news Image
2012.05.16
13:09
| A A A
İran yeni anti-Azərbaycan aksiyasına hazırlaşır
Cənub qonşumuzun "Eurovision" dərdi bitmir

Cənub qonşumuz yenidən Azərbaycanla münasibətlərini gərginləşdirmək istiqamətində fəaliyyətini genişləndirməkdədir. Məsələ burasındadır ki, mayın 18-də Təbrizdəki Azərbaycan konsulluğu qarşısında iranlılar yenidən "Eurovision" yarışı ilə bağlı aksiylar təşkil etməyi planlaşdırırlar.

Sözsüz ki, mərkəzi hakimiyyətin razılığı ilə. Xatırladaq ki, belə bir aksiya mayın 8-də baş tutmuşdu və burada cəfəng fikirlər səslənmişdi. Ümumiyyətlə, baş verən son hadisələr Bakı və Tehran əlaqələrinin gərgin məcrada inkişaf etdiyini göstərir.

Bunun əsas təzahürlərindən biri İranda azərbaycanlı şairlərin saxlanmasıdır. Yeri gəlmişkən qeyd edək ki, İranda saxlanan azərbaycanlı gənc şairlər Fərid Hüseynov və Şəhriyar Hacızadənin azad edilməsi üçün Azərbaycanın Təbrizdəki baş konsulu bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərin nəticəsi olaraq İran tərəfi bu həftə ərzində şairlərin taleyi barədə məlumat verməyi vəd edib. Azərbaycanın Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki baş konsulunun İran rəsmiləri ilə apardığı ikitərəfli görüşlərdə Azərbaycan tərəfi buna əmin edilib. Amma hələ də İran tərəfi bu şairlərin taleyi barədə dəqiq məlumat vermir.

Xatırladaq ki, azərbaycanlı gənc şairlər Fərid Hüseynov və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gedib. Mayın 2-də Təbrizdən Bakıya yola düşərkən saxlanıblar. Poeziya festivalına onları dəvət edən "Azad yazarlar və şairlər ocağı"nın rəhbəri Bəhram Sürgün daha çox Azərbaycan dilində şeirlər yazmaq, kitablar nəşr etdirməklə tanınır. Şəhriyar və Fəridin saxlanması xəbəri çıxandan sonra Bəhram Sürgünün da telefonu söndürülüb. Yazıçılar birliyinin Cənubi Azərbaycan şöbəsinin sədri, əslən İrandan olan Sayman Aruz Bəhram Sürgünün də həbs olunduğunu istisna etmir. Fərid və Şəhriyarın həbsinin səbəbi kimi əsas versiya da məhz ana dilinin təbliğidir. Xatırladaq ki, bundan əvvəl də İranda Azərbaycan vətəndaşları naməlum şəraitdə saxlanılıb. 2008-ci ildə alim Rəşid Əliyev, 2010-cu ildə isə Elmlər Akademiyasının işçisi Eliza İsmayılova İranda həbs olunmuşdular. Bunun ardınca qeyd olunduğu kimi "Eurovison"la bağlı Təbrizdəki kosulluğumuz qarşısın- da İran ayətullahları və hökumət aksiya təşkil etdi.

İran mediası bununla bağlı belə cəfəng fikirlər səsləndirdi ki, "minlərlə insan homoseksualların Bakıya toplaşması"na etirazlarını bildiriblər. Onlar üzərinə "İsrailə ölüm!", "Hicab bizim fəxrimizdir!" yazılmış şüarlar da qaldırıblar. Etirazçılar Azərbaycan rəhbərliyindən mayın axırında Bakıda keçiriləcək "Eurovision" yarışmasını ləğv etməyi tələb ediblər. Təbriz əsasən Azərbaycan türklərinin yaşadığı şəhərdir. Aksiyadakı şüarların da çoxu azərbaycanca olub. Lakin bunun qəsdən edildyi bildirilir.

Mayın 8-də Təbriz şəhərində, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı sonradan şok faktlar ortaya çıxdı. Məlum oldu ki, Bakıda "gey-parad" keçirilməsi iddiası ilə Azərbaycan iqtidarı və bütövlükdə ölkəmiz hədəf alınan aksiyada Təbriz əhalisi iştirak etməyib. Güneyli soydaşlarımız tərəfindən verilən məlumatda bununla bağlı qeyd olunur: "İranda hamı mollaların Təbrizdəki düzməcə aksiyanın necə hazırladığını bilir. Bu mitinqdə təbrizlilər deyil, İranın digər vilayətlərindən gətirilmiş yoxsul kəndlilər, dövlətə bağlı "Bəsici"lər iştirak ediblər. Onlara bu mitinqə iştirak etmək üçün pul verilib və ərzaq paylanıb. Faktı təsdiqləyən video görüntüləri redaksiyanıza təqdim edirik. Qoy hamı həqiqəti bilsin".

Bunun ardınca isə mayın 11-də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. "İrana ar olsun", "İslam belə olmur", "İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir", "İranda 35 milyon azərbaycanlının hüquqları pozulur" və sair şüarlar səsləndiriblər. Onlar əllərində "Şuşanı ermənilərə İran hakimiyyəti satıb", "Homoseksual İran mollarına Azərbaycanda yer yoxdur" kimi şüarlar yazılmış, eləcə də Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sarkisyanın birgə şəkli olan plakatlar tutublar.

Gənclər Bakı Dövlət Universitetinin tələbələri olduqlarını bildiriblər. Tələbələr deyir ki, onlar İran Azərbaycanlılarının hüquqlarının pozulmasına, İranın Azərbaycana qarşı təbliğat aparmasına etiraz ediblər. Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycan gəncliyi İrana haqlı olaraq etirazını bildirir: "İranın Azərbaycanın daxili işlərinə qarışması xoşagələn hal deyil. Azərbaycan özü heç bir dövlətin, ələlxüsus qonşu dövlətin daxili işlərinə qarışmır".

O qeyd edib ki, Azərbaycan bütün dünya subyektləri ilə bərabərhüquqlu və əməkdaşlıq çərçivəsində münasibətlər qurulmasının tərəfdarıdır: "Bu baxımdan, gənclərin keçirdiyi aksiya İranın bəzi dairələrinin ortaya atdığı fikirlərə reaksiyası idi".

Qeyd olunduğu kimi indi mayın 18-də Təbrizdə yenidən anti-Azərbaycan aksiyasını təşkili planlaşdırılır ki, bu da Bakı və Tehran arasında daha gərgin münasibətlərin formalaşmasına yol açacaq növbəti hal olacaq.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs