Əlaqə Arxiv
news Image
2013.08.27
08:28
| A A A
Yeni dünya müharibəsi başlanır
Dünya gücləri Suriyada üz-üzə gəlirlər

Suriya ətrafında cərəyan edən son hadisələr bu ölkənin üçüncü dünya müharibəsinin başlandığı məkan kimi adının tarixə keçmə ehtimalını daha da yüksəltməkdədir. Məsələ burasındadır ki, ABŞ və Britaniya artıq Suriyaya qarşı güc tətbiqi üzərində razılığa gəliblər. Bu hal isə Rusiya və İranın xoşuna gəlmir və aydındır ki, onlar hətta dolayı yolla olsa belə buna cavab verəcəklər.

Bu vəziyyətdə ABŞ-ın, eləcə də Britaniyanın məsələyə NATO-nu qarışdırmağa cəhd göstərəcəyi tamamilə gözləniləndir. Məhz bu vəziyyət NATO-nun yekun nəticədə Rusiya, İran, Çin kimi ölkələrlə Suriyada üz-üzə gəlməsini şərtləndirəcək. Belə vəziyyətdə ərəb ölkələrinin də situasiyadan kənar qalması qeyri-mümkündür. Elə bütün bunlara əsasən də, siyasi təhlilçilər Suriyaya görə yeni dünya müharibəsinin başlanma ehtimalının kifayət qədər yüksək olması qənaətindədirlər.

Bu araad qeyd edək ki, Amerikanın Suriyaya hücum planı artıq hazırdır. Londonun "The Sunday Times" qəzetinin məlumatına əsasən, ABŞ və Böyük Britaniya hərbi komandanlığı qanadlı raketlər vasitəsi ilə hücum endirmək üçün Suriyadakı potensial hədəflərin siyahısını tərtib edir: "Hədəflərdən əlavə, indi vasitələr də mövcuddur. Nə iqtisadi vəziyyət, nə də Barak Obmanın rəhbərliyi altında demokratların siyasi reytinqi ABŞ-ın əvvəlki kimi döyüşməsinə imkan vermir. 12 illik fasiləsiz hərbi fəaliyyət ərzində vergi ödəyənlər 600 milyard dollar itirməkdən və ən əsas hər il orta hesabla 500 amerikalı əsgərin həlak olmasından beziblər. Eyni zamanda, xəbər sızması və ifşaların yer aldığı bir vaxtda İraqa müdaxilə zamanı olduğu kimi, Britaniya quru qoşunlarının daxil olması üçün lazım olan BMT mandatına etinasız yanaşa bilməz. Sanksiyaların əldə olunması üçün lazım olan vaxt ərzində, hökumət ordusunun cəld hücumlarını nəzərə alsaq, Suriyadakı münaqişə qurtara bilər. Pentaqonda bunu çox gözəl başa düşürlər, buna görə də, görünür ki, potensial münaqişə Livan ssenarisi üzrə gedəcək: uçuşa qadağan bölgə və dəqiq hava zərbələri.

Hazırda Pentaqon göstəriş üzrə çıxış etməyə tam şəkildə hazır olduğunu bildirdikdən sonra Amerikanın regiondakı hərbi iştirakı bu cür görünür: əsas zərbə gücü - Ərəb dənizində iki avia daşıyıcı qrupdur. Müqayisə üçün deyək ki, İraqdakı hərbi əməliyyatlar zamanı körfəzdə yalnız 3 bu cür qrup çalışırdı. Hazırda Bəhreyndə "Nimits" ən ağır sinif üzən aerodrom müəssisəsi və onun birbaşa təkmilləşmiş versiyası "Trumen" fəaliyyət göstərir. Hər birini beş dəstək gəmisi müşayiət edir. Burada bir saat ərzində Suriyaya zərbələr endirə biləcək yüzlərlə hərbi təyyarə var. Bundan başqa, ölkə, sözün əsl mənasında, Amerika hərbi-hava bazaları əhatə olunub. Komanda verilərsə, təkcə Qətərdəki bir avibazadan havaya 190 təyyarə qalxa bilər. Bundan əlavə, Küveyt, Səudiyyə Ərəbistanı, Əmirliklər, Bəhreyn, İordaniya və Türkiyədə də bazalar var. Aviasiyanın əməliyyatları üçün meydançanı İsrail də təqdim edə bilər. Aralıq dənizi tərəfindən aviasiyanı donanma dəstəkləyir: hərbi hazırlıq vəziyyətində olan beş gəmi və daha üçü əməliyyat zamanı bir gün ərzində əraziyə gələ bilər. Ancaq Suriyanın hava müdafiəsində yaxınlarda Rusiyadan aldığı C-300 raket kompleksləri olduğunu nəzərə alsaq, bu məsələ heç də asan deyil". Belə məlumatlar da gəzir ki, ABŞ Suriyanı Yuqoslaviya ssenarisi üzrə vuracaq. İran Silahlı Qüvvələrinin qərargah rəisinin müavini məsud Cəzaeyri bildirib ki, suriyanın ABŞ tərəfindən vurulması İran üçün "qırmızı xətt" olacaq və İran da proseslərə müdaxilə etmək məcburiyyətində qalacaq. Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov da Suriyanın vurulmasının yolverilməz olduğunu bildirib. Ümumiyyətlə, Moskvada hesab olunur ki, Suriyaya hücum elə Rusiyaya hücumdur.

Belə bir vaxtda "The Telegraph" qəzetinə isə hökumətdəki mənbələr Britaniyanın yaxın zamanlarda Suriyada hərbi əməliyyata başlayacaq ABŞ-a dəstək verməyi planlaşdırdığını deyib. Hələlik bununla bağlı Britaniyanın baş naziri Devid Kemeronla ABŞ rəsmiləri arasında danışıqlar davam edir. Mənbə bildirib ki, razılaşma əldə olunsa, hərbi əməliyyat gələn həftə başlaya bilər. Krallığın xarici işlər naziri Uilyam Xeyq bildirib ki, ABŞ və müttəfiqləri Suriya prezidentinə göstərməlidir ki, dünya ictimaiyyəti bu rejimin xalqa qarşı kimyəvi silah tətbiqinə laqeyd qala bilməz.

Öz növbəsində "Daily Mail" Suriyaya qarşı əməliyyatın yaxın 48 saatda başlayacağını istisna eləməyib. Bu müdaxilə qısa müddətli, lakin olduqca sarsıdıcı və güclü olacaq.

Son məlumatlara görə, ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeron Suriyaya qarşı fəal hərəkətlərin vacibliyinə daha çox ölkəni inandırmağa çalışırlar.

Sizin Reklam Yeriniz