news Image
2014.01.24
07:38
| A A A
Ukraynada soydaşlarımız üçün yaranan təhlükə
Vəfa Quluzadə: "Hər hansı bir ölkədə stabillik pozulursa, orada hamı üçün təhlükə yarana bilər" Elşən Manafov: "Radikallaşma tendensiyası oradakı azərbaycanlılar üçün də müəyyən çətinliklər yaşada bilər"

Leyla Əliyeva: "Bəzi ekstremist, şovinist qüvvələr bundan istifadə edərək soydaşlarımıza qarşı təhdidedici hallara yol verə bilərlər"

Məlum olduğu kimi, Ukraynada vəziyyət yenidən kəskinləşib. Qeyd edək ki, Ukraynada məlum gərgin vəziyyət ötən ilin noyabrından yaranıb. Keçən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra Kiyevdə davamlı etiraz aksiyaları keçirilir. Bu il yanvarın 15-dən Ukrayna paytaxtının mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan edən məhkəmə qərarı açıqlanıb.

Yanvarın 21-də isə Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran və internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar paketi dərc olunaraq qüvvəyə minib. Qanunlar Ukrayna parlamentində yanvarın 16-da qəbul olunub və müxalifətin kəskin müqaviməti ilə üzləşib. Yanvarın 19-dan paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələrinin toqquşması gedir. Asayiş keşikçiləri ilə etirazçılar arasında yaranan toqquşmalarda hətta, ölənlər də var. Son məlumatlara görə 5 nəfər həmin aksiyalar zamanı həlak olub. Bundan başqa çoxsaylı insan xəsarət alıb. Hazırda Kiyev şəhəri az qala müharibə meydanını xatırladır.

Qeyd edək ki, Ukranyada xeyli sayda azərbaycanlı yaşayır. Bəzi məlumatlata görə, orada təxminən yarım milyona qədər soydaşımız var. Heç şübhəsiz, bu ölkədə baş verən və kəskin qarşıdurma ilə müşayiət olunan hadisələr orada yaşayan soydaşlarımıza da müəyyən mənada təsir edə bilər. Bu mənada maraqlıdır, görəsən, Ukraynadakı olaylar oradakı soydaşlarımız üçün nə vəd edir?

Politoloq Vəfa Quluzadə "Mövqe"yə açıqlamasında qeyd etdi ki, hər hansı bir ölkədə stabillik pozulursa, orada hamı üçün, soydaşlarımıza, ukraynalıların özlərinə də təhlükə yarana bilər: "Bu, tamamilə açıq-aydın bir məsələdir. Belə olan halda oradakı soydaşlarımız özləri qərar verməlidir. Onlar bu şəraitdə salamat qalıb-qala bilməyəcəklərini götür-qoy edərək düşünməlidirlər. Bunun əsasında da qərar verməlidirlər. Orada yaşayan soydaşlarımız hər şeyi gözlərilə görürlər. Bu səbəbdən də hadisələrin gedişindən asılı olaraq qərarı özləri verəcək və bizim onlara heç bir köməyimiz dəyə bilməz".

Politoloq Elşən Manafov isə bildirdi ki, Ukraynadakı prosesin iştirakçısı olmayan soydaşlarımıza qarşı hər hansı bir təhlükə gözlənilə bilməz: "Ukraynada da Azərbaycan icması var. Məlumatıma görə, hazırda bu ölkədə 400 mindən yuxarı soydaşımız yaşayır. Həmin vətəndaşlarımız və ya Ukrayna vətəndaşı olan soydaşlarımız bilavasitə baş verən hadisələrin iştirakçısı deyilsə, onların şəxsi həyatı və mülklərinə hər hansı bir təhlükənin ola biləcəyini düşünmürəm.

Azərbaycanla Ukrayna arasında özünəməxsus əlaqələr olub. Bütövlükdə güman etmirəm ki, Ukraynada cərəyan edən hadisələr orada yaşayan soydaşlarımıza hansısa mənfi mənada təsir göstərsin. Amma bütün hallarda onlar öz təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Baş verən hadisələrin və burada bəzi soydaşlarımızın da iştirakı ehtimalının Kiyevlə rəsmi Bakı arasında mənfi münasibətlərə gətirib çıxara biləcəyini də güman etmirəm. Güman edirəm ki, yaxın zamanlarda Ukrayna hakimiyyəti ictimai sabitliyi təmin edərək buradakı destruktuv qüvvələrin səylərinin qarşısını alacaq. Sabitliyin təmin olunması şəraitində də oradakı soydaşlarımız üçün də ciddi problemlər yaşanmayacaq. Amma hadisələr radikallaşarsa, Ukraynanın parçalanma ehtimalı da güclənəcək və radikallaşma tendensiyası oradakı azərbaycanlılar üçün də müəyyən çətinliklər yaşada bilər".

Politoloq Leyla Əliyeva baş verən hadisələr fonunda oradakı soydaşlarımız üçün hər hansı bir təhlükənin ola biləcəyini zənn etmir: "Hazırda Ukraynada hadisələr qarşıdurmanın artması istiqamətində cərəyan edir. Qarşıdurmanın artması isə istər-istəməz orada yaşayan soydaşlarımıza da müəyyən dərəcədə öz təsirini göstərə bilər. Məsələn, tərəflərdən hər hansı birinə qoşulan azərbaycanlılar varsa, bəzi ekstremist, şovinist qüvvələr bundan istifadə edərək soydaşlarımıza qarşı təhdidedici hallara yol verə bilərlər. Hətta qoşulmasalar belə, şovinist təmayüllülər fürsətdən istifadə edib miqrantlara, o cümlədən azərbaycanlılara qarşı hərəkətə keçə bilərlər. Belə ki, adətən qatı şovinistlər məhz ölkədə cərəyan edən bu kimi hadisələrdən "bəhrələnməyə" çalışaraq, gəlmələrə qarşı ən çirkin addımlara getmək üçün fürsət əldə edirlər. Amma bununla belə düşünmürəm ki, Ukraynada baş verən hadisələr oradakı soydaşlarımıza hansısa bir formada öz mənfi təsirini göstərsin. Hər halda, Ukrayna Rusiya deyil və burada şovinist, gəlmələri sevməyən qüvvələr elə də çox deyil. Lakin bununla belə, hər halda soydaşlarımızın ehtiyatlı olması vacibdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs