Əlaqə Arxiv
news Image
2014.01.30
07:30
| A A A
Azərbaycan xaricdən daha çox benzin alacaq
İlham Şaban: "Ölkəmizə xaricdən benzin idxalı birmənalı şəkildə artacaq" Samir Əliyev: "Bazar yenə də əsasən daxili imkanlar hesabına təmin olunmaqda davam edəcək"

Bu günə qədər Azərbaycana xaricdən yanacaq çox az miqdarda gətirilirdi. Ölkənin benzinə olan ehtiyacı əsas etibarı ilə daxili isthesal hesabına ödənilir. Yalnız Aİ-98 marklaı benzin idxal olunur.

Belə bir vaxtda Aİ-92 və Aİ-95 markalı benzinlərin idxalına qoyulan gömrük rüsumu aradan qaldırılıb. Nazirlər Kabinetinin qərarı ilə Aİ-92 və Aİ-95 oktan ədədli mühərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rusumundan azad edilib. Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb.

Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.

Bu addımı həm də ölkəyə gətirilən avtomobillərin sayının sürətlə artması ilə də əlaqələndirirlər. Hesab olunur ki, hazırda ölkəyə gətirilən avtomobillərin artım tempi benzin istehsalının artım sürətini əhəmiyyətli dərəcədə qabaqlayır. Ona görə də benzinin çatışmayan hissəsinin idxal hesabına aradan qaldırılması gündəmə gəlir. İndi maraqlıdır, rüsumların götürülməsi Aİ-92 və Aİ-95 markalı benzinlərin idxalı prosesini sürətləndirə bilərmi?

Ekspert İlham Şaban bildirdi ki, benzin idxalının artması birmənalı şəkildə baş verəcək: "Hökumətin bu sərəncamı əslində, Azərbaycana 2014-cü ilin birinci yarısından başlayaraq rəsmi sürətdə benzin idxalına şərait yaradır. Benzin idxalına şəraitin yaradılması isə onunla əlaqədardır ki, Azərbaycanın daxili bazarında yanacaqla təmin olunma məsələsində artıq müəyyən gərginlik hiss olunur. Bu gərginliyin aradan qaldırılması üçün də hökumət yanacağın idxalına qoyulan gömrük rüsumunu götürməyə məcbur olub. Yəni Azərbaycan öz daxili bazarını stabil şəkildə təmin etmək üçün benzin idxalçısına çevrilir. Belədə isə aydın məsələdir ki, ölkəmizə xaricdən həmin markalardan olan benzin idxalı birmənalı şəkildə artacaq".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də düşünür ki, gömrük rüsumunun götürülməsilə benzin idxalında müəyyən qədər artımlar baş verəcək. Amma bununla belə yenə də ölkə bazarında daxili istehsal dominantlıq edəcək: "Benzin idxalına qoyulan gömrük rüsumunun aradan qaldırılmasının kökündə son dövrlər ölkəmizdə benzin istehlakının artması dayanır. Avtomobillərin sayının artması şəraitində benzin istehlakı bunu qarşılaya bilmir. İndiki halda proses başabaş təmin olunur. Amma yaxın dövrdə indi mövcud olan 1,3 milyon avtomobilə əlavə olaraq daha 100 min maşın gətirilərsə, benzinlə bağlı Azərbaycan idxalçı ölkəyə çevrilə bilər. Yerli neftayırma zavodunun benzin emalını təmin etməyə imkanı catmır. Hətta, səslənən fikirlərə görə apreldə neftayırma zavodu 1 aylığa təmirə bağlanacaq. Bu fonda da benzinin idxalında artımların olması qaçılmazdır. Benzin idxalının artmasının daxili istehsala təsirinə gəldikdə, bu ilk növbədə gətirilən yanacağın keyfiyyətinin necə olmasından asılı olacaq. Lakin düşünmürəm ki, bu zaman yerli məhsulla gətirilən benzin arasında rəqabət şəraiti olsun. İdxal olunan benzin o qədər də çox olmayacaq ki, daxili istehsalla hansısa bir rəqabət mühiti yaratmaq gücündə olsun. Zənnimcə, benzin idxalında müəyyən artımlar olsa da, hazırkı vəziyyətdə elə bir əsaslı dəyişiklik olmayacaq. Bazar yenə də əsasən, daxili imkanlar hesabına təmin olunmaqda davam edəcək".

Sizin Reklam Yeriniz