news Image
2014.01.29
07:10
| A A A
Ağır texnika cəbhə zonasına yeridilə bilər
Üzeyir Cəfərov: “Cəbhə xəttindəki gərgin vəziyyət bir müddətdən sonra gah səngiyəcək, gah da artacaq” Tərlan Eyvazov: “Əgər cəbhəyə yardıma ehtiyac olarsa, tankların ön cəbhəyə getməsi uzun zaman çəkməz”

Cəbhə xəttində yanvarın 20-dən başlanan gərginlik hələ də davam etməkdədir. Belə ki, Ermənistanın hərbi-siyasi rejimi son 7 gün ərzində atəşkəsi 934 dəfə pozub. Artıq Azərbaycanın rəsmiləri tərəfindən müharibə anonsları da verilib. Prezident Administrasiyası rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirir: "Müharibə istisna deyil".

O, Ermənistanın cəhbə bölgəsində, qoşunların təmas xəttində törətdiyi son hadisələri şərh edərkən bunu "təxribat" adlandırıb və müharibənin başlaması ehtimalını nəzəri baxımdan istisna etmədiyini deyib.

Novruz Məmmədov müharibənin başlama ehtimalını da istisna etməyib: "Əlbəttə, biz sülh tərəfdarıyıq, amma erməni tərəfinin təxribatlarını da cavabsız qoymayacağıq. Ola bilər ki, Ermənistan rəhbərliyi belə təxribatçı əməllərlə özünə təsəlli və təskinlik verir, amma onların bu cəhdləri əbəsdir".

Bir neçə gün əvvəl isə Azərbaycan qırıcılarını cəbhə səmasına qaldırılmışdı. Bu fonda ağır artilleriyanın, tank qoşunlarının da cəbhəyə yeridilməsi gündəmə gəlir.

Ancaq hərbçi ekspertlər hələlik buna o qədər lüzum olmadığını bildirirlər. Məsələn, ehtiyatda olan polkonvik-leytenant Üzeyir Cəfərov bildirir ki, əslində cəbhədə elə də bir ciddi məsələ yoxdur: "Sadəcə, bir neçə hərbi hissənin dislokasiya yerində dəyişiklilər aparıldı. Amma ciddi nəsə yoxdur. Bütün baş verənlərə rəğmən, cəbhədə atışmalar davam etsə də, heç bir narahatçılıq yoxdur. Onsuz da cəbhədə gərginlik hər zaman olub. Bunlardan da qat-qat artıq atəşkəsin pozulduğu anlar olub. İndiyə qədər Naxçıvan da daxil olmaqla cəbhənin bütün istiqamətlərində mövqelərimiz həmişə atəşə tutulub. Göründüyü kimi, hələlik heç bir tərəfdən ciddi itkilər yoxdur. Ona görə də cəbhə xəttindəki gərgin vəziyyət bir müddətdən sonra gah səngiyəcək, gah da artacaq. Odur ki, cəbhə xəttinə ağır texnikanın cəmləşdirilməsinə lüzum yoxdur. Hətta, bu yaxınlarda - vəziyyətin gərgin olduğu bir məqamda Gürcüstan silahlı qüvvələrinin təliminin görüntüləri yayıldı. Guya, Azərbaycan Ermənistan ərazisini artilleriya atəşinə tutur. Belə bir hadisə olsaydı, bütün xristian təəssübkeşliyi çəkən dövlətlər Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edərdilər. Azərbaycan siyasi-hərbi rəhbərliyi də o qədər sadəlövh deyillər ki, belə bir addım atsınlar. Hətta, artilleriyadan istifadə edilsə, bu, Ermənistan ərazisində yox, Qarabağda istifadə olunacaq. Ermənistanın istəyi odur ki, Azərbaycanı təxribata sövq etsin. Amma bir Azərbaycan əskərinin Ermənistan ərazisində görünməsi, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həm də digər qurumlar üçün bəhanə olacaq".

Digər hərbçi ekspert Tərlan Eyvazov bildirir ki, son vaxtlar tankların cəbhə bölgəsinə cəmləşməsi xəbərləri yayılıb: "Amma bu xəbərləri şişirdilmiş kimi dəyərləndirirəm. Ona görə ki, istər cəbhə bölgəsində, istərsə də arxada hərbi hissələr öz funksiyalarını öz təyinatları üzrə yerinə yetirirlər. Ağır artilleriyanın cəbhəyə yerildilməsinə lüzum yoxdur. Həm də, Azərbaycan o qədər böyük yer deyil. Əgər cəbhəyə yardım ehtiyacı olarsa, tankların ön cəbhəyə getməsi uzun zaman çəkməz. Hələ müharibə vaxtından hərbi hissələrimiz lazimi yerlərində yerləşiblər. Cəbhə xəttindən o qədər də uzaqda deyillər. Bura tək tankları yox, hava, quru və digər qoşunları əlavə edə bilərik. Əgər hansısa gərginlik yaranarsa, onların ön cəbhəyə aparılması o qədər vaxt tələb etməyəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs