda, Rusiyanın Xəzərdəki donanmasının Bakı buxtasına daxil olması da əslində Azərbaycandan çox Qərbə yönəlik bir mesaj kimi qəbul olunmalıdır. Ərdoğanın məlum bəyanıtı da Türkiyənin və üzvü olduğu NATO-nun bu bölgədəki enerji təhlükəsizliyilə bağlı maraqlarından qaynaqlanır. Zamanında ABŞ-ın məşhur politoloqu Bjezinski "Şahmat taxtası üzərində mübarizə" əsərində yazmışdı ki, Xəzər su hövzəsi Qərbin Cənubi Qafqazdan Mərkəzi Asiyaya gedən yolda tıxac rolunda çıxış edən bir amildir. Nə qədər ki, bu tıxac var ABŞ heç bir vəchlə Mərkəzi Asiya bazarındakı maraqlarını qoruya bilməz. Bunu Türkiyə də başa düşür. Güman edirəm ki, türkdilli dövlətlərin Qəbələ sammitindən sonra Qərblə Rusiya arasında dünyanın bu bölgəsi uğrundu mübarizə getdikcə daha fərqli bir müstəvi üzərinə keçəcək. Bunu Obamanın sox çıxışları da təsdiq edir. Böyük 20-lərin Moskvada gözlənilən toplantısına qatılmamağı bəyan etməklə. O bildirib ki, Putinin hərəkətləri nəticəsində Vaşinqtonla Moskva arasında münasibətlər soyuq müharibə mərhələsinə qədəm qoyub".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs