news Image
2014.01.09
07:33
| A A A
Artan intiharlar yenə dəhşət saçır
Elnur Rüstəmov: "Bayramlar dönəmində intihar halları psixoloji dayanıqlığı zəif olan insanlarda baş verir" Azad İsazadə: "Son illər yeniyetmə qrupu arasında intihar hallarına görə, cavanlaşma prosesi gedir"

İntihar halları ölkəmizdə təəssüf ki, son illər artan xətt üzrə gedir. Hətta, intihara yol verənlər arasında gənclərin sayında da artımlar müşahidə olunur. Məsələn, üç gün əvvəl Bakının Suraxanı rayonu ərazisində 15 yaşlı gənc özünü yataq otağında asıb. Hadisə Əmircan qəsəbəsi, T.Əmirov küçəsində baş verib. Orada yaşayan 15 yaşlı Heybət Əziz oğlu Bağırovun asılmış meyidi yataq otağında tapılıb. Gəncin meyidini anası aşkarlayıb. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub. Yanvarın 5-də baş vermiş bir olay diqqəti Şamaxının Göylər kəndinə yönəltdi. Həmin gün kənd sakini, 11 yaşlı Pərvanə Səlimova evlərinin həyətindəki tövlədə özünü kəndirlə asmış vəziyyətdə tapılıb. Bir neçə gün əvvəl - dekabrın 30-da bu kənddə yaşayan 14 yaşlı Nuranə İsmayılovanın da özünü asaraq intihar etməsi xəbəri yayılmışdı. Bu qəbildən olan misalların sayını bir qədər də artırmaq mümkündür.

Belə halların artmasının nədən qaynaqlandığını ekspertlərlə dəyərləndirdik.

Psixoloq Elnur Rüstəmov bildirdi ki, intihar hallarının artmasının özəl səbəbləri var: "Psixoterapiyada loqoterapiya deyilən anlayış mövcuddur. Bu da gələcəklə bağlı bir terapiyadır. İnsanlar hər zaman öz gələcəyilə bağlı narahat olur. Onlar sabahının necə olacağı ilə bağlı fikirləşir. Belədə insanda narahatçılıq yaranır. Loqoterapiyanı yaradan məşhur psixoterapevt Viktor Frankl idi. Bu şəxs İkinci Dünya müharibəsində konslagerdə araşdırmalar aparıb. Nəticədə bəlli olub ki, bayram günlərindən sonra islam əmək düşərgələrində ölüm halları artır. O vaxta qədər isə belə hallar az müşahidə olunurdu. Nəticədə Franklın gəldiyi qənaət ondan ibarət olur ki, insanlar bayramdan sonra həyatlarının dəyişəcəyinə ümid etsələr də, bunun baş verməməsi onlarda ümidsizliyə və sonda intihara əl atmalarına gətirib çıxarıb. Beləliklə görürük ki, bayramdan sonra belə halların olması müəyyən psixoloji narahatçılıq keçirən insanların təzə həyata başlaya bilməmələrindən irəli gəlir. Nəticədə belə insanların bir qismi intihara əl atır. İnsanlar daxili potensiallarını ortaya qoysa, fəaliyyətdə olsalar, ümidlə yaşasa intihar halları da heçə enər. Ümid isə həmişə var, sadəcə, insanın ona inanması lazımdır. İntihar heç bir problemin həlli deyil. İntihar halları psixoloji dayanıqlığı zəif olan insanlarda baş verir. Bunun olmaması üçün özləri və yaxın ətrafının pozitiv olması vacibdir".

Digər ekspert Azad İsazadə isə daha dəhşətli fakt açıqladı. Belə ki, o intihara yol verən insanlar arasında cavanlaşma prosesinin getdiyini diqqətə çatdırdı: "İnsanlar arasında bildiyimiz kimi, ən böyük risk qrupu yeniyetmələrdir. Ən dəhşətlisi də odur ki, son illər yeniyetmə qrupu arasında intihar hallarına görə, cavanlaşma prosesi gedir. Belədə bir müddətdən sonra artıq təkcə yeniyetmə yox, uşaqlar arasında olan intihar hallarından da danışmalı olacağıq. Burada söhbət 11-12 yaşlı uşaqlardan gedir. İkinci böyük qrup isə 45-60 yaş arasında intihara yol verənlərlə bağlıdır. Onlar isə intihara daha çox sosial, maddi vəziyətin ağırlaşması, iş yerinin itirilməsi fonunda gedir. Yeniyetməlik dövrü isə maksimalist dövrüdür. Onlar üçün orta rəng yoxdur. Ya qara, ya da ağ olur. Hansısa uğursuzluq da insanda aldadıcı fikir formalaşdıra bilər ki, bununla həyat bitdi və bundan sonra yaşamağın mənası yoxdur. Bəzən ali məktəbə qəbul olunmayanlar, sevgilisilə ayrılanlar belə düşünürlər. Bu xaotik və bir qədər də şişirdilmiş problemdir. Bizim yaşdan baxanda belə hallar bir qədər şişirdilmiş gəlir. Amma gənclər üçün belə hallar cətin problem kimi görünür və bundan sonra bir çoxları yaşamaq istəmir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs