Əlaqə Arxiv
news Image
2013.08.30
09:09
| A A A
Məktəb ləvazimatlarının qiyməti «od tutub yanır»
Bu sahədə alverçilərin yaratdığı bahalığa son qoymaq üçün məktəbli yarmarkalarının təşkili vacib sayılır

Hər il yeni tədris ili ərəfəsində validyenlərin daha çox narazılıq etdiyi məsələlərdən biri də məktəb ləvazimatlarının qiymətinin artması ilə bağlıdır. Həqiqətən də satış məntəqələrində aparılan müşahidələr 2-3 həftə əvvələ nisbətən məktəb ləvazimatlarının qiymətində artım olduğunu göstərir.

Adi dəftərdən tutmuş xətkeş, pozan, məktəbli çantası və digər ləvazimatların qiymətində artım özünü göstərir. Satıcılar özləri də etiraf edir ki, dəftərlərin qiymətində 2-3 qəpik, qələmlərin qiymətində isə 1-5 qəpiyədək artım var. Məktəbli çantaları isə daha çox bahalaşıb. Çantaların qiyməti isə keyfiyyətindən və dizaynından fərqli olaraq 10-60 manat arasında dəyişir. Rəsm dəftərlərinin, rəngli qələmlərin qiymətində də bahalaşma olub. Dərs ilinin başlamasına lap az qalmış isə qiymətlərdə bir qədər də bahalaşma olması istisna edilmir. Onu da qeyd edək ki, hər il analoji halın təkrarlanmasından xəbərdar olan bəzi valideynlər işlərini ehtiyatlı tutataraq artıq uşaqları üçün məktəb ləvazimatlarını alıblar. Lakin bəziləri məktəb bazarlığına hələ indi başlayır. Ancaq qiymətlərin yüksək olması belə valideylərin narazılığına səbəb olur. Onu da qeyd edək ki, artıq bir neçə ildir ki, dərsliklərin şagirdlərə pulsuz verilməsi valideynlərin işini xeyli yüngülləşdirib. Dərslikərin xərcini dövlət öz öhdəsinə götürməklə valideynlərin xərcini təxminən 150-200 manata qədər azaldıb. Amma iş təkcə kitablarla bitmir. Digər ləvazimatlar da alınmalıdır. Amma indi mağazalarda ən ucuz məktəb ləvazimatı ibtidai siniflər üçün nəzərdə tutulan 12 vərəqli dəftərdir ki, onun da qiyməti 10 qəpikdir. Elə dəftər də var ki, bir manata satılır. 12 vərəqli dəftər 10 qəpik, 40 vərəq 20, 60 vərəqli, 30, 100 vərəqli dəftərin orta qiyməti isə 50 qəpikdir. Rəsm albomunu 1-5 manata almaq olar. Qələmlərin qiyməti isə 20 qəpiklə 1 manat arasında dəyişir. Sadə karandaşın qiyməti 20 qəpikdən 1 manata qədərdir, rəngli karandaşın qutusu 1,5-2 manatadır. Məktəbli boyasını 1,2 - 2,5 manata, pozan və xətkeşi isə 20 qəpikdən 2 manata qədər qiymətə tapmaq olar. Təbii ki, dəftər vərəqinin artım sayına görə qiymətlərdə də artım müşahidə olunur. Satıcılar bildirir ki, ölkədə istehsal olunan ləvazimatların qiymətilə xaricdən gətirilən ləvazimatların qiyməti arasındakı fərq onların keyfiyyətilə bağlıdır.

Ekspertlər bildirir ki, hazırda satışa çıxarılan məktəbli ləvazimatlarının xeyli hissəsi xarici ölkələrdən gətirilir. Halbuki, bu məhsulları ölkədə kiçik sahibkarlar da istehsal edə bilər, nəticədə qiymətlər qat-qat aşağı olar. Reallıq ondan ibarətdir ki, sahibkarların xarici ölkələrdən gətirdiyi məhsulların qiyməti heç də vətəndaşların cibinə uyğun deyil. Qeyd edildiyi kimi, ticarət mərkəzlərində, ayrı-ayrı dükan və köşklərdə satılan ləvazimatların qiyməti müxtəlif rəqəmlər arasında dəyişir. Ümumiyyətlə, vaxt daraldıqca bazar və dükanlarda məktəbli ləvazimatları və məktəbli formalarının qiyməti də böyüyür.

Satıcılar isə qiymətlərin yüksək olmasını təlabatla əlaqələndirir. Onlar etiraf edirlər ki, keçən aylara baxanda indi artım var, təlabat da çoxdur. İqtisadçı ekspert Samir Əliyev bildirir ki, məktəb ləvazimatlarında müşahidə olunan bahalaşma süni qiymət artımıdır: "Dərs ilin başlanması ilə əlaqədar tələb olunan müxtəlif geyimlərdir, dərs ləvazimatlarıdı bunların qiymətində bahalaşma müşahidə edilir, gərginlik müşahidə edilir, xüsusən də avqust ayının sonu. Hər bir ailə istəyir ki, onun övladı lazım olan ləvazimatlarla təmin olunsun, satıcılar da bundan istifadə edir. Çox təəssüf ki, onlar qiyməti qaldırırlar, xüsusən də şəhərin mərkəzində yerləşən ticarət mərkəzlərində qiymətlər daha bahadır".

Alıcıların əksəriyyəti də məktəbli ləvazimatlarının baha olduğu qənaətindədir. Ekspertlər yeni dərs ili ərəfəsində bahalaşmanın qarşısını almaq üçün məktəbli yarmarkalarının təşkilini vacib hesab etsələr də, bu hələlik təklif olaraq qalır. Məktəbli bazarı hələ də alverçilər bel ədemək mümkünsə, "at oynadır". Bir sıra ekspertlər hökumətin məsələyə müdaxiləsini vacib sayır. Hər halda, məsələyə inzibati müdaxilə bu sahədə qiymətlərin müəyyən qədər aşağı düşməsinə və möhtəkirlik hallarının qarşısının alınmasına gətirib çıxara bilər. Lakin bazar iqtisadiyyatı olduğundan hökumətə məsələyə müdaxilə etmir. Ən yaxşı çıxış yolu isə qeyd olunduğu kimi məktəbli yarmarkalarının təşkilidir.

Sizin Reklam Yeriniz