Əlaqə Arxiv
news Image
2013.08.31
08:36
| A A A
Müxalifət tam xaricdən asılı vəziyyətə düşür
Araz Əlizadə: “O zaman Arif Hacılının özü bəyan etmişdi ki, 8 dövlətin köməyi ilə çevriliş edib, hakimiyyətə gəliblər” Məmməd Əlizadə: “Kino çəkmək gözəldir, amma sən Yevlağı, Saatlını, Lənkəranı tanımırsan”

Xarici layihə olduğu şübhə doğurmayan Milli Şura vahid namizədini təsdiqləyəndən sonra əcnəbilərlə təmaslarını bir qədər də artırıb. Onlar bununla bir daha əsasən xaricilərə bel bağlayıb Azərbaycanda hakimiyətə gəldiklərini göstərmiş olurlar. Xaricdən Milli Şuraya dəstək verənlərin içində anti - Azərbaycan qüvvələri kifayət qədərdir.

Bununla yanaşı, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun açıq düşmən olan ermənilərlə, üzdə dost, arxada yağı olan Rusiyanın bəzi dairələri ilə isti münasibəti hamıya bəllidir. Hazırda isə Milli Şura üzvlərinin London səfəri və xaricdən dəstək axtarması müxtəlif siyasətçilər tərəfindənn fərqli qiymətləndirilir. Məsələn, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Milli Şura rəhbərliyinin London səfərinə münasibət bildirərək qeyd edib ki, istənilən şəxsin turist səfəri Azərbaycanda çox normal qarşılanır: "Kimlərinsə kiməsə dəstəyindən danışdıqda, son vaxtlar müxtəlif ölkələrin rəhbərlərinin, təmsilçilərinin Azərbaycana səfərlərini, cənab prezidentlə görüşlərini və imzalanan sənədləri nəzərdən keçirsək, görərik ki, Azərbaycanda aparılan uğurlu siyasət, ortaya qoyduğu sosial - iqtisadi inkişaf, siyasi sabitlik necə və hansı səviyyədə dəstəklənir. Dəstəyi xaricdə deyil, Azərbaycanda axtarmaq lazımdır".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin sözlərinə görə, bu müxalifət həmin insanlardır ki, 1993 - cü ildə dövlət çevrilşi yolu ilə hakimiyyətə gəlmişdilər: "O zaman Arif Hacılının özü bəyan etmişdi ki, 8 dövlətin köməyi ilə çevriliş edib, hakimiyyətə gəliblər. Bunların əvvəldən gözləri Azərbaycan xalqının yox, daim xaricilərin əlində olub. Xaricilər də bundan istifadə edib nələrsə edirlər. Onların birinci namizədi olan Rüstəm İbrahimbəyovun namizdəliyini irəli sürülən kimi Avropaya, Rusiyaya gedib şikayətlərə başladı. İndi də Türkiyəyə, Londona üz tutublar. Onlar bilirlər ki, seçkilərdə qalib gələ bilməyəcəklər. Bu, qeyri - mümkündür. Çünki, Prezident İlham Əliyev reytinqdə hamısından yüksəkdədir. Heç bir inzibati resurs olmadan İlham Əliyev birinci turdaca qalib gələcək. Ona görə də radikal müxalifət istəyir ki, daxildə siyasi çaxnaşma salsın. Misir, Tunis, Liviya, Suriyadakı hadisələri burda təkrar etsinlər. Qərb də Azərbaycanı tənqid etsin və hətta bombalasın. Bununla da özləri hakimiyyətə gəlsinlər. Onların məqsədi xalq yox, puldur. Amma nə olsa da, nəticə etibarı ilə Milli Şuradan nəyisə gözləmək siyasi savadsızlıq olardı. Milli Şura ölü doğulmuş uşaqdır. Ayaq açıb yeriyə bilməyəcək. Onun rəhbərliyində olan insanlar dünənin yox, sırağa günün siyasətçiləridirlər. Onların gələcəyi yoxdur".

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) keçmiş sədri Məmməd Əlizadənin sözlərinə görə, əslində, keçmişdə də bu praktika özünü göstərib ki, xarici ölkə Azərbaycandakı problemləri, seçkiləri həll edə bilməz: "Digər tərəfdən, Rüstəm İbrahimbəyov müxalifət siyasətçilərini dolayıb. Onların xaricə meyl etməsi qətiyyən yol verilməzdir. Biz həmişə imperiya buxovlarından qurtulmaq üçün mübarizə aparmışıq. Müxalifətdə belə bir fikir formalaşıb ki, rusun, İranın agenti olmaq qəbahətdir, amma Türkiyənin, ABŞ-ın agenti olmaq şərəflidir. Boş cəfəngiyatdır. Biz görmürük həmin ABŞ ərəb ölkələrində nə oyunlar törədir? Qərbdə Azərbayanda marağı olan ölkələrin olması mütləqdir. Onlar Azərbaycanda öz oyunlarını oynamağa çalışırlar. Bunu da sapı özümüzdən olan baltalarla edirlər. Milli maraq elə bir məfhumdur ki, orada insan öz əxlaqını mütləq şəkildə ortaya qoymalıdır. Rüstəm İbrahimbəyov azərbaycanlıdır. Kino çəkmək gözəldir, amma sən Yevlağı, Saatlını, Lənkəranı tanımırsan. Sən milli psixologiyanın nə olduğunu bilmirsən. Nə olsun ki, ziyalısan. Hər ziyalı prezident olmala bilməz, axı! Siz kimsiniz ki, Qərblə söhbət aparasınız. Qərb nə zamandan Azərbaycanın dərdinə yanıb? 20 ildir ki, Azərbaycan heç bir dövlətin əsarətinə əyilməyib. İndi də istəyirsiniz ki, Rusiyanın çərçivəsinə düşək? Bu, onsuz olmayacaq. Çünki, bu seçkidə İlham Əliyev mütləq şəkildə qələbə qazanacaq. Bunu xalq istəyir. İkincisi də Qarabağın həlli istiqamətində çox önəmli addımlar atıb. Bu problemin həlli artıq yetişib. Yenidən pozub yeni siyasət qurmaq olmaz. Vətən üzərində təcrübə aparmamalıyıq. Bu gün sabit ölkəmiz , hökumətimiz var".

Sizin Reklam Yeriniz