news Image
2012.06.05
21:18
| A A A
Azərbaycan ordusunun Ermənistan üzərində əzici hərbi üstünlüyü yenidən təsdiq olundu
Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun «Hərbi Balans 2012» adlı növbəti hesabatı bu barədə maraqlı faktları üzə çıxardı

Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu "Hərbi Balans 2012" adlı növbəti hesabatını yayıb. Sənəddə qeyd edilir ki, son illər ilk dəfədir ki, Asiya ölkələrinin keçənilki müdafiə xərcləri Avropa dövlətlərini keçir. Sənədə görə Asiya ölkələri keçən il hərbi sahəyə xərclərini 3.15 faiz artırıblar. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın hərbi xərcləri ümumilikdə regionun bütün müdafiə xərclərinin 80 faizini təşkil edib.

171 ölkədə vəziyyətdən bəhs edən hesabatda qeyd edilir ki, Azərbaycan silahlı qüvvələri sovet modelindən çıxmaqda uğurlar əldə edib. Amma avadanlıqlarla təchizat sarıdan hələ qeyri-müəyyənlik var: "S-300 sistemləri də alınıb. Hesabatda yazılır ki, Azərbaycanda ordu çağırışçılar hesabına formalaşdırılır. Ehtiyatda olan polkovnik, keçmiş briqada komandiri İldırım Məmmədov deyir ki, Azərbaycan aldığı yeni silahların istifadəsini elə onu satan ölkələrdən öyrənir: "Mən özüm bu yaxınlarda şahidi oldum ki, Rusiyada çağırışçılar vurma cədvəlini bilmirdilər. Yəni, Ermənistanda da, Gürcüstanda da, lap elə Rusiyada da bu problem var. Azərbaycan da aldığı yeni silahlardan istifadəni öyrənmək üçün təlimçilərə də pul ödəyir".

Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan ordusu haqqında sənəddə deyilir ki, bu ölkənin hərbi doktrinasında Rusiyanın təsiri çox güclü olsa da ölkə beynəlxalq sülhyaratma missiyalarında NATO ilə əməkdaşlıq edir: "Hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir. Amma Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından yardım ala bilir".

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hesabatında yalnız Ermənistan Respublikasının hərbi imkanları haqqında məlumat verilir. Qarabağdakı erməni qüvvələrinin nələrə sahib olduqları bildirilmir.

"Hərbi Balans 2012" hesabatında Azərbaycan və Ermənistan orduları haqqında verilən məlumatın xülasəsi isə ordumuzun ermənilər üzərində böyük üstünlüyə malik olduğunu göstərir. Qeyd olunur ki, 2011 və 2012-ci illərdə müdafiə büdcəsi Azərbaycanda müvafiq olaraq 1.3 və 1.4 milyard manat, Ermənistanda isə 300 və 312 milyon manat təşkil edib. Azərbaycan NATO ilə müdafiə sahəsində əməkdaşlıq edir, xüsusilə Türkiyə ilə sıx əlaqələri var. ABŞ-ın yardımları ilə də Xəzərdə hərbi-dəniz qüvvələrinin imkanlarını genişləndirir.

Qeyd olunur ki, Azərbaycanda ordunu şəxsi heyəti 66 940 (quru qoşunları 56 840, hərbi dəniz qüvvələri 2 200, hərbi-hava qüvvələri 7 900), Ermənistanda isə 48 834 nəfərdir (quru qoşunları 45 846, hərbi-hava qüvvələri 2 988). Yarımhərbi qüvvələr ölkələr üzrə müvafiq olaraq 15 000 və 6 694 nəfərdir. Ehtiyat qüvvələri Azərbaycanda bəzi məlumatlara görə, 300 min nəfərdir və onlar 15 il ərzində hərbi xidmətə yararlıdır. Ermənistanda isə belə qüvvələrin sayı 200 mindir. Azərbaycanda quru qoşunları 56 840 nəfərdir. Buraya 5 korpus baş qərargahı, mexanikləşdirilmiş 23 briqada və 1 təhlükəsizlik briqadası, rabitə, mühəndis, təlim də daxil olmaqla 6 artilleriya briqadası, 1 təchizat briqadası daxildir. Ermənistanda isə quru qoşunları 48 834 nəfərdir. Texnikaya gəlincə, Azərbaycanda əsas döyüş tankları 339, Ermənistanda 110, piyadaların döyüş maşını müvafiq olaraq 111 və 104, zirehli nəqliyyat vasitəsi müvafiq olaraq 357 və 136, artilleriya qurğusu 458 və 239-dur. Bundan başqa, Azərbaycan ordusunun ixtiyarında anti-tank, raket, hava hücumundan müdafiə qurğuları, raketlər, radarlar və s. də var. Hərbi-dəniz qüvvələri Ermənistandan fərqli olaraq Azərbaycanda var.

Hərbi-hava qüvvələrinin şəxsi heyətinin sayı müvafiq olaraq 7 900 və 2 988 nəfərdir. Azərbaycanda "MiG-29" təyyarələri ilə 1 eskadrilya var. Quru hücumunu "MiG-21", "Su-17" və başqa təyyarələrlə silahlı 1 alay həyata keçirir. Nəqliyyat işinə isə "An-12", "Yak-40" təyyarələri ilə 1 eskadrilya baxır. Ermənistanda isə "Su-25" təyyarələri ilə silahlı 1 eskadrilya mövcuddur. Hücum və nəqliyyat vertolyotlarına gəlincə, Azərbaycanda "Mi-8", "Mi-24" , "Mi-2" vertolyotları ilə 1 alay mövcuddur. Ermənistan haqda isə heç bir məlumat verilmir. Azərbaycanda 44 döyüş qabiliyyətli təyyarə, Ermənistanda isə 16 döyüş qabiliyyətli təyyarə var. Vertolyotların sayı müvafiq olaraq 66 və 33-dür. Bundan başqa, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi hava qüvvələrinin ehtiyatında pilotsuz təyyarələr, yer-hava tipli raketlər, hava hücumundan müdafiə qurğuları və s var.

Bütün bunlar bir daha Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlüyə malik olduğunu göstərir.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs