Əlaqə Arxiv
news Image
2013.08.20
08:16
| A A A
Yarmarkalarda eyni məhsulun fərqli qiymətləri
Vahid Məhərrəmov: "Bəzi yarmarkaların bazara yaxın olması qiymət fərqi üçün seçim imkanı yaradır" Sabir vəliyev: "Burada ikinci bir vasitəçi, alverçi olmadığından yarmarkalarda qiymətlər bazara nisbətən ucuz başa gəlir"

Ölkəmizdə artıq neçə illərdir ki, bazarla yanaşı, yarmarkalar da təşkil olunur. Bazarda satılan məhsullara nisbətən yarmarkalarda qiymətlərin nisbətən uzun olduğu da heç kimə sirr deyil. Bunu hallarda alıcılar da təsdiqləyirlər. Onların dediklərinə əsasən, belə qənaətə gəlmək olar ki, yarmarkalarda qiymətlər bazara nisbətən 20-30 faiz ucuzdur. Amma bəzi alıcılar isə burada bazarla müqayisədə elə də qiymət fərqinin olmadığını bildirirlər.

Digər tərəfdən, yarmarkaların özləri arasında da qiymət fərqləri mövcuddur. Bəzi yarmarkalarda digərinə nisbətən məhsul daha baha qiymətə başa gəlir. Yarmarkaların özləri, eləcə də, yarmarka ilə bazar arasında qiymət fərqlərin səbəblərini araşdırmaq üçün ekspertlərə müraciət etdik.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov əksinə, düşünür ki, yarmarkalarda qiymətlər heç də bazarla müqayisədə ucuz deyil: "Azərbaycanda informasiyalar vasitəsilə psixoloji baxımdan belə bir fikir formalaşıb ki, yarmarkalar bazardan fərqli olaraq nisbətən ucuz qiymətlərə kənd təsərrüfatı məhsulları təklif edir. Ancaq reallıqda yarmarkaları "8-ci kilometr" bazarı ilə müqayisə etsək, bunun əksinin olduğunu müşahidə edərik. Sanki bu yarmarkalar "8-ci kilometr", "Yaşıl bazar" və digər mərkəzi bazarlarda olan qiymətləri özündə əks etdirir. Bu kimi sadaladığım ərazilərdəki bazarlarda təklif olunan qiymətlər yarmarkalarda təklif olunan qiymətlərdən aşağıdır. Bakıda istənilən istehlakçı arasında sorğu etsək, onlar dediyim bu fikirləri tamamilə təsdiqləyəcək. "8-ci kilometr" bazarında qiymətlər həqiqətən də aşağıdır. Çünki bu ərazidə fermerlər məhsullarını özləri satmaq imkanı əldə edirlər. "3-cü mikrorayon bazarı"nda isə məhsulu gətirən maşınların manevr imkanları məhdudlaşdırıldığından burada qiymətlər sadaladığım digər iki bazarla müqayisədə yüksəkdir. Yarmarkalara gətirilən məhsullar isə əsasən "8-ci kilometr", "Yaşıl bazar" və digər bazarlardan gəlir. Burada həftə ərzində satılmayan məhsulları həftə sonu həmin yarmarkalara gətirib nisbətən ucuz qiymətlərə satırlar. Ona görə də yarmarkalara daxil olanda qiymət məsələsində gözümüz aldanır. Yəni yarmarkalardakı ucuzluq heç də kənddən gətirilən təzə məhsullarla bağlı deyil, əsasən bazarlarda satılmayıb qalan məhsulun hesabınadır. Bəzən bələdiyyə qurumlarından tələb olunur ki, onlar öz kəndlərindən məhsulu gətirdib yarmarkalarda satışını təşkil etsinlər. Bunu bələdiyyə qurumlarının nümayəndələri belə bizə bildirib". Vahid Məhərrəmov apardığı monitorinqlərə əsasən bu qənaətə gəlib ki, yarmarkalar arasında da qiymət məsələsində nisbətən fərqlər var: "8-ci kilometr" bazarına yaxın olan ərazidəki yarmarkada qiymət nisbətən aşağıdır. Bunun da səbəbi odur ki, həmin ərazidəki alıcılır üçün bazar yaxın olduğundan onların seçim imkanı var. Həm də onların "8-ci km" bazarından daşıyıb gətirdiyi məhsulun xərci də az çıxır. Belədə qiymət də bir qədər ucuz olur. Amma bazardan uzaqda yerləşən yarmarkalarda satışla məşğul olanlar üçün manipulyasiya imkanları olur və onlar da bundan istifadə edərək başqa yarmarkalarla müqayisədə qiymətləri bir qədər baha qoyurlar".

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin dediyinə görə, yarmarka qiymətlərinin bazar qiymətlərilə müqayisədə ucuz olması satıcı qismində burada fermerin özünün iştirak etməsilə bağlıdır: "Yarmarkalarda qiymətlərin bazara nisbətən uzun başa gəlməsi məhsulun birbaşa olaraq rayondan fermer tərəfindən gətirilib satılması ilə bağlıdır. Yəni burada ikinci bir vasitəçi, alverçi olmadığından yarmarkalarda qiymətlər də bazara nisbətən ucuz başa gəlir. Bazarda isə məhsulu fermer deyil, alverçilər satır".

Yarmarkalar arasında qiymət fərqini isə həmsöhbətimiz prosesə ayrı-ayrı rayonların təhkim olunması ilə əlaqələndirdi: "Hər bir yarmarkaya müəyyən rayonlar təhkimdir. Bu əsasda yarmarkanın birində digərilə müqayisədə qiymət fərqinin olması məhsulun bir ərazidə ucuz, digərində baha olması ilə bağlıdır".

Sizin Reklam Yeriniz