Əlaqə Arxiv
news Image
2014.01.17
08:00
| A A A
Kommunal borcu olanlar banklardan kredit götürə bilməyəcək?!
Vüqar Bayramov: “Təklif etmişik ki, ABŞ-da olduğu kimi, Azərbaycanda da sosial təhlükəsizlik nömrəsi tətbiq olunsun” Natiq Cəfərli: “Yaxın gələcəkdə Azəbaycanda da kreditlərin verilməsində sərtləşməyə doğru addımlar atılacaq”

Rusiya Fedrasiyası bankların kredit şərtlərinə daha yeni bir sərtləşdirməni əlavə etməyə hazırlaşır. Belə ki, artıq bundan sonra bankdan kredit almaq istəyən şəxsin kommunal borcları barədə məlumat da şəxsin kredit tarixçəsinə əlavə olunacaq. Məqsəd problemli kreditlərin həcminin azaldılmasıdır.

Mütəxəssislər oxşar tələbin ölkəmizdə də tətbiq edilməsi fikrində yekdil deyillər. Ancaq Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını məsləhət görmür. Buna səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, inkişaf etmiş ölkələrdə vətəndaşın bütün öhdəlikləri elektronlaşdırılııb: "ABŞ-da vətəndaşların sosial təhlükəsizlik nömrəsi var. Bu, vətəndaşın elektron pasportu kimi də qiymətləndirilir. Hətta vətəndaş bankda hesab açan zaman belə sosial təhlükəsizlik nömrəsinə malik olmalıdır. Əgər vətəndaşın sosial təhlükəsizlik nömrəsi yoxdursa, bankda hər hansı bir əməliyyat apara bilməz. Sosial təhlükəsizlik nömrəsində vətəndaşın öz məlumatları, o cümlədən kommunal xidmətlər üzrə borcu və əks olunur. Banklar ora girib vətəndaşın ödəmə qabiliyyətini qiymətləndirə bilirlər. Azərbaycanda bankdan kredit götürmək istəyərkən Mərkəzi Bank tərəfindən elektron məlumat bölməsinə daxil olub həmin vətəndaşın digər banklara borcu olub-olmadığını müəyyənləşdirmək olur. Amma Azərbaycanda kredit götürən şəxsin bütün xidmətlər üzrə borcunun olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Ona görə öncədən də təklif etmişik ki, ABŞ-da olduğu kimi, Azərbaycanda da sosial təhlükəsizlik nömrəsi tətbiq olunsun. Vətəndaş kredit almaq üçün banka müracəit edən zaman sadəcə həmin nömrəni təqdim edir. Bank elektronlaşmış nömrəyə daxil olmaqla vətəndaşın ödəmə fəaliyyətini yoxlaya bilir. Hətta vətəndaşın məhkumluğu olub-olmaması barədə məlumatları də əldə edə bilir. O baxımdan Azərbaycanda da elektronlaşma sisteminin tətbiqini məqsədəuyğundur. Bu, bankların daha dolğun qərar qəbul etməsində köməklik etmiş olar. Bununla da banklar risklərini müəyyən qədər azaldarlar".

Digər iqtisadçı ekspert Natiq Cəfərli bu üsulu o qədər məqbul hesab etmir: "Avropada, ABŞ-da kredit tarixçəsi deyilən anlayış var. Kredit tarixçəsi yaxşı olan insanların banklardan kredit götürməsi daha asandır. Rusiyada tətbiq ediləcək bu qanun onu göstərir ki, orada son dövrlər problemli kreditlərin həcmi yüksəlib. Bir neçə bank bağlanıb və 5 bankın da bağlanması gündəmdədir. Azərbaycanda problemli kreditlərin həcmi ildən-ilə artır. Banklar bu işin üzərinə gedib həll etməyə çalışırlar. Bunun həll yolundan biri də kreditlərin verilməsində şərtlərin sərtləşdirilməsidir. Amma bizdə kredit faizləri yüksək olduğu üçün problemli kreditləri normal ödəniş qabiliyyətli müştərinin hesabına bağlaya bilirlər. Bu da istehlakçıların hüququnun pozulmasıdır. Odur ki, yaxın gələcəkdə Azəbaycanda da kreditlərin verilməsində sərtləşməyə doğru addımlar atılacaq. Çox güman ki, bu il ərzində bankların təmərküzləşməsi ilə rastlaşacağıq. Təmərküzləşmə prosesi getdikcə faiz dərəcələrini də aşağı salacaq. Bununla da problemli kreditlərin həcmi azala bilər. Kommunal borcların bu siyahıya əlavə edilib-edilməməsinə gəldikdə isə, önəmli məsələ həmin borcların həcmi ilə bağlıdır. Kredit verilərkən kommunal borcların hansı şərtlərlə önə çıxması maraq doğurur. Bu barədə konkret qərar qəbul etmək çətin olacaq. Bu yoldansa, kredit tarixçəsi yaxşı olan insanlarla işləməyə üstünlük versələr, daha yaxşı olar".

Sizin Reklam Yeriniz