news Image
2013.08.27
11:14
| A A A
Elşad Abdullayev beynəlxalq axtarışa verildi
Azərbaycanda insan orqanlarının qanunsuz köçürülməsində təqsirləndirilən Tibb Mərkəzinin direktoru barəsində cinayət işi məhkəməyə göndərilib Azərbaycanda insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Baş Prokurorluqda aparılan cinayət işi yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən  Mövqe.az-a verilən məlumata görə, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları ilə bağlı Azərbaycan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Universitetin rektoru Elşad Abdullayevin tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovaya həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, qanunsuz göstəriş verməklə İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərləri ilə əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycanın "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun tələblərini kobud surətdə pozduqları məlum olub. 2009-cu ilin mart-dekabr aylarında Ukraynadan Azərbaycana gətirilmiş təqsirkar şəxslərdən maddi cəhətdən asılı olan donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaratması, həmçinin Dilarə İsmayılovanın hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130 min ABŞ dolları məbləğində pulu alaraq Mərkəzin kassasına mədaxil etmədən E.Abdullayevə verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan cinayət işi üzrə E.Abdullayev və D.İsmayılova Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Həmin cinayət işinin materiallarından D.İsmayılova barəsində Cinayət Məcəlləsinin 137.3 və 308.2-ci maddələri ilə cinayət işi ayrılmaqla istintaqı tamamlanaraq 26 avqust 2013-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs