Əlaqə Arxiv
news Image
2013.08.21
08:44
| A A A
Yerli avtomobil alana pul veriləcək?!
Vüqar Bayramov: "Əhalini yerli istehsal olan avtomobilləri almağa stimullaşdırmaq üçün onlara dotasiyanın verilməsi praktikası dünyanın müxtəlif ölkələrində tətbiq olunur" Azər Mehtiyev: "Milli avtomobil istehsalının prioritet təşkil edildiyi ölkələrdə daxili istehsal stimullaşdırılır"

Yaşar Əsədov: "Görünür, növbəti mərhələdə..."


Azərbaycanda avtomobillərin sayı günü-gündən artır. Artıq ölkədə 1,2 milyona qədər maşın var ki, onun da 800 mini paytaxtda cəmləşib. Ölkəmizə Yaponiya, Almaniya, Cənubi Koreya, Rusiya və bir sıra digər ölkələrdən avtomobil gətirilir. Avtomobil satışı tamamilə özəl sektor vasitəsilə reallaşır. Daxili istehsala gəldikdə isə Azərbaycanda artıq bir neçə ildir ki, müəyyən sayda yerli avtomobillər buraxılır.

Bu da ondan irəli gəlir ki, əhali yerli avtomobili deyil, idxal maşınını almağa üstünlük verir. Çünki xaricdən gətirilən maşınlar keyfiyyət göstəriciləri baxımından yerli istehsalı ciddi şəkildə qabaqlayır. Lakin bu o demək deyil ki, Azərbaycanda yerli istehsalın inkişafına diqqət yetirilməməlidir. Əksinə müxtəlif stimullaşdırıdı addımlarla çalışmaq lazımdır ki, milli avtomobil sənayesinin inkişafına nail olunsun. Bu fonda Ukraynada maraqlı təcrübənin tətbiqinə hazırlıq görülür. Ukrayna hökuməti yerli maşın sənayesinin inkişafına nail olmaqdan ötrü milli avtomobil alan vətəndaşlara əlavə ödəmələr təklif etməyə hazırlaşır. Bu yolla onlar yerli istehsalın artırılacağına əmindirlər. Görəsən, Azərbaycanda milli avtomobil sənayesinin inkişafı üçün anoloji təcrübədən bəhrələnə bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov yerli avtomobil istehsalının artırılmasını stimullaşdırmaq üçün onları alan vətəndaşlara əlavə ödəmələrin verilməsini məqbul saydı. Amma bununla belə ekspertin fikrincə, əsas məsələ keyfiyyətli milli avtomobil istehsalının artırılmasından ibarətdir: "Əhalini yerli istehsal olan avtomobilləri almağa stimullaşdırmaq üçün onlara dotasiyanın verilməsi praktikası dünyanın müxtəlif ölkələrində tətbiq olunur. Yerli maşınların xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Bu zaman artıq birmənalı şəkildə yerli maşınların ucuzlaşması onların rəqabət apararaq daha çox satılmasına imkan yaradır. Yerli maşınların alınması üçün əhaliyə dotasiyanın verilməsi təcrübəsi ölkəmizdə mümkün olsa da, bu zaman problem Azərbaycanda yerli maşın istehsalının zəif təşkil edilməsilə bağlıdır. Praktiki olaraq Azərbaycan məhsulu olan yerli maşın istehsalı az olduğundan dotasiyanın verilməsi birmənalı şəkildə bu sahədəki vəziyyəti dəyişməyəcək. Dotasiya sisteminin tətbiq edilməsindən öncə yerli avtomobil istehsalının həcmi və keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac vardır. Bu gün problem ondan ibarətdir ki, istehsal olunan yerli avtomobillərin keyfiyyətilə bağlı müəyyən inamsızlıqlar var. Keyfiyyət baxımından xarici avtomobillərə yerli avtomobil istehsalı kəskin şəkildə uduzur. Bütün bunlara əsasən deyirəm ki, əhalini yerli avtomobil almağa həvəsləndirmək üçün dotasiya sisteminin tətbiqi əhəmiyyətlidir. Amma bunun üçün yerli istehsalın artırılmasını stimullaşdırmağa ehtiyac duyulur. Həmçinin, bu zaman yeni standart və texnologiyanın tətbiqi də vacibdir. Bunlar olmadan yerli avtomobili almaq üçün dotasiya sisteminin tətbiqinin nəticəsi olmayacaq. Dotasiya sisteminin tətbiqi az sayda istesal olunan maşınların satışına təsir göstərə bilər. Amma ciddi canlanmanın yaranmasına gətirib çıxarmayacaq. İstehsalın geniş miqyasda yayılmasını təşkil etmədən dotasiya sisteminin tətbiqi ciddi irəliləyişlərə rəvac verməyəcək".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə qeyd etdi ki, məsələnin həlli üçün birinci növbədə yerli avtomobil sənayesi yaradılmalıdır: "Yerli avtomobillərin satışının stimullaşdırılması dünya təcrübəsində geniş şəkildə tətbiq olunur. Milli avtomobil istehsalının prioritet təşkil edildiyi ölkələrdə adətən daxili istehsal stimullaşdırılır. Amma məsələ ondadır ki, indiyə kimi Azərbaycanda milli avtomobil istehsalı yaradılmayıb. Həmçinin, ölkəmiz böyük olmadığından avtomobil satışı baxımından ciddi bazar da sayılmır. Ona görə də milli avtomobil istehsalına maraq göstərilmir. Lakin Cənubi Koreya kimi elə ölkələr də var ki, əhalisi az olmasına rəğmən geniş çeşidli milli avtomobil istehsalı ilə məşğuldurlar. Hansı ki, Koreya avtomobilləri dünyanın əksər ölkələrində geniş çeşiddə satılır. Onu da qeyd edim ki, avtomobil sənayesi dünyada ölkənin imicini formalaşdıran məsələlərdəndir. Bu baxımdan Azərbaycan üçün önəmli məsələlərdən biri yerli avtomobil istehsalının yaradılmasına şərait yaradıb-yaradılmamasından ibarətdir".

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov yerli istehsalçı və alıcıların maraqları baxımından sözügedən təcrübənin ölkəmizdə də tətbiqini lazım bildi: "Bütövlükdə götürəndə deməliyəm ki, Azərbaycan hökuməti qarşısına məqsəd qoyub ki, bütün sahələr üzrə daxili bazarı genişlənsin. Bu hökumətin prioritet istiqamətlərindən biridir. Belə istiqamət götürülmədən daxili istehsal təbii ki, arta bilməz. Bu mənada avtomobil sənayesinin daxili istehsalın bir növü kimi stimullaşdırılması mümkün variantdır. Naxçıvanda yığılan avtomobiləlr kifayət qədər sərfəli şərtlərlə kreditə verilir. İlkin 2000 manat, aylıq 450 manat ödənişlə yerli avtomobili almaq olar. Bu da kifayət qədər məqbul şərtlər sayılmalıdır. Görünür, növbəti mərhələdə Azərbaycanda da Ukraynada olduğu kimi yerli avtomobil sənayesinin inkişafına stimul verə biləcək dotasiya sisteminin tətbiqinə keçiləcək. Belə addım istehsalçı və alıcıların maraqları nöqteyi-nəzərdən yaxşı olardı. Amma bunun üçün ilk öncə rəqabətə davamlı maşınların istehsalı vacibdir. Əks təqdirdə hökumətin hansı qərar qəbul edilməsiən rəğmən həmin avtomobilər sadəcə olaraq anbarlara yığılacaq".

Sizin Reklam Yeriniz