Əlaqə Arxiv
news Image
2012.05.31
12:48
| A A A
Bu gün Azərbaycanda “Son zəng”dir!

Movqe.Az xəbər verir ki, bu gün Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" çalınır. Məktəb illərini yada salanda təbii ki, hamımızın yadına unudulmaz zamanlar, kövrək xatirələr düşür. O anlar ki, bir daha həmin illərə qayıda bilməyəcəyik. Təhsil Naziri Misir Mərdanovun əmrinə görə ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri səhər saat 10:00 radələrindən başlayaraq 3 saat müddətində və məktəbin həyətində keçirilməlidir. Xatırladaq ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 97653 nəfər təşkil edib. 2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində 120420 nəfər təşkil edib. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.


Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 99924 tələbə təhsil alır. Onlardan 91652 nəfərini bakalavr, 8272 nəfərini isə magistrantlar təşkil edir. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24795 nəfər tələbə təhsil alır ki, onların da 21779 nəfəri bakalavr, 3016 nəfəri isə magistrantdır. Özəl ali təhsil müəssisələrində bakalavriatura səviyyəsi üzrə 18689, magistratura səviyyəsində isə 926 nəfər olmaqla cəmi 19615 tələbə təhsil alır.

Bu gün "Son zəng" tədbirlərində təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq. Belə ki, Daxili İşlər Nazirliyinin göstərişinə əsasən təhlükəsizliyi təmin etmək məqsədilə məktəblərin ətrafında polisin post-patrul naryadları xidmət aparacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov qeyd edib ki, mayın 31-də paytaxtda yerləşən orta məktəblərdə keçiriləcək "Son Zəng" tədbirlərinin keçirilməsi ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejiminə keçəcək. Sürücülərdən həmin gün orta məktəblərin yerləşdiyi istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri xahiş olunur.

Əfqanə Məzahirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz