Əlaqə Arxiv
news Image
2012.06.01
16:19
| A A A
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

Movqe.az xəbər verir ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycan xalqı da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü böyük təntənə ilə qeyd edir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 27-də BMT-nin Uşaq hüquqları konvensiyasını imzalayıb. Həmin dövrdən başlayaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da hər il uşaqların Beynəlxalq Televiziya və Radio günü bayram edilir. Hər il iyun ayının 1-i isə respublikada Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunur.

Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var. Bu əlamətdar gün nəinki uşaqların ən çox sevdiyi gün eyni zamanda böyüklərə də uşaqların daim onların qayğısına ehtiyacları olduğunu və uşaqlar üçün məsuliyyət daşıdıqlarını xatırladan bir gündür. Bu gün dövlətimiz hər bir körpənin yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır.

 Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımların, Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Bakının Şüvəlan qəsəbəsindəki "Cırtdan" idman-sağlamlıq mərkəzində "Olimpiyaçılar aramızdadır" devizi altında idman yarışları keçiriləcəkdir. Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə reallaşacaq tədbirlərdə sağlam uşaqlarla yanaşı, müxtəlif kateqoriyadan olan əlil uşaqların da iştirakı nəzərdə tutulmuşdur. Yarışlara Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, "Aqva Vita", "Azəridizayn" və s. şirkətlərin kiçik heyətli komandaları da qoşulacaqlar.

Uşaqlar arasında "Olimpiya ümidləri" viktorinası da təşkil ediləcəkdir.

Sizin Reklam Yeriniz