news Image
2013.08.30
11:24
| A A A
Bayram Səfərov:“Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq”
Şuşa İcra Hakimiyyətinin başçısı Qarabağa bir dəfə səfər edən əcnəbi rəsmilərin bu bölgəyə bir də getmədiyini deyib "Ermənistan xarici ölkələrin rəsmi və qeyri-rəsmi şəxslərini işğal etdikləri Dağlıq Qarabağa aldadaraq aparırlar". Mövqe.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov verib.

B. Səfərov deyib ki, Dağlıq Qarabağa bir dəfə səfər edən xarici ölkələrin rəsmi şəxsləri bu bölgəyə bir də getmirlər: "Ermənistana səfər edən xarici ölkə rəsmiləri aparıldıqları bütün ərazilərin Ermənistan olduğunu güman edirlər. Yəni onlar Ermənistana gedirlər, sonradan məlum olur ki, həm də Dağlıq Qarabağa da aparılıblar. İkinci dəfə Qarabağa gedən xarici ölkə rəsmisi yoxdur. Bunun özü ermənilərin belə səfərləri riyakarlıqla hazırlamasından xəbər verir".

B. Səfərov qeyd edib ki, bu gün heç bir xarici dövlət bir rəsmi şəxsin əməlinə görə, Azərbaycanla əlaqələrin korlanmasını istəmirlər.

B. Səfərov Qarabağdakı təbii sərvətlərin talan edilməsi ilə bağlı məlumatları da şərh edib. Onun sözlərinə görə, nə Ermənistanın, nə də Qarabağda olan ermənilərin bu təbii sərvətləri istismar etməsi üçün maliyyə imkanları yoxdur: "Bu ermənilərin Azərbaycanı qıcıqlandırmaq üçün ortaya atdığı növbəti dezinformasiyadır. Həmçinin, belə informasiyalar yaymaqla Ermənistan hökuməti öz əhalisini yalançı iqtisadi uğurlar adı ilə aldatmaqla məşğuldur. Sirr deyil ki, bu gün Ermənistandakı iqtisadi vəziyyət çox ağırdır və çıxış yolu isə yalnız Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməkdir".

O, erməni ictimaiyyətinə müraciət edərək, bütün erməniləri öz haqlarını müdafiə etməyə də çağırıb: "Buradan onlara səslənirəm. Üzümü həm Ermənistanda, həm də Qarabağdakı ermənilərə tuturam. Yaşadıqlarınız yerdə sizə qarşı haqsızlıq edənlərdən öz hüquqlarınızı tələb edin. Onlara deyin ki, sizə qarşı niyə belə cinayətlər törədirlər. Azərbaycan olaraq, bizim qapımız hamının üzünə açıqdır. Qarabağ erməniləri unutmasınlar ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs