news Image
2013.08.30
12:04
| A A A
Türkiyənin özünə dönüş günü

Hər bir ulusun tarixində böyük günlər, çağlar olur. 30 avqust Türkiyə tarixində belə bir möştəşəm gündür. 91 il öncə – 1922-ci ildə Atatürkün başçılığı ilə Türkiyənin yadelli işğalçılardan azad edildi.Türkün böyüklüyünü, xarakterini, bəşəri siqlətini, insansevərliyini çağdaş dünya gözəl tanıyır, bilir. Tanıdığı, bildiyi dərəcədə də görmək, etiraf etmək istəmir. Dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir çağda Atatürkü hər an yaşatmaq gərəkliyi yaranır. Bu, o deməkdir ki, hər birimiz yenilməz varlığımızı yaratmalıyıq. Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Atatürk az qala yox yerdən Türkiyəni yaratdı, onu var elədi. İndi Türk xalqı o dərəcədə ulusal ölçüyə əsaslanmalı və özgəliklərdən imtina etməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün deyil, Türk xalqının sabahı üçün gərəkdir. Atatürkün min bir əzabla qurduğu Türkiyə Cümhuriyyəti ideoloji baxımdan mahiyyətcə çıxış yolu tapa bilmədi. Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın birliyi idi. O zaman Atatürk daha çox Qərbə meyilləndi. Baxmayaraq ki, Türkiyə yırtıcı Qərbin caynağından qurtulmuşdu, bir yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalı idi. Atatürkdən sonra onun yaratdığı xətt inkişaf etmək əvəzinə təəssüf ki, yavaşıdı, indi lap yoxa çıxmaqdadır. Atatürk siyasi gedişlərdən çox üstün idi. Ölkədə dinin hegemonluğuna son qoydu. *** Çanaqqala savaşı türkün varlığını sübut etməsi baxımından böyük önəm daşıyırdı. Bu savaş türkün Vətənində onu yox etmək istəyənlərə qarşı hünəri və ləyaqəti dirənişi idi. Yalnız 1915-1916-cı illərdə Çanaqqala uğrunda savaşlar zamanı türkün düşmənlərinin istəyi çökməkdə olan Osmanlı imperiyasınının örnəyində türklük duyğusunu silmək, türkləri bütünlüklə dövlətsizləşdirmək idi. Bir xalqın özünü ən qorxulu, ölümcül məqamda belə ayaqda saxlaması, ümidsizləşməməsi, təhlükəyə qarşı durmaq gücü, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan üstün olan, yenilməyi ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb və çox hallarda buna nail olub. Çünki türk ruhu bütünlüklə xeyirlə yoğrulub. *** Atatürk bütün türklərin sevgisinə layiqdir. O, elə bir gərgin, çətin, təhlükəli dönəmdə meydana atıldı ki, bütövlükdə Türkiyə yox olmaq gerçəkliyilə üz-üzə idi. Yalnız onun böyük sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti quruldu. Az bir vaxtda Türkiyə dövlətini qurmaq, onun ideologiyasını müəyyənləşdirmək, dövləti daim ayaqda saxlamaq üçün ideyalar düşünmək Atatürkün güclü idrak yiyəsi olduğunu göstərdi. Bu gün Türkiyədə müxtəlif dairələrdə Atatürkə olan hücumlar artır, onun həyatının, fəaliyyətinin müxtəlif məqamları məqsədli şəkildə müzakirə mövzusuna çevrilir. Atatürkün həyatını bu mənada təftiş etmək əslində Türkiyə dövlətçiliyini onun ideologiyasından məhrum etmək istəyi daşıyır. Ancaq Atatürk türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq. O, Türk xalqının xoşbəxtliyi üçün ömrünü fəda etdi. *** İnam Ata (Asif Ata) deyirdi: "Azərbaycan – Türk Dünyasının Beyni və Ürəyi, Türkiyə – Türk Dünyasının Qolu və Kürəyi". İnam Ata Türkçülüyün Ruhani, Tarixi, İdeoloji kimi üç əsas yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri var: "İdeoloji türkçülük türkün xilasını Türk Dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji Türkçülüyün fəlakəti pantürkizmin dinçilik və Qərbçiliklə birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk Dünyası Birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı." Çıxış yolu İnam Atanın Mütləqə İnamı əsasında birliyimızi yaratmaqdadır. Türk Ruhuna, Türk Dünyasına Mütləqə İnam Dünyabaxışının gəlişi Atatürkün də ölməz, müqəddəs Türk sevgisinin, Türk dövlətçiliyının yaşaması deməkdir. *** Qoy Türkiyəmiz mücərrəd Şərqiliyə qapılmasın, minillər boyu ruhundan yaratdığı "ulus", "uğur", "kutlama" və bu kimi başqa türk sözlərini "xalq", "millət", "müvəffəqiyyət", "təbrik" kimi neçə-neçə ərəb-fars sözləriylə rəsmi səviyyədə əvəzləməsin. Yazıqlar olsun ki, Ərdoğan hakimiyyəti bu işi indi fəal şəkildə gerçəkləşdirməkdədir. Mücərrəd özümləşmə olmur. Özümləşmənin qaynağı – ulusallıqdır. Əgər Türkiyə Atatürkdən gələn özümlüyünü saxlayarsa, inkişaf etdirərsə, onda böyük öndərin istədiyi yenilməz Türkiyə əbədi var olar. 30 avqust – Türkiyənin özünə dönüşünün başlanğıcıdır. Bu başlanğıcı qorumaq və artırmaq gərəkdir. Zəfər Bayramın kutlu olsun, Türkiyə!

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs