news Image
2013.08.31
07:42
| A A A
Regionlarda gənclərə çox ucuz qiymətə torpaq satılacaq?!
Əli Əlirzayev: “Bu, regional siyasətin tərkib hissəsidir” Vüqar Bayramov: “Dövlət torpaqlarının olması imkan verir ki, həmin praktikanı bizdə tətbiq etmək mümkün olsun”

İqtisadi böhran yaşayan İspaniya hökuməti urbanizasiya prosesinin qarşısını alan daha bir təcrübəni həyata keçirməyə hazırlaşır. Belə ki, əyalətlərdə sosial - iqtisadi sahədə gənclərin fəal iştirakını təmin etmək məqsədilə bu kateqoriyadan olan insanları bölgələrə cəlb etmək üçün yeni stimullaşdırıcı tədbirlərə start verilməkdədir.

Məsələn, əyalətlərdə gənclərə çox ucuz torpaq satmaq və digər güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Regional siyasətin tərkib hissəsi olaraq ekspertlər oxşar praktikanın ölkəmizdə də həyata keçirilməsini təklif edirlər.

Sabiq millət vəkili Əli Əlirzayev bildirir ki, bu, regional siyasətin tərkib hissəsidir: "Yəni, regionlarda məskunlaşma, regionların sosial - iqtisadi inkişafı, regionlarda iqtisadi potensialın dövriyyəyə cəlb olunmasıdır. Bu barədə əvvəllər də demişdim ki, Azərbaycanın sərhəd boyu rayonlarını inkişaf etdirmək və bu kimi müxtəlif tədbirləri həyata keçirmək lazımdır. Yəni, güzəştlər olmalı, sahibkarlığın inkişafına şərait yaratmaq lazımdır ki, həmin yerlərdə xırda sahibkarlığı inkişaf etdirsinlər. Ali təhsillilərə orada əlavə əmək haqqı vermək, mənzil şəraitini yaxşılaşdırmaq, güzəştli kredit vermək olar. Hər bir regionun infrastrukturunu yaxşılaşdırmaq, gənc ailələrə xüsusi təyinat vermək mümkündür ki, evlənəndə orada yeri olsun. Ümumilikdə, regionların boşalmaması, oranın inkişafı üçün belə şəraitlər yaradılmalıdır. Çünki, bütün iqtisadiyyatı şəhərə yığmaq effekt vermir. Bu, həm həmin yerlərdə əhalinin sıxlığını artırır, həm iş yerlərini zəiflədir, həm də rayonların boşalmasına gətirib çıxarır. Eyni zamanda regionlarda olan potensialı zəiflədir. Əvvəllər - sosializm dövründə də belə bir siyasət var idi. Güclü region olanda güclü respublika ola bilər. İspaniya praktikasını ölkəmizdə də tətbiq etmək olar".

Ekspert əlavə etdi ki, belə olarsa, bu hal aqrar, infrastruktur, xidmət sferası, turizmin inkişafına böyük köməklik göstərmiş olar: "Azərbaycanda turizm potensialı təkcə Xəzər ətrafında deyil. Regionlarda da turizm potensialı var. Bunlarla paralel regionlarda emal sənayesini, infrastruktur sahəsini inkişaf etdirmək lazımdır. Bütün bunlar təşkil ediləndən sonra cavanların regionlara axını təbii şəkildə baş verəcək".

Digər iqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, bu, İspaniyada urbanizasiya prosesinin qarşını almaq məqsədi ilə həyata keçirilir: "O baxımdan məqsəd kəndlərdə yaşayışı stimullaşdıraraq, insanların burada işləməsinə və yaşamasına nail olmaqdır. Azərbaycanda da uyğun praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda gənclər üçün yeni iş yerlərinin yaradılması və məşğulluğun Bakıdan tədricən rayonlara köçməsinə nail olmağa ehtiyac var. Məşğulluğun regiona köçməsi ona görə vacibdir ki, bu, regionlarda daha çox iş yerlərinin yaranmasına imkan verəcək. Eyni zamanda torpaqların daha ucuz qiymətə təklif olunması da əhəmiyyətli praktikadır. Burada yalnız yaşayış yox, həm də əkinlə məşğul olmaq üçün torpaqların daha ucuz qiymətə və uzun müddətə təklif olunması məqsədəuyğundur. Çünki, bu, gənclərə torpaqdan istifadə etməklə yeni iş yeri yaradacaq. Həm də gənclərin regionlardan Bakıya axınının qarşısını alacaq".

Ekspert bildirdi ki, bunu ölkəmizdə praktiki olaraq tətbiq etmək mümkündür: "Çünki hazırda bizdə bələdiyyələrin sərəncamında olan torpaqlar var. Odur ki, dövlət torpaqlarının olması imkan verir ki, həmin praktikanı bizdə tətbiq etmək mümkün olsun".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs