Artıq Azərbaycanda radikal müxalifətin ömrünün sonuna yaxınlaşıb. Müstəqillik əldə ediləndən üzü bəri müxalifətin bu kəsimi dövlətçilikdən daha çox, öz şəxsi maraqlarının təmin edilməsi üzərində çalışıb. Bu səbəbdən də ötən müddət ərzində xalq bir dəfə də olsun onlara dəstək olmayıb. İndi isə radikal müxalifət uçuruma lap yaxınlaşıb.
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov da bildirdi ki, cəmiyyətin dəstəyindən birmənalı şəkildə kənarda qalmış müxalif kəsim artıq 20 illik yanlış yolun sonuna yaxınlaşıb: "Bütün ilboyu yoxa çıxan, ortalıqda görünməyən radikal müxalifət ancaq seçki ilinə təsadüf edən dönəmlərdə üzə çıxır. Cəmiyyət ancaq müxalifəti seçki ilində görə bilib. Qalan təqvimlərdə isə müxalifəti günün günorta çağı çıraqla axtarsan da tapmaq qeyri-mümkündür. Zaman kəsiyində varlıqlarını qoruyub saxlamağa çalışan müxalifət üçün publika ilə işləmək, cəmiyyətin mövqeyinin ifadəçisi kimi çıxış etmək tamamilə yad bir anlam daşıyır. Çünki müxalifət ancaq şəxsi maraqlar müstəvisində olan proseslərdə inadkarlıq göstərməyə çalışır. Xalqın maraqlarını öz maraqlarından aşağı tutmuş müxalifətin məhz seçki dönəmində ortaya çıxması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu səbəbdən də radikal müxalifət qatıldığı bütün seçkilərdə sosial dəstəkdən məhrum olur. Belə vəziyyət də öz növbəsində sözsüz ki, ildən-ilə müxalifətin geriləməsinə, sosial dayaqdan tamamilə məhrum olmasına açıq zəmin yaratmış olur. Eyni zamanda müxalifət tutduğu yanlış mövqeyi ilə də cəmiyyətin hiddətinə tuş gəlib. Bu gün istənilən situasiyada insanlar radikal müxalifət daxilində özlərini lider adlandıranlara ikrah hissi ilə yanaşır. Bu bir tərəfdən onların keçən əsrin 90-cı illərin əvvəllərində hakimiyyətdə olarkən xalqa olan münasibətindən qaynaqlanırsa, digər tərəfdən müxalifətin son 20 ili əhatə edən dövrdə mövqeyində yol verdiyi dərin sapmalardan irəli gəlir. Beləliklə, müxalifət yanlış yanaşma prinsipi ilə özü ilə sosial mühit arasında dərin uçurum və çatlar yaradıb.
Cəmiyyətlə müxalifət arasındakı uçurumun yaranma mexanizmi...
1993-cü ildən ölkəmizdə azad ədalətli seçki mühiti formalaşıb. Demokratik prinsiplər, şəffaf dəyərlər Azərbaycanda insanların azad seçim imkanına, vətəndaşın siyasi baxışlarına təbii ki, təsirsiz ötüşməyib. Məhz açıq bir cəmiyyətin formalaşdığı dönəmdə özlərinin şəxsi ambisiyalarından kənara çıxa bilməyən radikal müxalifətin qalması isə sözsüz ki, birmənalı qarşılanmayıb. Bütün demokratik cəmiyyətlərdə müxalifətin mövcudluğu labüd olduğu üçün, Azərbaycanda da, siyasi sistem heç bir partiyaya və yaxud təşkilata müəyyən çərçivələr müəyyənləşdirmir. Amma başqa cəmiyyətlərdən fərqli olaraq bizim cəmiyyətdə müxalif kəsim öz mövcudluğuna ancaq şəxsi konteksdən yanaşır. Onlar düşünür ki, müxalifətdə olmaq konnektur maraqlara xidmət etmək anlamı ilə eyniyət təşkil etməlidir. Sözsüz ki, bu yanlışlıq radikal düşərgəyə iflasdan bir metr də olsun uzaqlaşmağa imkan vermir. Belə olan halda müxalifət varlığını qorumaq üçün kənardan dayaq axtarmağa girişir. Onların özləri bunu etiraf etməsələr də, fakt odur ki, müxalifətin bu günə qədər varlığını qorumasında kənar qütblərin himayəsi əsas rol oynayıb. Bu kənar qüvvələr isə daim Azərbaycanda mövcud sistemə, xalqa və dövlətimizə qarşı düşmən mövqeyindədir. Bu düşmənçilik prizması isə nə yazıq ki, ölkə daxilində də özünə dayaq tapa bilib. Bu dayağın isə məhz müxalifətin üzərində qurulması həmin kəsimin cəmiyyətin hiddətinə tuş gəlməsinə rəvac verib.
Nəhayətdə müxalifətə son seçkiyə qatılmaq əmrinin verilməsi...
Seçki ili başlayar-başlamaz müxalifətə kənar qütblərdən gələn göstərişlər düşərgədə süni canlama yaranmasına stimul kimi dəyərləndirilə bilər. Çünki məhz kənar qüvvələrin sifariş və tapşırıqları müstəvisində müxalif yetkililərə rübdən-rübə dividentlər göndərilir. Bunun müqabilində isə onlardan tələb olunan prinsiplər müəyyənləşdirilir. 2013-cü il də hələ ötən təqvim ilindən müxalifət üçün ölü il kimi qiymətləndirilmişdi. Lakin sonradan məlum göstəriş və diqtələrə əsasən müxalifət seçkiyə hazırlamaq oyunu adı altında müəyyən manevrlər etməyə başladı. Ardıcıl olaraq radikal düşərgədə bir neçə təşkilat yaradıldı və sonradan bunun lüzumsuzluğu qərara alınaraq kənardan siyasətə aidiyyatı olmayan şəxsi oyuna qatmalı oldular. Müxalifətə, 20 il davam edən bütün daxili küsülülüklər müstəvisində "gedin bir yerdə olun əmri verildi". Sonradan isə onlara sadalanan şəxsi vahid namizəd kimi sırıdılar. Başqa vaxtı öz aralarında heç bir güzəşt tanımayanlar bu dəfə ağızlarına su alıb dayandılar. Hətta müxalifət onlara "vahid namizəd" kimi təqdim olunan şəxsin başqa ölkədə daimi yaşamaq hüququnun olması, ikili vətəndaşlığından xəbəri ola-ola susdu. Nəhayətdə isə "indi öz içinizdən bir nəfər seçkiyə namizəd göndərin" göstərişi gəldi. Müxalifət də həmin göstərişə uyğun addım atmalı oldu. Bu da müxalif düşərgənin durumunun nə yerdə olduğuna əyani sübutdur. Beləliklə guya 20 ildən sonra müxalifət seçkiyə "vahid" namizədlə gedəsi oldu. Məlumdur ki, bu namizədi kimlər və necə müəyyənləşdiriblər. Əsas məlum olan odur ki, müxalifət seçkiyə kiminlə və necə getməyindən asılı olmayaraq seçkidə kimin maraqlarını ifadə etməyə çalışacaq...?