Əlaqə Arxiv
news Image
2014.01.07
17:36
| A A A
İlham Əliyev “2013-cü ilin adamı” elan edilib
Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan “Pakistan Observer” qəzeti Azərbaycan prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim, Pakistanın ali ordeni ilə təltif olunmuş Zahid Malik qəzetin ön səhifəsində nəşr etdiyi "İlham Əliyev - 2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli" adlı xüsusi reportajında  Avrasiya siyasi arenasında özünü təsdiq etmiş parlaq siyasətçi, 09.10.2013-cü il tarixli seçkilərdə xalqın etimadını qazanaraq yenidən Azərbaycanın prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevi xidmətlərinə görə "2013-cü ilin adamı" adına layiq görüldüyünü bildirib.

 

Zahid Malik prezident İlham Əliyevlə 2005-ci ilin aprelin 6-da görüşdüyünü və həmin dövrdən etibarən Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiyini vurğulayıb. Həmin görüş zamanı İlham Əliyev Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqeyə görə Pakistana minnətdarlığını bildirib. 

 

Məqalədə 90-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan, əhalisi total ümidsizlik abu-havasında yaşayan Azərbaycanın hazırda Cənubi Asiya regionunun lider dövləti olduğu bildirilib. Zahid Malik prezident İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində tərəqqi əldə edildiyini, Azərbaycanın inamlı addımlarla inkişaf etdiyini qeyd edib.

 

Müasir Azərbaycanın nisbətən gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə 90-cı illərin əvvəllərində Azərbaycanın demokratik inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd edib, bu başlanğıcın onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Zahid Malik İlham Əliyevin 2003, 2008 və 2013-cü illərdə keçirilmiş ümumxalq seçkilərdə inamlı qələbə qazanaraq dövlət başçısı seçildiyini, səsvermələrin demokratik və şəffaf şəkildə keçirildiyini isə bir sıra aparıcı beynəlxalq təşkilatlar və dövlətlərdən olan müşahidəçilər tərəfindən təsdiqləndiyini vurğulayıb.

 

Məqalədə bildirilir ki, Qərbin aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkə iqtisadiyyatı inkişaf etməyə başlayıb. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyasının icrası xalqın intibahına yol açıb. Bu siyasətin davamı olaraq neft və qazın nəqli marşrutları müəyyən edilib, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri tikilib, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans Anadolu (TANAP) və Trans Adriatik (TAP) layihələri icra olunmaqdadır. Neft strategiyası çərçivəsində görülən işlər nəticəsində ölkə 78 mlrd. dollar mənfəət əldə edib, qazı idxal edən Azərbaycan bu məhsulu ixrac etməyə başlayıb. Eyni zamanda inşa olunmuş 14 yeni elektrik stansiyaları ölkənin elektrik enerjisinə olan tələbatını tam təmin edib və eyni zamanda ixrac imkanları yaradıb.

 

Yazıda ölkəmizin nəqliyyat siyasətindən danışılıb, Mərkəzi Asiya regionundan Avropaya malların daşınmasını təmin edəcək Bakı-Tiflis-Qars dəmir yolu koridorunun istismara verilməsi ilə Azərbaycanın regionun aparıcı nəqliyyat limanına çevriləcəyi bildirilib.

 

"Pakistan Observer"in reportajında bir çox ölkələrdə çoxmilyardlıq sərmayələr qoyan Azərbaycanın regionun ən böyük investoruna çevrildiyi qeyd olunub. Eyni zamanda Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan bu sahədə əldə edilmiş uğurlardan da bəhs edilib.

 

Zahid Malik prezident İlham Əliyevin Azərbaycanın dövlət maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət yürütdüyünü, Pakistanla münasibətlərə xüsusi önəm verildiyini qeyd etmişdir. Bildirilir ki, iki ölkələr arasında qədim tarixə, ümumi milli, mədəni və dini dəyərlərə arxalanan əlaqələr inkişaf etdirilir, dövlətlərimiz qarşılıqlı olaraq bir -birlərinin mövqelərini dəstəkləyirlər.

 

Zahid Malik Azərbaycanda müşahidə olunan intibahın və Pakistanla əlaqələrin inkişafının başında məhz prezident İlham Əliyevin durduğunu qeyd edib. İstedadlı siyasətçi dərin biliyə malik İlham Əliyevin siyasi karyerasının məqamlarından geniş məlumatlar verən baş redaktor yüksək mədəniyyət sahibi olan İlham Əliyevin eyni zamanda gözəl ailə başçısı olduğunu vurğulayıb.

 

Reportajda İlham Əliyevin yürütdüyü inamlı siyasətin Odlar Yurdu Azərbaycanda və bütövlüklə regionda sülh, harmoniya, və əməkdaşlığın inkişafına xidmət etdiyini xüsusi qeyd edib: "Məhz buna görə də təəccüblü deyil ki, bu görkəmli lider "2013-cü ilin adamı" adına layiq görülüb. Bu münasibətlə bizlər onu təbrik edir, ona və bütün Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırırıq".

Sizin Reklam Yeriniz