Əlaqə Arxiv
news Image
2013.08.21
08:27
| A A A
Qiymətləndirmə sahəsində çözümünü tapmayan problem
Vəziyyətdən çıxış yolu kimi "Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun yenilənməsi vacib sayılır

Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində bu ölkəmizdə müəyyən problemlər yaşanması danılmaz həqiqətdir. Hesab olunur ki, məsələnin birdəfəlik həlli üçün "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun yenilənməlidir.

Xatırladaq ki, ölkeəmizdə 1998-ci ildən etibarən "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun qüvvədədir. Bu qanuna əsasən, ölkədə qiymətləndirmə işini yalnız müstəqil qiymətləndirici təşkilatlar aparmalıdır. Burada məqsəd əhalinin əmlakının qiymətləndirilməsinin düzgün, heç bir bankın marağını müdafiə etmədən aparılmasıdır. Lakin bu sahədə bəzən pozuntular aşkarlanır - insanların kredit üçün banklara qoyduqları girov mövcud bazar qiymətindən kəskin fərqli şəkildə qiymətləndirilir.

"Qiymətləndirmə fəaliyyəti haqqında" qanun artıq müasir dövrün tələblərinə cavab vermir. Rusiyada bu qanun Azərbaycandan 8 ay sonra qəbul edilib. Buna baxmayaraq, qonşu ölkədə bu qanuna 14 dəfə əsaslı dəyişikliklər edilib. Azərbaycanda isə bu qanunun qəbulundan 15 il keçir. Bu müddət ərzində tələb və təkliflərin dəyişilməsinə baxmayaraq, qanunda heç bir dəyişiklik edilməyib.

Hələ ötən ildən belə məlumatlar gəzir ki, Milli Məclisdə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik ediləcək. Lakin indiyə qədər parlament bu istiqamətdə heç bir addım atmayıb. Qeyd olunduğu kimi əmlakın və torpağın qiymətləndirilməsini əhatə edən mövcud qanunda bir sıra boşluqlar var. Ekspertlər qiymətləndirmə ilə bağlı yeni meyarların qəbulu zamanı Ukrayna modelindən istifadəni məqsədəuyğun hesab edir. Ukraynada əmlakın və torpağın özəlləşdirilməsi və satış prosesində istiqamətində bütün iri şəhərlərdə zonalar üzrə minimum qiymətlər müəyyən edilib. İstər dövlət, istərsə də özəl alıcı təşkilat qanunla müəyyən edilən minumlardan aşağı vəsait ödəyə bilməzlər. Azərbaycanda xüsusən Bakı və digər iri şəhərlərdə zonalar üzrə minimumların müəyyən edilməsi zəruri sayılır. Ukrayna modeli əmlak və torpaq sahiblərinin hüquqlarının qorunması, daha konkret ölçülən kompensasiyanın müəyyyən edilməsi baxımından da uğurludur. Bu model ölkəmizdə bankların qiymətləndirmə fırıldağına son qoyması üçüe də jiddi əsas yarada bilər. Məsələ burasındadır ki, qiymətləndirməni bank ekspertləri özləri apardıqlarından girovu real dəyərindən çox aşağı qiymətləndirirlər.

Bununla banklar həm müştəriyə ziyan vururlar, həm də qanunvericiliyin tələblərini pozurlar. Onu da bildirək ki, yaranmış vəziyyət qiymətləndirmə fəaliyyətində müxtəlif problemlərə səbəb olmaqla yanaşı, əmlakın düzgün qiymətləndirilməsinə, əmlak vergisinin düzgün hesablanıb tutulmasına mane olur və büdcə gəlirlərinə təsir edir. Daha bir maraqlı məqam isə odur ki, qızıl-zinət əşyalarını bankda girov qoyub pul (lombard krediti) götürmək istəyənlər ən yaxşı halda həmin əşyaların bazar dəyərinin üçdə biri qədər vəsait əldə edir. Halbuki, kreditin ödənilməsi gecikdiriləndə, yaxud ümumiyyətlə, qaytarılmayanda bank müsadirə etdiyi qiymətli əşyaların satışı hesabına nəinki vətəndaşın borcunu bağlayır, bəzən hətta əlavə gəlir də əldə edir. İtirən isə təbii ki, vətəndaşdır. Eyni sözü biznes kreditləri haqqında da demək olar.

Onu da bildirək ki, Azərbaycanda əmlakın qiymətləndirilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müvafiq standart qəbul etsə də, onun tətbiqi məcburi xarakter daşımır. Buna görə də, kommersiya bankları standartlara uyğun işləyən qiymətləndirmə təşkilatları ilə əməkdaşlıq etməkdənsə, daha çox özlərinə sərf edən və şərtlərini rahatlıqla diktə etdikləri müxtəlif fiziki şəxslərin xidmətindən istifadə edir.

Sizin Reklam Yeriniz